Xalq rəssamının sənətsevərlərlə növbəti görüşü

 

Azərbaycan Milli İncəsənət Muzeyində xalq rəssamı Altay Hacıyevin fərdi yaradıcılıq sərgisinin açılışı oldu. Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil edilən tədbiri muzeyin direktor müavini Xədicə Əsədova açaraq sərgi barədə danışdı. Bildirdi ki, xalq rəssamı A.Hacıyevin növbəti fərdi sərgisinin təşkil olunması qocaman sənətkara sayğının təzahürüdür.
 

Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov A.Hacıyevin təsviri sənətimizə verdiyi töhfələrdən, sənətkarın yaradıcılıq yolundan, həm rəngkarlıq, həm də qrafika sahəsində xidmətlərindən bəhs etdi. Vurğuladı ki, A.Hacıyevin mənsub olduğu soy rəssamlar nəslidir. Onun atası Əmir Hacıyev Azərbaycanın tanınmış rəssamı olub. İndi də oğlu Addis Hacıyev tanınmış rəssamdır.

Xalq rəssamı Arif Hüseynov Altay Hacıyevlə uzun illərdir dost olduğunu söylədi, onu dəyərli sənətkar kimi tanıdığını bildirdi. Muzeyin baş mühafizi Nailə Rəhimli də Altay Hacıyevin yaradıcılıq yolundan söz açdı. Rəssamın oğlu, Rusiyada yaşayan rəssam, rejissor, kino xadimi Adis Hacıyev sərginin təşkilində əməyi keçən hər kəsə sayğısını ifadə etdi. Xalq rəssamı Altay Hacıyev sənətsevərlərə ürək sözlərini çatdırdı, ona göstərilən diqqət və qayğıdan məmnunluğunu dilə gətirdi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Bildirək ki, sərgidə rəssamın “Qarabağ atları”, “Bakı bulvarı”, “Neft mədənlərində”, “Məclisi-üns”, “Nəsillərin dialoqu” , “Düşüncə”, “Bakı gecəsi”, “Natəvan dünyası”, “Həmidə Cavanşir və Cəlil Məmmədquluzadə”, “Arazın iki sahili” və bu kimi 70-dən artıq rəngkarlıq, qrafika əsərləri nümayiş olunur.

A.Hacıyev 1931-ci il aprelin 2-də dünyaya göz açıb. 1951-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1959-cu ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. Müxtəlif illərdə sərgiləri keçirilib. 1982-ci ildə ‘məkdar rəssam, 2002-ci ildə xalq rəssamı fəxri adlarına layiq görülüb. 2003-cü ildən Prezident təqaüdçüsüdür. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Xudaferin.eu

21:58