Xalça Muzeyində “Sədaqət” xalçasının təqdimatı oldu

Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səməd Təbrizlinin Qanlı Yanvar şəhidləri İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı oldu.

Mərasim iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə o qorxunc hadisənin şahidi, yazıçı-publisist Əmir Pəhlavan çıxış edərək həmin gecə azadlıq mübarizəsinə qalxmış vətən övladları haqqında danışdı. Qeyd etdi ki, sovet imperiyası rəhbərliyinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın suverenliyini və beynəlxalq hüquq normalarını kobudcasına pozaraq Bakıya yeritdiyi böyük ordu hissələri amansız cinayətlər və kütləvi qırğınlar törətdi. O qanlı gecədə 147 mülki şəxs qətlə yetirildi, 744 günahsız insan yaralandı, yüzlərlə şəxs itkin düşdü, yaxud qanunsuz həbs edildi. Lakin sovet rəhbərliyinin xalqın iradəsini, milli azadlıq hərəkatını boğmaq niyyəti baş tutmadı. Bu yolda ilk şəhidlərini verən xalqımız milli azadlıq mübarizəsini davam etdirərək müstəqilliyə qovuşdu.
“Sədaqət” xalçasının müəllifi Səməd Təbrizli çıxış edərək bildirdi ki, gələcək nəsillər Azərbaycan tarixinin nişanəsi kimi bu xalçanı muzeylərdə görəcək, sənət nümunəsi onların mənəvi tərbiyəsində böyük rol oynayacaq. Xalçaçı sənət əsərini öz ailəsinin köməyi və yaxından dəstəyi ilə ərsəyə gətirdiyini dedi: "İlham-Fərizə" xalçası üzərində uzun müddət iş gedib. Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib. Toxunma zamanı 15 ədəd fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma alması üçün idi. Bu işə 2 ay vaxt sərf edilib. Xalçanın toxunmasında 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub. Ölçüsü 1.05x1.55 metr olan xalçada 100 kvadrat santimetrdə 532 ilmə var. Bütün xalçada isə 8 yüz min ilmə yer alıb. Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri üçün ipəkdən istifadə olunub".
Müəllif xalçanın yalnız İlham və Fərizənin deyil, bütün şəhidlərin müqəddəs ruhuna ərməğan kimi hazırladığını diqqətə çatdırdı. AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktiru Sahibə Budaqova, “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, 20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə çıxış edərək öz xatirələrini bölüşdülər. Bildirildi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir. Faciə qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Tədbirin bədii hissəsində Azərbaycan Xalça Muzeyi Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin “Şəhidlər yaşayır” adlı rəsm sərgisi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Mənim ağ göyərçinim” (müəllif yazıçı-dramaturq Tamara Vəliyeva) adlı tamaşasından bir hissə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olundu.

Xudaferin.eu

23:08