Yaponiyada növbəti maliyyə ili üçün büdcə sorğuları 915 milyard dolları ötəcək

 

Yaponiyanın nazirlik və idarələri 2018-ci ilin aprelində başlayacaq növbəti maliyyə ili üçün büdcə sorğularını təqdim etməyə hazırdır. İctimai təhlükəsizliyin təmin olunması və müdafiə xərclərinin maksimum artdığı şəraitdə büdcə xərclərinin ümumilikdə 101 trilyon yen (təqribən 915 milyard dollar) təşkil edəcəyi gözlənilir.

Dördüncü ildir ki, Yaponiyada illik büdcənin ümumi məbləği 100 trilyon yen həddini aşır.

Səhiyyə, Əmək və Sosial İnkişaf Nazirliyi 280 milyard dollar vəsait üçün sorğu verəcəyini bildirib. Yaponiyada əhalinin qocalmasının davam edəcəyi nəzərə alınaraq səhiyyə, xidmətlər üçün məsrəflər və pensiyaların ödənişi ilə bağlı xərclərin artacağı gözlənilir.

Müdafiə Nazirliyi rekord miqdarda, yəni 47 milyard dollar həcmində büdcə vəsaiti sifariş edəcək. Buraya Şimali Koreyanın raket sınaqlarından yaranan təhlükə ilə əlaqədar ölkənin hava hücumundan müdafiə sistemini gücləndirmək üçün yeni avadanlığın alınması da daxildir. Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi 60 milyard dollar məbləğində büdcə vəsaiti almağı planlaşdırır. Cari ildə baş verən leysan yağışlarla əlaqədar nazirlik təbii fəlakətlərə qarşı hazırlığı yüksəltmək üçün ictimai layihələrə ayırmaları artırmaq niyyətindədir. Sorğuların Maliyyə Nazirliyinə göndəriləcəyi bildirilir. Yaponiyanın 9 trilyon dollar məbləğində borclarını nəzərə alan nazirlik, yəqin ki, xərcləri azaltmaq məcburiyyətində qalacaq.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

10:04