“Xocalı Soyqırımı”nın 25-ci ildönümü ilə əlaqədar Kölndə etiraz mitinqi keçirilib

 

Almaniyanın Köln şəhərində “Xocalı Soyqırımı”nın 25-ci ildönümü ilə əlaqədar etiraz mitinqi keçirilib. Mitinq “Avropa Azərbaycanlıları Konqresi”, “Biefeld Azərbaycan Mədəniyyət Mərkəzi” və “Köln Azərbaycan Türk Kültür Dərnəyi”nin birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyada Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları nümayəndələri, habelə Türk icmasının təmsilçilərindən ibarət 500 nəfərdən çox fəal iştirak edib. Mitinqin təşkilində məqsəd Avropa ictimaiyyətinə Xocalı soyqırımının insanlığa qarşı qəddarlıqla həyata keçirilmiş cinayət aktı olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini çatdırmaq idi.

Aksiyada Ermənistanın Azərbaycana təcavüzünə son qoyulması, “Xocalı Soyqırımı”na beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsi, xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarını törədənlərin cəzalandırılması ilə bağlı şüarlar səsləndirilib.
Mitinqdə çıxış edənlər Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxladığını, bir milyondan çox soydaşımızın məcburi köçkünə çevrildiyini, on minlərlə azərbaycanlının Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini vurğulayıblar. Vurğulanıb ki, təcavüzkar dövlətə qarşı beynəlxalq hüquqa uyğun olaraq qəti və ciddi sanksiyalar tətbiq olunmalı, Azərbaycan torpaqları dərhal və qeyd-şərtsiz işğaldan azad edilməlidir.

Çıxış edənlər, bildiriblər ki, bu gün Azərbaycan 1990-cı illərdə olduğundan tamamilə fərqli bir dövlətdir - güclü iqtisadiyyatı, qüdrətli ordusu var və hər an öz torpaqlarını işğalçılardan azad etməyə hazırdır.

Etiraz aksiyasında çıxış edən həmvətənlərimiz “Xocalı Soyqırımı”nın tarixdə analoquna az rast gəlinən dəhşətli bir cinayət aktı olduğunu qeyd ediblər. Bildirilib ki, müasir dünyanın bu cür soyqırımlarına, terror aktlarına laqeyd qalması, öz etiraz səsini qaldırmaması insanların daha təhlükəsiz və sabit dünyada yaşamaq ümidlərini azaldır.

Aksiyanın sonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı mitinq iştirakçılarının bəyanatı oxunub. Mitinq zamanı “Xocalı Soyqırı”mı haqda məlumatların əks olunduğu bukletlər yerli sakinlərə paylanılıb.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

08:57