Xırdalanda beş nəfərin ölümü ilə bağlı yeni təfərrüatlar

 

Xırdalanda beş nəfərin ölümü ilə bağlı yeni təfərrüatlarXırdalanda 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın cəsədinin aşkar edilməsilə bağlı məlum olduğu kimi Abşeron rayon prokurorluğunda cinayət işinə başlanıb. Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
 

İlkin araşdırmalarla müəyyən edilib ki, qeyd edilən ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər. Balakən rayon sakinlərindən aldığımız məlumata görə, dünyasını dəyişən balakənlilər rayonun Qazma kəndindəndirlər. Xanlayev soyadı əsasən bu kəndin sakinlərinə məxsusdur. Onlardan Nübar və Aytən Musayevalar ana-bala olub. Xanlayeva Turanə və Lamiyə isə bacı olublar. Onların nəşi dünən gecə rayona çatdırılıb. Həyatını itirənlərin valideynləriylə, yaxınlarıyla əlaqə saxlamaq istədik. Belə məlumat aldıq ki, valideynlər həkim nəzarəti altındadır. Qohumları isə qəfil hadisədən sarsıntı keçirdikləri üçün danışmaq istəmirlər.

Qazma kənd sakinlərindən bu məlumatları öyrənə bildik: Nübar Musayeva onkoloji xəstə olub. Müayinə üçün Bakıya gəlib. Qızı Aytən Musayeva nişanlıymış, bu il toyu olacaqmış. Onun həyat yoldaşı Elçin Musayev illər öncə dünyasını dəyişib. Ailədən yalnız azyaşlı, məktəbli bir oğul qalıb. Hadisə baş verən ev Nübar Musayevanın qardaşının olub.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi və məhkəmə-texniki-təhlükəsizlik ekspertizaları təyin olunub.

Nigar
Hurriyyet.org

 

09:30