Vətənin bütün ağırlıqlarını çiynində daşıyan şair

Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü simalarından biri də İsmayıl Ülkərdir. Onun poeziyası zamanın ritmi, bu düzənin ruhunun ədəbi inikası deməkdir. İsmayıl Ülkər çağdaş milli ədəbiyyatımızın düşüncə düzəninə yön verən ədəbi simalarımızdan biridir. Onun yaradıcılığı sadəcə öz poetik düşüncələrinin məhsulu sayılmır. Ana dilində yazıb oxumaq, bütün bunları mənsub olduğu toplumun dəyərinə çevrilməsini bəlirləyən böyük bir ədəbi mirasın öncüllərindən biri sayılır. Qoca tarixin özü belə, hər zaman isbat etmişdir ki, hansı toplum özgür kültür dəyərlərinin poetikasına, onun estetik düşüncə anlamlarına sahibdirsə, həmin toplum əbədiyyən var ölüsünü da yaşada bilir. Belə bir  anlamın daşıyıcı olmaq ədəbi siamlarımızın çiynində yüklənmiş toplumun  milli enerjisi deməkdir. Bu böyük enerjini çağdaş Güney Azərbaycan ədəbiyyatında irəli aparan, onu ölümlü bir biçimdə gəlişdirən ünlü şairmiz İsmayıl Ülkər məhz belə ədəbi simalarımızdan biri sayılır. İsmayıl bəyin əsərlərindəki hər bir misra, deyim bizlərə Mərziyə Üskülü Dalğanın, Əlirza Nabidil Oxtayın, Səməd Behrənginin, Həmid Nitqi Aytanın ölmədiyinin, onların bu gün də bizlərlə qoşa addımladğını sübut edir. Beləcə bizlər qürur duyuruq ki, Güney Azərbaycan Türkü özünün azman gücü, nəfəsi, dəyərləri ilə sağdır. Daim irəli gedə bilmək üçün özündə milli iradə tapmaqda sorunlar yaşamayacaqdır.

İsmayıl Mədədi Osalı (ÜLKƏR) Güney Azərbaycanın Urmu şəhərində anadan olub. 1999 -ci ildə Türkiyədə Ankara Gazi Üniversitetində TÖMER (Türkçe ve Yabancı Dillər Öğrenim, Araştırma ve Uygulama Merkezi) yüksək təhsilini alıb. 2000 -cu ildə İzmir EGE Üniversitəsini təhsilini davam etdirərək “Türk Dili ve Edebiyatı” Bölümü “Türk Lehçeleri ve Edebiyatları ana bilim dalı”nda yüksək lisans qazanıb. 2003 -ci ildə Prof. Dr. Yavuz Akpınarın danışmanlığıyla Güney Azərbaycan çağdaş ədəbiyyatının təməldaşı, ulusal   şairimiz “Bulud Qaraçorlu Sehend”in Hayatı ve Eserleri Üzerinde Bir Araştırma” adlı elmi işini müdafiə edib. 2006 -ci ildə Quzey Azərbaycanda XƏZƏR Üniversitəsində Prof. Dr. Hamlet İsaxanlının rəhbərliyi altında “Azərbaycan Dili (Türkcəsi) və Ədəbiyyatı” bölümünün PH.D proqramlarında iştirak edib. “Məşrutiyyətdən Günümüzə Qədər Güney Azərbaycan Sərbəst Şer Gəlişimi” elmi doktorluq işi üzərində çalışır.
Ədəbi yaradıcılığa 1984–cü ildən başlayaraq Türkcə heca qəlibi və sərbəst mövzuda şeirlər yazır. İlk şeir kitabı “Günəş tonqalı, yalqız bitki” 1993–cü ildə basılıb. 1998 –ci ildə “Buyur addım at” adlı ikinci şeir kitabını oxuculara ərməğan edib. 2004 –cü ildə “Bir salxım dan yeli” adlı üçüncü şeir kitabı çap olundu. 2007 –cı ildə “Sevda yoldaymış” dördüncü şeir kitabı yayınlandı. 2012–ci ildə “Məni başdan yaradana” adlı şeir kitabı  yayınlandı. Altıncı şeir toplusu və “Bulud Qaraçorlu Səhəndin Həyatı və Əsərləri” isə çapa hazırlanmaqdadır. İndilikdə Urmuda İstanbul Türkcəsi (TÖMER) və (ALES) yönündə öyrətmən olaraq çalışır. Urmu Üniversitində İstanbul Türkcəsi və Ədəbiyyatı Bölümünün Öyrətim üyəsidir və burada öyrətmən olaraq çalışır. Onu da bildirək ki, İsmayıl bəyin ədəbi yaradıcılığı orta türkcədədir. Bunun da indiki dönəmdə çox böyük önəmi vardır. Əcdadlarımızın ruhunu ədəbi dil düzənində uyumlu bir biçimdə onun düzənini yaratmaq gerçəkdən əbədi və ədəbi varoluşum deməkdir.

 

 

 

Anam Urmu…

Eşidirsinizmi siz də?
Urmuya qulaq asıram Urmu!
O qumruları səs-səsə verənməmiş çınarı dinləyirəm!
Siz də dalırsınızmı?
Urmuya dalıram mən Urmu!
Fərələrini qorumağa qanad gərən o vüqarlı “qu”ya…
“Zərdüşt” ocağı başındayam -İsti və sıcaq-
Odlar Yurdunun çörək qapısındayam.
Təndir, bərəkət qoxuyur tənim.
Un kimi üzüm ağ!
Üskük-üskük su daşıyır,
Dəyirman dolandırıram…
Urmunu işləyirəm Urmunu!
“Ülkər”əm!
Ağzında yüyən çatlayan Urmudan gələn bir at üstündəyəm.
Hələ də görürəm!
Siz də görürsünüz
Gördünüz, deyilmi?
… Qırmancladı “Saman Meydanı”nda
Buğda tığımı “qızıldiş qəşə”
Gözü göy gavur qaldırdı bir baş
Məscidimin düz qapısında qan piyaləsini!
Hələ də cingildəyir bazarımın bacasında
-Eşidirsiniz deyilmi?
– “Mal-i əcəm həlalə!” səsini…
“Qabağı donuz, Dalısı dəniz” şəhərim!
Tanığımsan, Məhşər günüdür, Şahidim ol!
Minlərcə dağıldıq, yüzlərcə boğulduq
Onlar yol, onlar yol…
Yenə səndən umduq çaramızı!
Sadəcə sənin qapına gəldik.
Olub bitəni övladına sormadın,
Sən sarmadın!
Duzunla diri saxladın yaramızı
Ayınla ulduzunla ayazınla
Döllədin qəbirlərimizi
“Kazım xan”, “Qurd Osalı” boğazıyla böylə uladın:
Bu ölkədən bir çınqıl yad nalına dərilməz!
Can-başdan pay verilsə, torpaqdan pay verilməz!
Və qalxdıq qəbirlərimizdən
At döşündən
İt dişindən aldıq səni,
Səni yenidən doğduq əziz şəhərim,
Sən yenidən doğuldun kişi bətnimizdən.
Və sonra iliklərimizə işlətdin bu yasanı hayqıraraq:
-Nə qədər varsa gəlsin,
Yurdumuza göz tikən
Çağırılmamış qonaq!
Türkük qonaqsevərik!
Torpağımızın üstündə də olmasa
Hamısına altında yer verə bilərik.

 

 

Pədrələr

Artırır dərdə pərdələr,
Bir dəmir  nərdə pərdələr.
Qalam  illər boyunca zəncirdə.
Pərdə danışığını eşitməyəm bir də.        

Od olaydım, düşəydim aləmə mən,
Yandıraydım nə pərdə varsa həmən.
Pərdə örtər, bizim nə örtülümüz?
Olmayıbdır kəfənlə bir ölümüz.

Pərdə qul qıldı tanrı parçasını,
Pərdə başlattı aydının kaşını.
Abır artırmasında işlədilir,
Haşa bizdən, şərəflidə nə abır.

Bizə camdan bir ev gərək, camdan,
Qurtulaq gizli adlı ohamdan.
“Gizli”, “gizlincə”, “gizlə”, “gizlənqaç”,
Yaşamaqdır bu yoxsa gizlənpaç?

Pərdədir pərdə, hər tərəf pərdə,
Mən yoxam, pərdə var olan yerdə.
 

 

Bir Qurd Ulayır

Könlümdə günəş , başımda Həllac,
Bir gizli nəsimi var dərimdə.
Varlıq mənə ac, mən varlığa ac,
Min boşluq açıldı hər yerimdə.

İçdim bir içim sevda suyundan,
İçməklə bu çeşmədən doyulmaz.
Bir maviyə daldı, getdi könlüm,
Tanrım bu qədər gözəllik olmaz.

Göy Tanrı arıtdı özgəlikdən,
Yadlıq yer alanmaz əllərimdə.
Öz-öz deyə "varlıq" ağrısıyla,
Boz Qurd ulayır iliklərimdə.

 

Yağmur yağırdı

İşıq ikən bulud kölgəli,
İlıq ikən sərin,
Sakin ikən
Təri gövdədən götürəcək qədər
Xəfif neysan əsintisində
Bir axşam gəzintisi...

Ətir qoxusu
Gül-gül,
Bul-bul nəğmələr
Ayaq qabımız
Çayır,
Yatağımız
Çəmən!

Bir dünyaydı,
Bir sevgilim,
Bir mən...
Sallana – sallana salxım söyüdlər
Süzərək bizi
Sərxoş və key...

Qolboyun – qolboyun sarmaşırdıq...
Sanki
Ö biri dünya
Ətəyini altımıza
Uzatmışdı...
İçinə çökmüştü məkan,
Zaman yatmışdı... 

Dünyanın çaxmır öküzü öyləsinə raaaam...
Hər nəfəs
Bütün ömrə bədəl bir il,
Qədəhsizcəsinə çaxırlaşırdıq:
Qırmızı – qırmızı
Qidamız dodaq,
Məzəmiz
Dil...

Göy
Dərin bir həz ilə
Yumub gözlərini
Yaşam həyəcanı ilə çatmışdı
qaşlarını...
Bulud
istəsədə tutanmayırdı
sevinç gözyaşlarını...

“Şoq”
Açmış idi
Içimizin geydiği əzəl qarasını...

Toxtadırdı tərlərimiz
Qəlbimizin köhnə
Yarasını...

Dolub daşırdıq bir-birimizdən
Bir-birə daldığımız kimi
Heç dalğıc
Heç o kiana dala bilməzdi...
Bağır çatladırdı o böyük sevinc...
Dağlarca olmasaydı ürəklər
əsən qala bilməzdi...

 

Neysan

Sən
Hər zaman
"Sudan gələn kuzəli qız"san.
Hər zaman günəş bacısı
- Gecədə açılan ay bacası -
Sən
Hər fəsil yazsan
Baharın ikinci ayısan
sən.

 

 

 

 

Məktub

Biz
Gecə deyilik
Gecədəyik!
"Sən"lə "mən"
Gecə deyilik,
Gecə kimi iki hecəyik.

Qu quşları üzüşərək vüqarımızda
Batmaq, bitmək bilməyən
İki qumrulu xirtdəyik.
Gözümüzü göynətməsin qaranlıq!

Biz
Qarşı-qarşyıa açılan
İki sönməyən pəncərəyik.

 

 

Muştuluğumu ver...

Gəldi,
Yol oldum,
Güldü,
Gül oldum
Aldı əllərinə...

Qolundakı əl oldum...
Çox şükür dünya!
Dola bildi içimə ən son
Ən qutsal dəliliklər...
 

*****

Gəldi, anıldıq
İki danılmış ikən.
Bir karvan olduq,
İki karvandan salınmış ikən.
Doldum,
Calandı,
Doldu,
Calandım!
Muştuluğumu ver tanrım, muştuluğumu!
Sevdalandım mən
Sevdalandım!

 

Öygü

Sən
Vətən boyda bir məhtab ruhusan!
Sırğan
Ay parçası
Boyunbağın
Ülkər.
Dəniz boyda bir işıq dalğası
Çarpıldığın;
Səhər...

Səsin
Bir iksir kimi
Hər dilə damınca dəyişir.
Sən
Azərbaycan Türkcəsisən!
Dillənincə
Hər söz türküləşir.

Sən
Sərbəstlik kimi bir şeysən,
Dərilməmiş
Dadılmamış!
Zaman boyunca çalınmamış bir havasan...
-Adı qoyulmamış-
Nə "Cəngi Koroğlu"su
Nə "Yanıq Kərəmi"si
Nə "Dilqəmi"si!

Sən eyyy...
Sən
Sən!!
Mənim ruhumun
Nuh gəmisi...

******

Məni xatırladığın bir zaman varsa
Mənə görə gülümsə!
Mən
"Sən"dən bəri
Hər zaman gülümsəyirəm...

*****

Ocaqsız
Yanıq
Və yalqız!
Üzülər
Sazaq kimi üzümdən
Üzərimdən zaman...
- Aman!
İsmayıl Ülkər...
Aman-
Hər zaman bu səsi eşitdim,
Hər zaman
Bu səs gəldi,
Qəhr olası dışarıdan.
Və ömür
Tək bir kömür kimi
Yanııııır
yarpaqlanııııır...

Sönür...
Çürüyüüüür...
Duyğu dolu qucağımda güc
Ölüşgəyir...
Dodağımda şair öpüşlərim...
Dişimlə sancılır
Susur
Sevda qımıldayan dilim...

*****

Deyiləm,
Artıq yalnız deyiləm!
Naz könlündə saray-saray
Mənə yer açmış bir könüldaşım var.
Və mən
Dünya dururkən orada yatacağam.
Bir məhşər olacaq bir gün!
Onun göylərdə tutduğum əlini
Torpaq üzərində tutacağam...
Olacaq,
Qiyamət olacaq bir gün...
Yer,
Göy,
Susacaqdır sayğımıza!
Bir məhşər olacaq bir gün!
Və mələklər
Qonaq gələcək
Qonaqlığımıza...

*****

Mənim mavi boylum

Maviliyim!
Səni seyr edirəm, səni
Hər yerə baxıram, hardasa...
Qoy
Ayrılıq dağları
Qara cılıtqasını
Asqımıza asa...
Sən
Damarlarımda axan o qırmızı sevdasan!
Mehriban!
Sən, hər zaman ağ bir qu kimi
Gözlərimin işıq yaşındasan.
Qollarım
Ruhunun boynunda
Mışıl-mışıl
- Gözəllik tanrıçam! -
Sən
Hər zaman könlümün ortasında
Ürəyimin başındasan...

 

 

22:07