Xocalı soyqırımında 366-ci alayın 18 zabit və gizirinin iştirakı tam sübut olunub

 

Günahkarlar hələ də sərbəst gəzib dolanır

 

Ermənilər Xocalıya 523 milyon ABŞ dolları məbləğində ziyan vurub. APA-nın xəbərinə görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri Ülvi Əhmədov deyib. O bildirib ki, 39 nəfərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib: “39 nəfərdən 18-i o vaxt Xankəndində yerləşən 366-cı motoatıcı alayın zabit və gizirləridir”.

Ü. Əhmədov qeyd edib ki, Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində 7500-dən artıq istintaq hərəkəti aparılıb. Xocalı soyqırımından keçən uzun illər ərzində faciənin əsas səbəbkarları hələ də cəzalandırılmayıb. Artıq bu qətliamı törədənlərin sayı rəsmi şəkildə bəyan edilib. Onların etdikləri cinayətə görə cavab vermələri üçün yetər ki ciddi tədbirlər görülməlidir.

Hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın 366-cı motoatıcı alayının komandiri Yuri Zarviqorov və bu faciədə əli olanların yerinin bəlli olduğunu söyləyir. Belə bir vəziyyətdə, onları indiyədək məsuliyyətə cəlb etmək elə də çətin olmamalıydı:

“Xocalı soyqırımında iştirak edən Yuri Zarviqorov, Seyran Ohanyan, Aleksandr İvanov və diğərlərini tutmaq mümkündür. Lakin bu istiqamətdə göstərilən prinsipiallıq Lapşinin tutulması yönündəki inadkarlıqdan qat-qat aşağıdır. Adıçəkilən adamların konkret yeri məlumdur. Onlar Rusiya, Gürcüstan və diğər ölkələrə sərbəst gedib gəlirlər. Bu adamları İnterpol xəttiylə çox rahat şəkildə həbs etmək olar. Primakov, Yazov ölüb, bu gün-sabah da Qorbaçov gedəcək. Faciədə əli olanlar bəs nə vaxt cəzasını alacaq?! Hər il 20 Yanvar, Xocalı faciəsinin ildönümünü qeyd edirik. Lakin iş bununla bitmir. Faciəni tərədənlər axır ki cəzasını almalıdır. Əfsus ki, onların tutulması yönündə prinsipiallıq nümayiş etdirilməməsinin səbəbləri mənə aydın deyil”.

Nigar
Azadliq.info

 

09:25