Yaponiyanın “FEC news” qəzetində Azərbaycan səfirinin Ermənistanın təcavüzkarlığından bəhs edən müsahibəsi dərc olunub

Yaponiyanın nüfuzlu “The International Friendship Exchange Council” (FEC) təşkilatının aylıq “FEC news” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc edilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, yapon və ingilis dillərində yayılan müsahibədə səfir Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu münaqişənin tarixi 1988-ci ildən başlayır. O zaman Dağlıq Qarabağda yaşayan erməni separatçıları regionun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələbi ilə çıxış ediblər. Keçmiş SSRİ-nin dağılması ərəfəsinə təsadüf edən hadisələr zamanı yaranmış xaosdan istifadə edən və xarici havadarlarına arxalanan Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayon işğal edib. Həmin vaxt baş verən müharibə nəticəsində 30 min azərbaycanlı həyatını itirib, bir milyonu isə qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçı siyasətini dəfələrlə pisləyib və Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb ediblər. Tərəflər arasında 1994-cü ildə atəşkəs rejimi barədə razılığın imzalanmasına baxmayaraq, Ermənistan mütəmadi olaraq atəşkəsi pozub və əsasən dinc əhalinin yerləşdiyi yaşayış məntəqələrini hədəfə alıb.
İki dövlət arasında baş verən son hadisələrə diqqət yönəldən səfir bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini və əsasən mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirməyə başlayıb. Nəticədə müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərin xeyli hissəsini düşmən tapdağından azad edib.
Müsahibədə Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərə də xüsusi diqqət yetirilib. Qeyd edilib ki, iki dost ölkə arasında əlaqələr ümumi maraqlar, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. İki ölkə arasındakı dostluq münasibətləri və iqtisadi əməkdaşlıq davamlı şəkildə inkişaf edir. Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladan səfir həmin faktorların əməkdaşlığımız üçün yaxşı zəmin yaratdığını bildirib. Qeyd edib ki, Yaponiya şirkətləri Azərbaycanda həyata keçirilin irimiqyaslı enerji layihələrində fəal iştirak edir. İki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanın “Silkway West" yükdaşıma şirkəti Yaponiyada fəaliyyətini genişləndirir və Osaka şəhərindən müntəzəm olaraq uçuşlarını davam etdirir.
Səfir, həmçinin bildirib ki, Azərbaycan və Yaponiya arasında kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur. Yaponiyanın orta və kiçik biznes şirkətləri üçün Azərbaycanın sənaye parklarında, Ələt Azad Ticarət Zonasında, Bakı limanında əməkdaşlıq qurmaq üçün çox yaxşı imkanlar mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı mübarizə, iqtisadi sabitliyi qorumaq üçün atılan vacib addımlar haqqında da müsahibədə ətraflı məlumat verilib. Dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyatı və sağlamlığına önəm verdiyi vurğulanıb. Azərbaycanın COVID-19-a qarşı mübarizədə qlobal səviyyədə yüksək töhfələr verdiyi qeyd edilib.

Xudaferin.eu

12:57