Xalq Artisti Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələdir

Dekabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan vokal məktəbinin banisi, görkəmli xanəndə, Xalq Artisti Bülbülün 120 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Bülbülün həyat və yaradıcılığını əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə musiqi və onun tədrisi metodikası kafedrasının baş müəllimi Şəhla Quliyeva Prezident İlham Əliyevin 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzaladığını xatırladıb.

Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verən Ş.Quliyeva bildirib ki, sənətkar 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb. O, Azərbaycanda ilk dəfə professional vokal ifaçılığının bünövrəsini qoyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

Tədbir musiqi proqramı ilə davam edib.

AZƏRTAC

20:15