Xədicə İsmayılın yazısına Qubad İbadoğlu sərt reaksiya verdi

Xədicə İsmayıl: “Prosesin ölkə üçün çıxarları ilişib bir qrup QHT-çinin şəxsi maraqlarına”

Qubad İbadoğlu: “… Həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!”

Keçmiş vicdan məhbusu Xədicə İsmayıl özünün feysbuk səhifəsində MSŞK-nın sərgilədiyi mövge ilə bağlı ilginc yazı ilə çıxış edib: “Bu günlərdə bir tədbirdə Gubad Ibadoglu ilə görüşdüm. Ayaqüstü söhbət elədik. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı mövqeyi barədə soruşdum. Sual etdim ki, ölkədə azad mətbuat olmaya olmaya, vətəndaş cəmiyyətinə münasibətdə müsbətə doğru dəyişikliklər haqda necə danışıla bilər. Son müxalif qəzet də çapını dayandırıb, televiziya haqqında artıq heç xəyal da qurmuruq. Dedi ki, mənim dediklərimi olduğu kimi çap edən media qurumları varsa, “müstəqil mətbuat yoxdur” fikrini söyləyə bilmərəm. Turan, Meydan TV və Azadlıq Radiosu var. Onlar mənim fikirlərimi çatdırırlar. İzah etməyə cəhd elədim ki, Turan agentlikdir, çox məhdud sayda adama çıxışı var, Meydan və Azadlıq Radiosu da xaricdədirlər, və yenə də yalnız online olduğu üçün dairəsi məhduddur, razılaşmadı. İndi düşünürəm, bu adamların reallığı anlaması üçün nə etmək lazımdır? Həmkarlarım nəticə çıxarsınlar. Aydın olsun deyə, yazım. MSŞT üzrə vətəndaş cəmiyyəti koalisiyasının rəyi çox vacibdir ki, hökumət investisiya və kredit ala bilsin böyük layihələrə. Bu pullara o qdəər böyük ehtiyacı var ki, rejimin, hətta müəyyən islahatlar da edə bilər. Tələb olunsa, əlbəttə ki. Amma asan yolunu tapıblar. Hökumət də indi həmin koalisiyada üzv olan ayrı-ayrı adamların kiçik problemlərini həll etməklə müsbət rəy almağa çalışır. Biri üçün bircə saatın içində təşkilat qeydə alırlar, o birinin yoxlamasını ləğv edirlər və s. Bu hələ masa üzərində olan sövdələşmələrdir. Masanın altındakılar nədir, onu da zaman göstərər. Bəs müsbət rəyi belə asanlıqla almasalar nə olar? Onda məcbur olar hökumət real addımlar atmağa – qanunları dəyişməyə, həbsdə olanları azad etməyə, təşkilatların qeydiyyatını tam asanlaşdırmağa, mətbuata basqıları azaltmağa. Yox amma, prosesin ölkə üçün çıxarları ilişib bir qrup qht-çinin şəxsi maraqlarına. Biz qınamırıq deyə, onlar da özünü çox rahat hiss edir deyəsən”.
Qubad İbadoğlunun cavabı özünü çox gözlətməyib. MSŞK-nın koordinatoru jurnalistin bu yazısından dərhal sonra Xədicə İsmayılın adını çəkmədən feysbukda sərt açıqlama yayıb və öz dəst-xəttinə sadiq qalacağını bildirib: “Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi “Çamur at, izi qalsın” prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər – yalançı müxaliflər, saxta vətənpərvərlər, iqtidara yarınanlar! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin! Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!”

 Bastainfo.com

13:11