Xalçaçı-rəssam Eldar Hacıyevin fərdi sərgisi açılıb

Azərbaycan Rəssamlar İttifaqında tanınmış xalçaçı-rəssam Eldar Hacıyevin “İlmələrin rəqsi” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Müxtəlif mövzulu xalçaların əks olunduğu sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov çıxış edərək xalçaçı-rəssamın yaratdığı füsunkar sənət incilərindən danışıb.

Vurğulanıb ki, Eldar Hacıyev xalçaçı-rəssam kimi mükəmməl xalça ilə miniatürün uğurlu sintezini yarada bilib. Onun əsərlərində xalça və miniatür sənətinin bütün atributları öz əksini tapıb. Diqqətə çatdırılıb ki, sərgidə nümayiş olunan ipək və yun xalçalar, mürəkkəb süjetlərin çoxrəngli keçidlərə malik kolorit xüsusiyyətləri, xalçalar üzərində verilən memarlıq abidələri, ayrı-ayrı personajların geyimlərinin bədii tərtibatı rəssamın Azərbaycan tarixini dərindən bildiyini, onun milli ənənələrinə bələd olduğunu bir daha sübut edir.
Ağəli İbrahimov əlavə edib ki, sərgidə xalçaçı-rəssamın “Məhəmməd peyğəmbərin meracı”, “İsa peyğəmbərin həyatı”, “Ana Məryəm”, “Vladimir ikonası”, “Bibliya tarixi” adlı xalçaları Azərbaycan dövlətinə xas multikultural dünyagörüşün bariz nümunəsidir. Çıxışlarda rəssamın son illərdə akril boyaları ilə işlədiyi rəngkarlıq əsərlərinin əhəmiyyətindən söz açılıb. Qeyd olunub ki, müəllifin xalçaları ipək saplarla toxuması onun sənətinin özəlliklərindən hesab olunur. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Dekabrın 12-dək davam edəcək sərgidə xalçaçı-rəssamın 20-dək sənət əsəri yer alıb.

Xudaferin.eu

13:44