Xalq artistinin Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçiriləcək

Yanvarın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat veriləcək. Tədbir konsert proqramı ilə davam edəcək.

Qeyd edək ki, ilk təhsilini Zəhra Quliyeva Bülbül adına orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur (xalq artisti, professor Sərvər Qəniyevin sinifi) və oranı fərqlənmə diplomu ilə bitirir. Hələ konservatoriyada oxuduğu müddətdə Zəhra Quliyeva özünü istedadlı və ümüdverən tələbə kimi göstərir. Daha sonra N.A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının assistent-stajor bölməsinə, dünyaşöhrətli skripkaçı, professor B.L.Qutnikovun sinifinə daxil olaraq təhsilini davam etdirir. Leninqradda oxuduğu müddətdə Zəhra Quliyeva orada yerləşən konsert salonlarında çıxış edir. Burada qərb bəstəkarlarının əsərləriylə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də ifa edirdi. Onun, hər bir musiqiçi üçün çox çətin sayılan Qara Qarayevin skripka konsertinin ifası Leninqrad musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. 1978-ci ildən Zəhra Quliyeva Azərbaycan Dövlət Konservatoriyasında ( indiki Bakı Musiqi Akademiyasında) pedaqoji fəaliyyətə başlayır. Çalışdığı ilk illərdən indiyədək bir çox maraqlı və istedadlı musiqiçilər, ifaçılar yetişdirib. Ifaçılıq sənəti fəal və çox dolğun olan sənətçi, musiqi mədəniyyətinin görkəmli xadimləri olan Niyazi, Hikmət Şimşək və b. dirijorlarla çıxış edir. Dünyanın bir çox konsert salonlarında çıxış edən skripkaçı, Azərbaycan musiqisini, bəstəkarlarımızdan A. Zeynallının, Q. Qarayevin, F. Əmirovun, V. Adıgözəlovun,M. Mirzəyevin və b. əsərlərini təbliğ etmişdi. 1993-cü ildən Türkiyənin Bilkənd Universitetinin dəvəti ilə orada çalışmağa başlayır. Bilkənd universitetində o, həm müəllimlik, həm də ifaçılıq sənətini birgə sürdürür. Universitetdə fəaliyyət göstərən beynəlxalq orkestrin üzvü olur. 2001-ci ildə Zəhra xanım vətənə dönərək, ifaçılıq və müəllimlik fəaliyyətini davam etdirir. BMA-nın skripka kafedrasında, ifaçılıq sinfiylə yanaşı, o, həm də «skripka sənəti tarixi» fənnindən də tələbələrə məruzələr oxuyur. Azərbaycan dilində, xüsusiylə latın qrafikasıyla, bu fənn üzrə dərsliklərin olmadığını görən Zəhra Quliyeva, 2001-2003 illər arası «Skripka sənəti tarixi» adlı 2 dərslik yazıb. Haqqında danışdığımız albomda Zəhra Quliyevanın ifasında daha çox Barokko dövrünün və Azərbaycan bəstəkarlarının əsərlərinə yer verilib. Bu da ifaçının konsert səhnələrində nadir ifa olunan A.Korelli, H.Pörsel, F.Ceminiani kimi bəstəkarların əsərlərini geniş dinləyici kütləsinə çatdırmaq arzusundan irəli gəlir. Daha sonra Volfqanq Amadey Motsartın skripka və orkestr üçün G-dur konsertinin ifası isə dahi dirijor Niyazinin qüdrətli orkestr müşayət ustalığı ilə skripkaçının bu əsərə verdiyi təfsiri vəhdət təşkil edərək, dinləyici qəlbinə yol açır. Ilk dəfə olaraq, bir CD albomunda 7 Azərbaycan bəstəkarının skripka üçün əsərləri səsləndirilib.

Xudaferin.eu

13:33