Xaricilər pullarını Azərbaycan banklarından çıxardır

Oktyabr ayının 1-nə fiziki şəxslərin banklarda əmanətləri 7 milyard 813,9 milyon manat təşkil edib. “Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri 1 milyard 660 milyon manat və ya 17,5% azalıb. Bu ilin may ayının 25-dən bəri Manat Dollar qarşısında təxminən 13% ucuzlaşıb. Dolların qalxması ilə əlaqədar olaraq, xarici valyutadakı əmanətlər manatla ifadədə  təxminən 800 milyon manat  artıb. Bu artımı nəzərə alsaq fiziki şəxslərin əmanətlərinin azalması daha çoxdur. Oktyabr ayının 1-nə fiziki şəxslərin cəmi əmanətlərinin 18,25%-i və ya 1 milyard 426 milyon manatı mill valyutada, 81,75%-i və ya 6 milyard 828,5 milyon manatı  xarici valyutada olub. Bu ilin 9 ayı ərzində xrici valyutadakı əmanətlər 1 milyard 666 milyon manat, milli valyutadakı əmanətlər isə təxminən 6 milyon manat azalıb. Hətta Sentyabr ayında, Avqust ayı ilə müqayisədə milli valyutadakı əmanətlər 30,5 milyon manat artıb. Banklardakı əmanətlərin 6 milyard 828,5 milyon manatı rezidentlərə, 985,3 milyon manatı qeyri-rezidentlərə məxsus olub. Qeyri-rezidentlərin əmanətlərinin 955 milyon manatı xarici valyutada olub. Diqqəti cəlb edən qeyri-rezidentlərin əmanətlərini geri götürmələridir. Bu il qeyri-rezidentlərin əmanətləri ötən ilin sonu ilə müqayisədə 20% və ya 247,8 milyon manat azalıb. Bu ilin əvəlində qeyri-rezidentlərin banklarda 1 milyard 233,1 milyon manat əmanəti var idi. Banklardakı 7 milyard 813,9 milyon manatlıq əmanətin 4 milyard 833,3 milyon manatını qısamüdətli əmanətlər, 2 milyard 980,6 milyon manatını uzunmüddətli əmanətlər təşkil edib.

Bu il əhalidəki pulları banklara cəlb etmək üçün qorunan əmanətlərin faiz dərəcəsi 12%-dən 15%-ə qaldırılıb, 30 min manatlıq məbləğ limiti ləğv edilib. Bu tədbirlərə baxmayaraq banklarda əhalinin əmanətləri xarici valyutadan milli valyutaya keçirilmir. Vergi Məcəlləsinin 13.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qeyri-rezidentlərinə aşağıdakı şəxslər aid edilir:
– Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
– Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvlər (sahibkarlıq fəaliyyəti göstərən şəxslər istisna olmaqla);
– məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
– Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri;
– rezident anlayışı ilə əhatə edilməyən digər şəxslər.

Xudaferin.eu

12:28