“Xüms-zəkat” qutu oğruları və Moskva

 

Rusiya Federasiyasının paytaxtında yaşayan soydaşlarımızla bağlı iki məscid fəaliyyət göstərir. Bunlar Otradnoe rayonundakı “İnam” məscidi və Altufev şossesindəki “Moskva İslam Mərkəzi” adlı qurumdan ibarətdir. 1990-cı illərin ortalarında eks prezident Ayaz Mütəlibovun təşəbbüsü ilə “İnam” məscidi inşa edilib. Beləliklə Moskvada ilk dəfə mömin müsəlman əhalisi arasında təriqət-məzhəb ayrılığının təməli qoyulub. Guya onun təşəbbüsü ilə tikilən məscid soydaşlarımıza xidmət edəcəkdi. Digər dini mərkəz isə, İranmolla rejimi tərəfindən yaradılıb. Prosesin belə bir axarla davam etməsi nəticəsində Moskvada yaşayan inanclı soydaşlarımız iki problemlə üz-üzə qalıblar. Bu, həm də inanc və dini mərasimlərin həyata keçrilməsində əlavə problemlərə səbəb olub.

 

Dinə və inanca simbioz yanaşım

Otradnoe rayonundakı “İnam” məscidi ətrafında uzun illərdir mübahisələr bitib-tükənməkbilmir. Azərbaycandan Rusiya paytaxtına köçüb gələnlər arasında dini məsələlərlə bağlıhegemonluq etmək, sadə insanların inanclarından sui-istifadə edərək sərvət sahibi olmaq istəyənlər az deyil. On il bu məscidi idarə etmiş və əslən Hacıqabul rayonunun Rəncbər kəndindən olan Baloğlan Salmanov həqiqətən də soydaşlarımız arasında dini baxımdan böyük nüfuza malik idi. O, xəstələndikdən sonra, əsil mərəkə başladı. Belə ki,məscidə dini qaydalara əsasən soydaşlarımızın verdiyi xüms-zəkat və ianə yardımları anındaca oğurlanması kimi müdhiş olaylarla müşahidə edildi. Hətta məscidin xadiməsi də tozsoranla “ianə qutusu”ndan istədiyi miqdarda pul çırpışdırırdı. Çünki, düz gözünün qarşısında onun özündən daha çox pul oğurlayanların əməllərinin canlı şahidi idi. İctimaibaxımdan dörd qrup məsciddə aparıcı gücə çevrilməklə burada durumu nəzarətə almaquğrunda mübarizə aparırlar. Ona görə də “İnam” məscidinin yerləşdiyi ərazinin qanuni sahibi, milliyyətcə tatar Rəşid Bəyazitov bu məsələdə fərqli mövqe tutur. Onun fikrincə məscidə gəlir mənbəyi kimi baxılmamalıdır. Məsciddən istifadəyə və xüms-zəkat sayəsində əldə olunan maddi imkanlara görə icarə haqqı ödənilməlidir. O, bildirir ki, vaxtilə icarə haqqı məsələsində problemlər yaşanılmayıb. Çünki, Baloğlan Salmanov hesab-kitab məsələsinə sadiq idi. Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Musa Qurbanov və Nizami Baloğlanov adlı iki şəxs vaxtilə İran İslam Respublikasının Qum şəhərində təhsil alıblar. Onlar Bakıya döndükdən sonra, AİP-in (Azərbaycan İslam Partiyası) fəalı kimi tanınıblar. AİP-in bəzi üzvlərinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun dəyişdirilməsi təşəbbüslərinə görə onlar həbs olunduqdan sonra, bir çox üzvləri Moskvaya üz tutublar. Bu növ insanlar Rusiya paytaxtında yaşayan soydaşlarımızın dini inanclarını istismar etmək kimi siyasət yürütməyə girişiblər. Ona görə də, “İnam” Məscidi ətrafında uzun-uzadı mübahisələr yaranıb. Əsas problem təbii olaraq “yorğan” məsələsidir. Yəni “xüms-zəkat”a kim nəzarət edəcək? Musa Qurbanov və Nizami Baloğlanov insanların dini baxımdan bilgisizliyindən sui-istifadə edərək, çirkin əməllərinə dini don geyindirmək üzrəzəmanəmizin “Şey Nəsrullah”ına çevriliblər. Sanki bu missiya üçün Moskvaya üz tutublar. Hətta bu iki şəxsin qrupunda təmsil olunanlar “nəzir qutusu”nu belə, dəfələrlə oğurlayıblar. Burada əsas prinsip isə: “Kim daha tez irəli düşdü” anlamına söykənib.

“Moskva İslam Mərkəzi”Altufev şossesi, 79a, s3 ünvanında yerləşən dini mərkəz demək olar ki, İran İslam Respublikasının inhisarındadır. Mərkəzin rəhbəri höccətülislam və əl-müslimin Əkbəri Ciddi adlı bir din xadimidir. Ancaq, onun da öz rəhbəri var. Bu, vaxtilə Azərbaycan Respublikasında İrandakı “vilayəti fəqih”in, yəni “dünya müsəlmanlarının lideri”nin xüsusi nümayəndəsi statusu ilə fəaliyyət göstərmiş höccətül islam və əl-müslimin İbadulla Ocaqnəjad indi də “Rusiya şiə müsəlmanları” anlayışını inkişaf etdirmək üçün Moskvada fəaliyyət göstərir. İranın bu mərkəzi açmaqda digər məqsədi Moskvada və vilayətdə yaşayan soydaşlarımızın dini inanclarını istismar etməkdir. Onların arasında “İran molla rejimi” anlayışını formalaşdırmaqdır. Bu məqsədlə bir sıra təsisatlar yaradıb. “Kövsər Təhsil Düşərgəsi” elə bu məqsədlə fəaliyyət göstərir. Burada 6-15 yaşlarında olan yeni nəslə dini təhsil vermək adı altında “beyinyuma” siyasəti yürüdülür. Sırf “İran islamı” ideologiyası istiqaməıtində təhsil proqramları üzrə dərslər keçirilir. Dini ədəbiyyatların çapı üzrə nəşriyyatlar yaradılıb. Burada çap olunan kitablar bazarlarda asanlıqla soydaşlarımız arasında satılır. Mərkəzin digər funksiyası dini mərasimlərin və ayinlərin icrasında soydaşlarımızı digər müsəlmanlardan “məzhəb-təriqət” məsələsində ayrı tutmaqdır. Beləliklə dini inanc baxımından soydaşlarımızla digər müsəlman icmalarıarasılnda süni şəkildə ixtilaflar yaranır.

İki “əhli beyt” qurumunun dartışması

Azərbaycan Respublikasından Rusiyaya köçən AİP üzvləri bu dəfə orada soydaşlarımızarasında dini məsələlərdə təxribatlar aparmaq üçün səfərbər olunublar. Onlar İrandakı kimi “Əhli Beyt” təşkilatı qurmaqla bir yandan heç bir iş görmədən qazanc əldə etmək, digər yandan isə, soydaşlarımızın inancını istismar etmək üçün fəallaşıblar. Bu yöndə Musa Qurbanov və Nizami Baloğlanov ən güclü qruplara malikdirlər. Moskva şəhəri və vilayəti üzrə 67 rayon mövcuddur. Bundan əlavə Moskva şəhəri və vilayətində toplam 1.5 milyon azərbaycanlılar yaşayırlar. Onların dəfn və hüzr mərasimlərini idarə etmək, dini ədəbiyyatlar satmaq, digər dini bayramları və tədbirləri nəzarətə almaq olduqca böyük gəlir mənbəyi deməkdir. Bütün bunlarla yanaşı, bu iki qruplaşma arasında çox böyük ixtilaflar yaşanılır. Əsas məsələ isə, “Əhli Beyt” siyasətini monopoliyaya almaqdır.Dini inancı istismar etmək uğrunda yaşanılan bu rəqabət bilgisiz olan soydaşlarımızın da narazılığına səbəb olubdur. Bundan əlavə, hər iki qruplaşmanın digər təbliğatı dini inanc baxımından “Məşhəd” (Qum, İran), “Kərbala” və “Ərbəin” (Nəcəf, İraq), “Hələb” (Suriya) və digər ziyarətgahlara zəvvar toplamaq və yollamaqdır. Rusiya paytaxtı Moskvada yaşayan soydaşlarımız arasında maarifçilik təbliğatının aparılması yönündə demək olar ki, heç bir struktur yoxdur. Diaspor təşkilatlarımızın rəhbərlərinin tək marağı özlərini reklam etmək, imkanlı soydaşlarımızdan müxtəlif tədbirlər üçün pul qopmaqdan ibarətdir. Ona görə də 1.5 milyon nəfərlik Moskva diasporumuz taleyin ümidinə buraxılıb.

 

Ə. Yusifoğlu

Xudaferin.eu

17:10