XİN rəhbərimiz Rusiyada mühüm açıqlamalar verdi - ekspertlərdən şərh

Elxan Şahinoğlu: “Rusiyanın hakimiyyət dairələri Azərbaycan-Türkiyə münasibətlərini qısqanırlar”

 

Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb. C. Bayramov ilk olaraq Kremldə naməlum əsgərin məzarı önünə əklil qoyub. Daha sonra nazir Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.

XİN rəhbərimiz rusiyalı həmkarı Sergey Lavrovla təkbətək görüşüb. Görüşdə XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərini, Dağlıq Qarabağ problemi də daxil olmaqla regional və beynəlxalq gündəliyin əsas aspektlərini müzakirə ediblər.

“Moskvaya rəsmi səfərə dəvət olunduğum üçün təşəkkür edirəm”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiyada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri  Lavrovla görüşü zamanı bildirib: “Ölkələrimiz arasındakı gündəmdə olan bütün məsələlərə dair maraqlı və faydalı müzakirələr aparılacağını gözləyirəm. Hazırda iki ölkə arasında 200-dən çox saziş qüvvədədir və uğurla yerinə yetirilir, ölkələrimiz arasındakı münasibətlər sürətlə inkişaf edir. Hazırlanan daha 50-dək saziş layihəsi bir sıra sahəni əhatə edir. Bununla bağlı əlaqələndirmə mərkəzləri olaraq xarici işlər nazirliklərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bugünkü müzakirələrin həmin dialoqa böyük töhfələr verəcəyinə şübhə etmirəm”.

Görüşdən sonra hər iki ölkənin XİN rəhbərləri birlikdə mətbuat konfransı keçirərək diqqətçəkən açıqlamalarla çıxış ediblər.

“Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir”.

“Report” xəbər verir ki, bunu C.Bayramov konfrans zamanı bildirib: “Belə ki, avqustun 23-də səhər sübhdən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə hücum etməyə cəhd göstərib, onlar geri oturdulub, komandirləri isə saxlanılıb”.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqeyin beynəlxalq hüquq normaları və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə söykəndiyi də diqqətə çatdırılıb.

“Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir”, - nazir vurğulayıb.

Ceyhun Bayramov Sergey Lavrovla görüşdü - FOTO | KONKRET

 

“Biz üçtərəfli əməkdaşlıq formatının böyük gələcəyinin olduğunu hesab edirik”.

XİN rəhbərimiz Şimal-Cənub nəqliyat dəhlizinin inkişafında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində iki ölkə arasındakı əlaqələrə dair suala cavab verərkən qeyd edib.

“Rusiya, Azərbaycan və İran arasında ciddi əməkdaşlıqdan danışırıq. Son illər çox böyük işlər görülüb, bunun nəticələri göz qabağındadır. Belə ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri boyu daşımaların həcmi daha da artıb”, - deyən nazirin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya sərhəd məntəqələrindən buraxılış işlərini təkmilləşdirmək istiqamətində əlavə tədbirlər hazırlayırlar.

“2019-cu ilin dekabr ayında Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən yeni körpü istifadəyə verildi. Azərbaycanda Bakıdan İran sərhədinədək yeni magistral yolun tikintisi başa çatdırılıb. Qarşıdakı aylarda isə Bakıdan Rusiya sərhədinədək magistral yol tikilib qurtaracaq. Yəni bu baxımdan vəziyyət xeyli ürəkaçandır”, - C.Bayramov fikrini tamamlayıb.

C.Bayramov Minsk qrupunun həmsədrlərinə də səslənib: “Rusiya Azərbaycanın strateji tərəfdaşlarından biridir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi artmaqda davam edir. Belə ki, 2020-ci ilin ilk aylarında pandemiyaya baxmayaraq, ticarət dövriyyəmiz azalmadı, əksinə, bir qədər artdı”.

Azerbaycan Dışişleri Bakanı Bayramov: "Ermenistan kışkırtıcı eylemlerde  bulunuyor" - Avrasya'dan - Haber - TRT Avaz

 

Nazirimiz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmamasından təəssüfləndiyini dilə gətirərək daha bir vacib məqama da toxunub. O qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

“Danışıqlarda ikitərəfli münasibətlərimizə baxdıq, regional və beynəlxalq problemlərlə bağlı fikir mübadiləsi apardıq. Yüksək səviyyədə əldə olunan razılıqların həyata keçirilməsindən məmnunluğumuzu bildirdik”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu isə Lavrov mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki ölkə arasında iqtisadiyyat, humanitar sahədə əlaqələr inkişaf edir: “Rusiya və Azərbaycanın parlamentləri səviyyəsində təmaslar mövcuddur. Rusiya Azərbaycanın aparıcı xarici ticarət tərəfdaşlarından biridir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 3 mlrd. dolları ötüb. Koronavirus pandemiyası olmasına baxmayaraq, 2020-ci ilin ilk aylarında ticarət dövriyyəsi azalmayıb, əksinə artım qeydə alınıb. İkitərəfli münasibətlərin dərinləşməsinə regionlararası, sərhədyanı mübadilələr öz töhfəsini verməkdədir”.

Ceyhun Bayramov: Danışıqlar konkret məsələlər ətrafında aparılmalı,  imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır VİDEO - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Onun sözlərinə görə, Rusiyanın onlarla regionu Azərbaycanla əməkdaşlıq edir: “Azərbaycanla Rusiya arasında keçirilən regionlararası forum yaxşı ənənəyə çevrilib. Növbəti Azərbaycan-Rusiya regionlararası forumu bu ilin sonunda Azərbaycanda keçiriləcək.

İki ölkənin xalqları arasında inamın möhkəmlənməsində və qarşılıqlı anlaşmada humanitar, mədəni əlaqələr mühüm rol oynayır. Ötən il Azərbaycanda Rusiya mədəniyyət günləri keçirildi. Bu il isə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətdən asılı olaraq, Rusiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi tarixini müəyyən edəcəyik. Əlbəttə ki, Azərbaycan xalqının və rəhbərliyinin rus dilinə qayğısını yüksək qiymətləndiririk".

Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı da danışıq apardıqlarını qeyd edib: “Biz ümumilikdə nizamlanma prosesinin davam etdirilməsinə köklənmişik. Bu mənada stabil və dayanıqlı danışıqlar prosesini təmin etmək üçün lazımı atmosfer yaratmaq lazımdır. Əlbəttə ki, danışıqlar danışıqlar xatirinə yox, sülh yolu ilə həll üçün məqsədyönlü olmalıdır”. 

Elxan Şahinoğlu: "Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini  sürətləndirməyə marağı yoxdur"

 

C.Bayramovun son bir ayda silah qalmaqalı səbəbindən gərginləşən Rusiya-Azərbaycan münasibətləri fonunda bu səfərini yüksək dəyərləndirirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu səfərlə bağlı “Yeni Müsavat”a danışdı: “Açıq demək lazımdır ki, Rusiyanın hakimiyyət dairələri Azərbaycan-Türkiyə münasibətlərini qısqanırlar. Ölkəmizin yeni xarici işlər naziri Ceyhun Bayramovun ilk səfərini Türkiyəyə edəcəyini proqnozlaşdırmışdım. Çünki bu strateji tərəfdaşlığın ruhuna uyğundur. Elə də oldu. Ceyhun Bayramov Ankaraya səfər etdi. Onu da proqnozlaşdırmışdım ki, bu səfərdən dərhal sonra Moskva Ceyhun Bayramovu Kremldə görmək istəyir. Elə də oldu. İkinci səfər məhz Rusiyaya edildi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyəyə səfər etdi və bu səfərdən bir gün sonra qardaş ölkənin müdafiə naziri Hulusi Akar Bakıya gəldi, dövlət başçısı İlham Əliyevlə görüşdü. Bundan dərhal sonra Rusiyanın müdafiə naziri ölkəmizə gəldi. Necə ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı inkişaf edir, Hulusi Akar da birgə hərbi təlimlərdə iştirak etdi. Rusiya tərəfi də Xəzərdə bir yarışın açılışını etmək üçün Bakıya gəldi və mənasız bir açıqlama verildi. Ölkə başçısı İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə söhbətində açıq iradını bildirmişdi ki, sərhəddəki insidentdən sonra Ermənistana 400 tonluq  silah-sursat daşınıb. Bu danışıqlardan sonra da Rusiya hərbi yüklərini daşıyırdı. Şoyqunun gülməli izahı belə oldu ki, bu yüklər rus hərbi bazalarına daşınır. Bu baş aldatmaqdan başqa bir şey deyil. Azərbaycanı müsbət istiqamətə kökləməkdir ki, münasibətlərdə heç bir problem yoxdur. Əgər dəqiq informasiya olmasaydı, dövlət başçısı İlham Əliyev bu məsələni Putinin qarşısında qaldırmazdı. Burada bir qısqanclıq var. Amma Rusiyada onu anlamalıdırlar ki, Rusiya Azərbaycanın strateji müttəfiqi ola bilməz. Tərəfdaşlıq, qonşuluq ola bilər. Bizim üçün əsas olan Türkiyədir. Rəsmi Ankara ilə əməkdaşlığı inkişaf etdirməliyik. Düşmənimizin strateji müttəfiqi Azərbaycanın strateji müttəfiqi ola bilməz. Bu baxımdan Ceyhun Bayramovun Rusiyaya səfər etməsi normaldır. Çünki Rusiya qonşumuzdur. Amma orada prinsipal məsələlər qaldırılmalıdır. Rusiyanın Azərbaycanla bağlı başqa narahatçılığı da var. Ölkəmizdə Kremlə bağlı ”beşinci kolon"un nümayəndələri hakimiyyətdən uzaqlaşdırılır. Bu da onları narahat edir. Hətta təsadüfi deyil ki, hakimiyyətdən uzaqlaşdırılan Ramiz Mehdiyev son açıqlamasında Rusiyaya işarə edərək faktiki olaraq Azərbaycan hakimiyyəti və cəmiyyətini hədələyib. O da təsadüfi deyil ki, onun yazdığı açıqlama Şoyqu Bakıda olarkən yayımlandı. Çox təəssüf ki, özünü akademik adlandıran şəxs bu açıqlamalarından AMEA-nın rəsmi saytı vasitəsilə istifadə edir. Amma bir dövr qapanıb. Azərbaycan cəmiyyətinin sifarişi odur ki, Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməliyik. Bunun heç kim qarşısını ala bilməz, nə Rusiyanın hakimiyyət dairələri, nə də Kremlin Azərbaycandakı “beşinci kolon”u".

Fuad Əliyev: “Bəlkə də onlarla dialoq başlanıb, amma...”

 

Fuad Əliyev: “Ceyhun Bayramovun Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu”

ALDP rəhbəri Fuad Əliyev isə hesab edir ki, mətbuat konfransında nazirin çıxışı və sonra da suallara cavabları çox uğurlu oldu: “Özünü itirmədən, həyəcan keçirmədən, öz fikirlərini tam aydın deyə bildi. Hətta elə sözlərindən istifadə edirdi ki, heç ruslar özləri danışıqlarında, mətbuat konfranslarında o sözlərdən istifadə etmirlər. Bu onu göstərir ki, Ceyhun Bayramov rus dilini çox dərin bilir. İkinci məqamı qeyd etmək istəyirəm: Uzun illər təhsil naziri olduğuna baxmayaraq, onun özünün davranışı, çıxışı əsl diplomat səviyəsində olub. Və ən əsası, Ceyhun Bayramovun Dağlıq Qarabağla bağlı kəskin fikirləri oldu. Mənim yadıma gəlmir ki, keçmiş xarici işlər  naziri Dağlıq Qarabağ münaqişəsilə bağlı belə fikirlər səsləndirsin, xüsusilə də Moskvada olarkən. Bir iradım var, o da jurnalistlərə. Sualların əksəriyyəti Ceyhun Bayramova verildi. Mənim fikrimcə, suallar  daha çox Lavrova verilməli idi. Misal üçün Dağlıq Qarabağla yanaşı, Azərbaycan-Türkiyə hərbi blokunun yaranması təkliflərinə dair onun fikirləri bizim üçün maraqlı olardı”.

xudaferin.eu

 

 

 

13:48