Vyanada ATƏT-in Nazirlər Şurasının illik iclası başa çatıb

 

Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Nazirlər Şurasının 24-cü iclası işini davam etdirib.

İki gün davam edən sessiyalarda müasir dövrdə strateji sabitlik və tərəfdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. ATƏT məkanında aktual və gələcək təhlükəsizlik çağırışları ilə bağlı strukturlaşdırılmış dialoq çərçivəsində aparılan müzakirələrdə, həmçinin radikallaşmadan tutmuş kibercinayətkarlığa qarşı mübarizəyədək bir çox məsələlərə toxunulub. Nazirlər Şurasının iclası, həmçinin Şərqi Ukraynadakı vəziyyətlə bağlı Rusiya və ABŞ arasında ciddi fikir ayrılığı ilə yadda qalıb. Bu və digər mövzularda ortaq məxrəcin əldə oluna bilməməsi tədbirin sonunda birgə yekun bəyannamənın qəbul edilməməsi ilə nəticələnib. İclasdan sonra keçirilən mətbuat konfransında Avstriyanın bu il ATƏT-ə sədrliyinə nəzər salan xarici işlər naziri Sebastian Kurts bu müddət ərzində görülmüş işlərdən bəhs edib. Avstriyanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi xüsusi rolundan yararlandığını qeyd edən S.Kurts sədrlik dövründə ölkəsinin əsas üç istiqamətdə iş apardığını bildirib. Radikallaşma və terrorizmə qarşı mübarizənin təkcə hərbi münaqişələri əhatə etmədiyini vurğulayan nazir, həmçinin ATƏT məkanında cəmiyyətdə radikallaşma tendensiyalarına qarşı mübarizənin də gücləndirilməli olduğunu deyib. O, mövcud münaqişələrin nizamlanmasında irəliləyişlərə nail olunması və üzv ölkələr arasında qarşılıqlı etimadın gücləndirilməsinin də sədrlik dövrü üçün prioritetlər sırasında olduğunu qeyd edib.

Qeyd edək ki, növbəti ilin əvvəli təşkilata sədrlik Avstriyadan İtaliyaya keçəcək.

 

Xudaferin.eu

"Avropa Bürosu"

10:32