Vyetnamda daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 12 nəfər itkin düşüb

Vyetnamın şimalında leysan yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər həlak olub, 5 nəfər ciddi xəsarətlər alıb, 12 nəfər itkin düşüb.

Xudaferin.eu xəbər verir ki, “VnExpress” qəzetinin yaydığı məlumata görə, həlak olanların əksəriyyəti daşqın zamanı əkin sahələrində işləyən fermerlərdir. Təbii fəlakət nəticəsində, həmçinin 40-dan çox ev dağılıb, 250 evə zərər dəyib, 500-dən artıq ev isə hələ də suyun altındadır.

Bəzi rayonların ətraf aləmlə əlaqəsi kəsilib və bu səbəbdən yerli hökumət orqanları həlak olanların sayının artacağından ehtiyatlanır.

Təbii fəlakətlər haqda xəbərdarlıq və onların nəticələrinin aradan qaldırılması üzrə komitə sədrinin müavini Nguyen Truong Sonun sözlərinə görə, təbii anomaliyaların Laokay, Hazyanq və Laytyau vilayətlərində ölkəyə vurduğu zərər 75 milyard donq (3,3 milyon ABŞ dolları) həcmində qiymətləndirilir.

Qeyd edək ki, ötən il daşqınlar və tropik qasırğalar Vyetnamda 390 nəfərin ölümünə səbəb olmuş və ölkəyə 2,34 milyard dollar ziyan dəymişdi.

Xudaferin.eu

15:46