Xarıbülbül və biz - Parisdə yaşayan jurnalistin qeydləri

Həftəsonu Şuşada keçirilən Xarıbülbül festivalının iki hissəsinə də baxdım.

8 Noyabr Zəfər Günündən sonra yenidən böyük fəxr və qürur hissi yaşadıq.

Bəlkə də, fərqində deyilsiniz, bu gün lentə alınan bu kadrlar gələcəkdə Azərbaycan tarixinin bir hissəsinə çevriləcək.

Bu tarixi qələbə məzlum bir xalqın məğrur formada reinkarnasiyasıdır, Azərbaycan adlı dövlətin yenidən doğuşudur.

Bu möhtəşəm zəfər, ictimai, siyasi, iqtisadi və hərbi sferada bir renesansdır ki, yaxın on ildə biz bunu daha yaxından dərk edəcək və bu zəfərin həqiqi dəyərini anlayacağıq.

Bu həm də bir dönüşdür.

Öz obasına, torpağına, tarixinə və milli kimliyinə dönüş...

Kim nə deyir desin, ağzını əzib büzsün, ortada inkar edilməyəcək bir həqiqət var.

İşğalçı Ermənistan ordusunun və separatist tör-töküntülərin darmadağın edilməsində, torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan Milli Ordusunun və Ali Baş Komandan Ilham Aliyevin imzası var.

Milli ordumuzun və ali baş komandanın timsalında, biz 44 günlük savaşla nəyə qadir olduğumuzu və bu yolda qətiyyətimizi ortaya qoymuşuq.

Sırada Xocalı, Xocavənd və Xankəndi var.

Bizim, Azərbaycanın qanunlarına tabe olan, Azərbaycan ərazisində, üçrəngli bayrağımızın altında yaşamağı qəbullanan sivil ermənilərlə heç bir işimiz yoxdur.

Digər milli azlıqlar kimi, bu ölkənin fərdinə çevrilmək imkanı və şansı onlar üçün də var.

Gec-tez bunu qavramalıdırlar.

Torpaqdan bir qarış güzəşt belə olmaz.

Rusiya sülhməramlıları keçicidir, biz ərazi bütövlüyümüz çərçivəsində qalıcı barışın tərəfdarıyıq.

İndi azad olunmuş torpaqlarda böyük sürətlə yenidən quruculuq işləri davam etdirilir.

Bərpa işləriylə yanaşı, aeroport və aerodrom tikintiləri, yeni magistral yolların salınması, qatar xəttlərinin çəkilməsi, yerli infrastrukturların qurulması nə qədər vacibdirsə, Şuşa başda olmaqla, Qarabağda ən az üç dövlət universitetinin fəaliyyətə başlaması da vacibdir.

Coğrafi və siyasi şərtlər nəzərə alındıqda, Şuşada Şuşa Dövlət Universitetinin, Xankəndinə nəzarətimiz bərpa olunduqda, Xankəndi Dövlət Universitetinin, Qarabağın cənub bölgələri üçün Cəbrayılda Qarabağ Universitetinin qurulması sadəcə bir arzu deyil, həm də stratejik əhəmiyyət kəsb edən nüansdır.

Bölgəyə yerli və xarici investisiya cəlbində, lokal çarxların dinamikliyi böyük rol oynayır, hansı ki, universitetlərin bu prosesə bir başa təsiri var.

Gənclərin ali təhsil alacaqları bölgələrdə yaranacaq iqtisadi canlılıq, sərmayəni də paralel olaraq özünə çəkəcək.

Ölkə prezidentinin Şuşanı Azərbaycanın mədəni paytaxtı elan etməsi də təsadüfi deyil.

Şuşa, Azərbaycan musiqisinin, incəsənətinin beşiyi olub, bu ənənə davam etdirilməlidir.

Bu baxımdan Şuşa konservatoriyasının qurulması da, həm Azərbaycan mədəniyyətinə böyük töfhə olardı, həm də, başda region ölkələri olmaqla, musiqi təhsili almaq istəyən əcnəbi tələbə axını üçün bir təkan olardı.

Pambıqçılıq, üzümçülük, əkinçilik, heyvandarlıq, və s. kənd təsərrüfatı sahələrinin inkişafını təmin etməklə bərabər, Qarabağda ən az bir sənaye şəhərciyinin salınmasında fayda var.

Bu, həm də öz yurdlarına qayıdış planı quran həmvətənlərimiz üçün alternativ iş imkanları deməkdir.

Əyalətlərdə zavod və fabriklərin tikintisi, sənaye bölgələrinin salınmasının böyük şəhərlərə doğru miqrasiyanı azaltdığını, əksinə kiçik qəsəbələrdə belə əhali artımına səbəb olduğunu qərb ölkələrinin təcrübəsindən görə bilərik.

Əhalinin stabil işlə təmin olunması, kütləvi yerdəyişmələri  azaldacaq və böyük şəhərlərə köçləri minimuma endirəcək, bu ərazilərdə yaşayacaq əhalinin yaş ortalamasını gəncləşdirəcəkdir.

İşğaldan azad olunmuş bölgələrdə əhali sayını və yaş ortalamasını nəzarətdə saxlamalıyıq.

Xüsusən gənc əhalinin bu torpaqlara qayıtması və iş sahibi olması üçün müxtəlif əhatəli təşviq planları olmalıdır.

Bütün bu layihələr, suverenliyimizin daha da güclənməsinə, regionda sülhün daimi bərqərar olmasına gətirib çıxaracaq.

Biz istənilən halda hərbə də, sülhə də hazır olmalıyıq.

Zaman və şərtlər bizim lehimizə işləyir, doğru dəyərləndirmək, doğru addımlar atmaq lazımdır.

10:18