Yaponiya İmperatoru Akihito taxt-tacı sağlığında təhvil verəcək

 

 

Son iki əsrdə ilk dəfə olaraq, Yaponiya İmperatoruna taxt-tacdan sağlığında getməyə icazə verildi.

NHK telekanalının yaydığı məlumatda bildirilir ki, ölkə parlamenti bununla əlaqədar qanun qəbul edib. Həmin qanun yalnız İmperator Akihitoya şamil edilib. Qanun layihəsi iyunun 9-da parlamentin yuxarı palatasının deputatları onun qəbuluna səs verdikdən sonra qüvvəyə minib.

Ötən ilin avqustunda İmperator yaşının çoxluğu ilə əlaqədar vəzifələrinin öhdəsindən gələ bilməyəcəyi ilə bağlı narahatlığını bildirmişdi. Hazırda onun 83 yaşı var. Yeni qanuna əsasən o, taxt-tacı böyük oğlu, vəliəhd-şahzadə Naruhitoya təhvil verə biləcək.

Yaponiya hökuməti İmperatorun taxtdan imtina edəcəyi tarixi dəqiqləşdirəcək. Qanuna görə bu, qarşıdakı üç il ərzində baş verə bilər.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

10:51