Yalvarma Ata...

XOCALININ HÜZNÜNƏ ŞƏRİK OLMAQ ÜÇÜN YAZDIM ..

                   YALVARMA , ATA YALVARMA , QOY BAŞIMI KƏSSİN !

                Amma hadisə Xocalıda baş verməyib ...Goranboyun Tapqaraqoyunlu kəndində bizim uzaq qohumlarımızın başına gəlmiş fəlakətdir .. Sarı babanın oğlu Şiraslanın başına gələnlər .. Bu , böyük bir yazı olacaq , indi bir parçasını təqdim edirəm ..

         1992 -ci il !     Şiraslan xəbər tutdu ki , bir sürü qoyununu oğurlayıblar ..Ora -bura axtarış , soraq ..Bir xəbər çıxmadı .. Əllərini üzdülər...Getdilər kartof sahələrinə ..iki oğlu da yanında idi ..biri nişanlı , biri doqquzuncu sinifdə .. Qəflətən erməni silahlılar peyda oldu ..və əsirlik -cəhənnəm həyatı başladı ..Zəncirə vurubmuşlar ..Sən demə elə qoyunları da ermənilər aparıbmış , tanıdılar qoyunlarını ..
       
               Şiraslanı atın quyruğuna bağlayıb Talış meşəsində sürüdülər , dedilər , de ki , Qarabağ ermənindir ..O da demirmiş ..oğullarını da həmçinin ..Şiraslanın bütün dişləri qızıl idi , hamısını çəkiblər , Qarabağ erməninindir demədikcə ..Əzablardan çox yazmayım ..sonra geniş yazacağam ..
              
           Son anda kiçik oğlunu yıxıb yerə başını kəsmək istəyiblər , Şiraslan yalvarıb ...Yalvarıb ki , əvvəlcə mənim başımı kəsin .. Bıçaq boğazında oğlu qışqırıb ki , yalvarma , ata , sən Aslan deyilsənmi , erməniyə yalvarma , üzünü çevir, qoy başımı kəssin ! Təki erməninin qabağında diz çökmə ..Bunları mənə danışanda , dedim ki , bu qandan gəlmədir -türk qanından .Dədə Qorqudda Uruzu xatırlatdı --Sakın , ana ! Mən olmasam da olar ..Ağca qoyunlar olan yerdə bir quzusu olmazmı olur .. Sürü -sürü dəvələr olan yerdə bir köşəyi olmazmı olur .... Mənim qaraqovurma ətimdən hamı bir tikə yesə , sən iki tikə ye ..Səni tanımasınlar , atam Qazan namusuna toxunmasınlar !..
                     Şiraslanın oğlu da Uruz olmalı idi ..( Qırx dörd günün URUZLARI ! ...) Niyəsə , erməni uşağın başını kəsmir , çünki onları əsir alverindən gələn qazanc düşündürürdü ..

                Arxada isə gücü çatan , imkanı olan onları qurtarmağa çalışırdı .. Mənim qohumlarımdan iki nəfər də işə qoşulmuşdu .. Bacımın əri erməni əsir axtarırdı .. Tapdı ..Bir Xocalı ailəsində bir azyaşlı   qız olduğunu öyrəndi ..Dəfələrlə ona minnət etdilər ..Nəhayət ,pul qarşılığında qızı aldılar , çünki Qırmızı Körpüdə əsir dəyişənlər deyib ki , bir erməni qadın ekiztayı qızını istəyir ..Bura yazmıram necə çətiliklərdən keçiblər .. Sonra yazacağam ..

               Şiraslanın bacısı Səlminaz xanım Gəncə APİ -də professor idi ..Belə bacı az -az tapılar ...Sual veriblər ki , qardaşını istəyirsən yoxsa oğullarını ...Deyib qardaşımı ..Allah rəhmət eləsin bunun üstündə çox tənə etdilər ..Dedi ki qardaşımı azad etdim ki , mənimlə birlikdə o biriləri də azad edək ..Qızıla dəyişmişdi .. Görüb ki qardaşının ağzında bir dənə də diş qalmayıb ..diş həkiminə deyib ki , al , bu qızıl , bu da pul 3 günə qardaşıma qızıl dişlər düzəlt ..

                 Balaca oğlanı həmin erməni qızla dəyişdilər .. Daha sonra başqa bir erməni kişi ilə böyük oğlanı dəyişdilər ..

                  Amma heyif ..heyif ! Şiraslan kəndə gələndə görür Tapqaraqoyunluda , demək olar ki , adam qalmayıb ..Gedir icra başçısından xahiş edir ki , mənə kömək edin , kəndi özümüz qoruyaq ..Və uzun müddət kənddə böyük qüvvə yaradır və müdafiə olunurlar ..Amma sən saydığını say ..Kənd idarəsinin qabağında Kəpənəkçidən olan bir könüllü ilə danışırmış .. Erməninin atdığı top hər ikisini məhv edir ..S.Vurğun demiş ,-Nə deyim , nə deyim tale yazana ! .. O ailədə yeganə adam kimi adam idin ! ..Məkanın cənnət olsun ! ..

Bəsti İsmayıl
Xudaferin.eu

13:26