Vüqar Muradovun rəsmləri Bolqarıstanda sərgilənəcək

 

Aprelin 5-dən mayın 21-dək Bolqarıstan Milli İncəsənət Qalereyasında “Azərbaycan - rənglərin sehrli kainatı” adlı sərgi keçiriləcək. Sərgi Azərbaycanın Bolqarıstandakı səfirliyinin dəstəyi ilə “Rila Stil” şirkətinin rəhbəri Rauf Axundov tərəfindən təşkil ediləcək.

UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının, Azərbaycan Rəssamlar İttifaqı və Fotoqraflar Birliyinin üzvü Vüqar Muradov bildirib ki, sərgidə onun rəsmləri ilə yanaşı, Azərbaycanın tanınmış rəssamları Cavad Mircavadov, Mirnadir Zeynalov, Yavər Sultanov və Eldar Məmmədovun əsərləri də təqdim ediləcək.

“Məsələ ondadır ki, Bolqarıstanda çoxdandır ki, yaşayan həmvətənimiz Rauf Axundov Sofiyada Azərbaycan rəssamlarının sərgisini keçirmək istədi. İncəsənəti sevən və qiymətləndirən R.Axundov vaxtilə Azərbaycan rəngkarlarının əsərlərini alıb. O, məndən təxminən 15 əsər alıb. Bir sözlə, o, Azərbaycan rəssamlığının kifayət qədər yaxşı kolleksiyasını toplayıb. Ona görə də bu sərgidə yer alacaq əsərlərin hamısı onları bolqar ictimaiyyətinə “Azərbaycan - rənglərin sehrli kainatı” sərgisində təqdim etmək qərarına gəlmiş Rauf Axundovun şəxsi kolleksiyasındandır”, - deyə Vüqar Məmmədov deyib.

Onun sözlərinə görə, bu sərgi Azərbaycan təsviri incəsənətinin növbəti uğurudur. Axı əsərlərlə bu dəfə Avropa tamaşaçıları daha yaxından tanış olacaq ki, bu da adamı sevindirir. Bolqarıstan Milli İncəsənət Qalereyası 1948-ci ildə Sofiya Şəhər Rəssamlıq Qalereyasının bazası əsasında yaradılıb və 1952-ci ildən knyaz Aleksandr Battenberq meydanında keçmiş çar sarayında yerləşir. Hazırda muzeydə 3 mindən çox müəllifin 50 minədək incəsənət əsəri, o cümlədən rəssamlıq, qrafika, heykəltəraşlıq əsərləri qorunub saxlanılır.

 

Xudaferin.eu
“Avropa Bürosu”

 

06:13