”Vətən qarşısında xidmətləri olan şəxslərin çoxdan heykəlləri qoyulmalı idi”

Bu gün Cümhuriyyət lideri Məmməd Əmin Rəsulzadənin vəfatının növbəti ildönümüdür. 
 
Bu anım günündə ictimai müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Cümhuriyyət liderlərinin apardığı mübarizənin orta və ali məktəb dərsliklərində geniş şəkildə əks edilməsi zərurəti ilə bağlıdır.
 
Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bunun çoxdan həll edilməsi gərəkən məsələ olduğunu qeyd etdi:
 
“Rəsulzadənin apardığı mübarizənin dərsliklərimizdə əks olunması olduqca vacib olan bir məsələdir. 70 il Azərbaycanda milli hərəkat danılıb. Sovet ideologiyası tarixi öz xidmətçisinə çevirib. Tarix elmi ideologiyaya xidmət edib.  Azərbaycan xalqının milli kimliyi danılıb. “Əkinçi” dövründən Cümhuryyət  dövrünə qədər davam edən təxminən 50 illik mübarizə tarixinin üzərindən xətt çəkilib. Tariximizlə bağlı bütün həqiqətlər danılıb. İndi isə ölkəmiz müstəqildir. 1991-ci ildə  müstəqilliyini elan edən bir ölkə çoxdan Rəsulzadənin, digər Cümhuriyyət liderlərinin apardığı mübarizəni dərsliklərə salmalı idi. Cümhuriyyətçilərin, vətən qarşısında xidmətləri olan milli burjuaziya təmsilçilərinin, tacirlərin, digər kateqoriyadan olan şəxslərin heykəlləri qoyulmalı idi. 
Orta məktəbi bitirmiş hər bir şəxs öz vətəninin keçmişindən, milli azadlıq hərəkatından xəbərdr olmalı idi. Çox təəsüf ki, bu məsələlr öz həllini tapmadı. Hansı ki, bu, çoxdan həyata keçirilməsi gərəkən bir məsələdir”.
 
Seymur Əliyev

09:49