Vətən müharibəsinin 5-ci günü: Ordumuz düşmənin başını əzməkdə davam edir

Həmsədr ölkələrin prezidentlərindən atəşkəs çağırışı; işğalçı ölkə Qarabağda ağır itkilər verir; dinc sakinlərimiz növbəti dəfə hədəfə alındı; ekspertlər deyir ki...

Sentyabrın 27-dən başlayaraq Ermənistanın xain təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycanın qəhrəman Ordusu işğalçını darmadağın etməkdədir.

Müdafiə Nazirliyimiz məlumat verir ki, Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilər verir. Məlum olub ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Ermənistanın hərbi komandanlığını narahat edən məqam odur ki, bölmələrimizin hücumlarına məruz qalmaqdan qorxan arxa cəbhə hərbi qulluqçuları döyüş sursatı və yanacaq-sürtkü materiallarını ön xətt bölmələrinə  çatdırmaqdan imtina edirlər.

Döyüşlərdə ağır itkilər verən düşmən davamlı şəkildə saxta məlumat yayır. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır. “Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir. Ermənistan tərəfinin guya oktyabrın 1-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır. Bildiririk ki, bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi ümumiyyətlə havaya qalxmayıb. HHQ-nin bütün döyüş aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir”.

Görünən odur ki, Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla təsəlli tapırlar.

Ordumuz Hadrut və Xocavənddəki hərbi obyektlərə zərbə endirib - modern.az

Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. “Bir daha bildiririk ki, Ermənistan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib” - Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Sosial şəbəkələrdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş ərazilərdən görüntülər paylaşılıb. Görüntülərdə düşmənə məxsus xeyli sayda yararsız hala düşmüş hərbi zirehli texnika yer alıb.

İşğalçı Ermənistan sentyabrın 30-da, gecə saatlarında Azərbaycanın qəhrəman Ordusu tərəfindən məhv edilən daha 23 hərbçisinin adını açıqlayıb. “Yeni Müsavat” erməni KİV-lərinə istinadən xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyi bəyan edib ki, 29 sentyabrda məhv edilmiş SU-25-in pilotundan əlavə, Ermənistanın itkiləri 103-ə çatıb. Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin yüzlərlə hərbçisinin meyitinin döyüş meydanında qaldığını, Ermənistanın ümumi itkilərinin sayının 2300-ə çatdığını bildirib.

Cəbhədə ciddi itkilər verən Ermənistan Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dayandırmaq üçün cəzaçəkmə müəssisələrindəki məhkumları da döyüşlərə göndərir. Modern.az Ermənistanın “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, artıq 100-dən artıq məhbus cəzalarının bağışlanması qarşılığında Qarabağa göndərilib. Onların təmas xəttinin müxtəlif istiqamətlərində yerləşdirildiyi bildirilir. Onların “Nubaraşen”, “Vanadzor” və “Armavir” həbsxanalarında cəza çəkən məhbuslar olduğu bildirilib.  Ermənistanın Penitensiar Xidməti Müdafiə Nazirliyi ilə məsləhətləşərək məhkumları ən çox ehtiyac yaranan döyüş mövqelərində yerləşdirir. Proses məxfilik şəraitində həyata keçirilsə də, bəzi məhkum yaxınları faktdan xəbər tutaraq ombudsmana şikayət edib.  

****

Atəş xətti: Düşmən mərmisi Tərtərdə daha bir dinc sakini şəhid etdi

Düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri vurmaqda davam edir. Tərtər şəhəri və ətraf kəndlər düşmən tərəfindən ardıcıl top atəşinə tutulur. Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində rayonun Hacıməmmədli kənd sakinləri - 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Samir Mürşid oğlu həlak olublar. Onları götürmək üçün gedən təcilli tibbi yardım maşınları da ermənilər tərəfindən atəşə tutulub. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə məruz qalır.

Atəş xətti: Düşmən mərmisi Tərtərdə daha bir dinc sakini şəhid etdi

Oktyabrın 1-də düşmənin atdığı top mərmisi Tərtər şəhər avtovağzalına düşüb. Mərminin qəlpələrinin ağır yaraladığı 1982-ci il təvəllüdlü Zabil Məhəmməd oğlu Həsənov həlak olub, avtovağzal binasına ciddi ziyan dəyib. Kəlbəcər köçkünü olan Zabil Həsənovun öldürülməsi ilə bağlı Tərtər Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibə aparma) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün zəruri tədbirlərin görülməsi təmin edəcək.

Düşmən tərəfindən atılan mərmilərdən biri Goranboy rayonunun Hacallı kəndindəki yaşayış evinin yaxınlığına düşüb. Nəticədə Knyaz Nəcəfova və daha bir kənd sakininə məxsus evlərə zərər dəyib. Bir neçə mərmi isə əkin sahələrinə düşüb. Qeyd edək ki, ümumilikdə 15-ə yaxına evə və yardımçı tikililərə zərər dəyib, bir neçə iri və xırda buynuzlu heyvan tələf olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 16 nəfər şəxs isə həlak olub. Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir. 

Atəş xətti: Düşmən mərmisi Tərtərdə daha bir dinc sakini şəhid etdi

Bakı İrəvanın bu həyasız davranışının qarşılığında qəti xəbərdarlıq edib. Ermənistan silahlı qüvvələri ağır artilleriya və digər iriçaplı silahlardan istifadə etməklə Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 16 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətə zərər dəyib: “Ermənistan bu əməlləri ilə sivil dəyərlərdən kənar olan ölkə olduğunu və növbəti dəfə mülki insanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən ölkə olduğunu göstərir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və ya qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistan dövləti və Ermənistanın siyasi rəhbərliyi buna görə məsuliyyət daşıyır.

H. Hacıyev KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi oktyabrın 1-də Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilib. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib. Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

Düşmən Azərbaycanın zarafat etmədiyini son döyüşlərdə gördü və bu mənada növbəti xəbərdarlıqlardan nəticə çıxartması yalnız onun özünü xilas edərdi. Əks təqdirdə, bütün sərhəd boyunca düşmən ölkənin başına mərmilər yağdırıla və Ermənistan dövlətinin mövcudluğu sual altına düşə bilər.

Qarabağda savaşın davam etməsi Avropa İttifaqının da rahatlığını pozub. Belə ki, qurum vəziyyətlə bağlı bəyanat yayacağını elan edib.

Tramp, Putin və Makron Qarabağla bağlı birgə bəyanat verəcəklər | Report.az

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı birgə bəyanat yayıblar. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Liderlər bəyanatda tərəfləri atəşkəs rejimini, həmçinin şərt irəli sürmədən danışıqları bərpa etməyə çağırıblar. V.Putin, D.Tramp və E.Makron döyüşlər nəticəsində ölənlərin yaxınlarına başsağlığı veriblər, yaralılara isə şəfa diləyiblər.

Qeyd edək ki, Azərbaycan dövlətinin və xalqının iradəsi ortadadır, bu barədə növbəti dəfə xəbərdarlıqlar edilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşərkən də prinsipial mövqe bir daha diqqətə çatdırılıb.

“Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında - Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik”-dövlət başçısı bəyan edib. Prezident bildirib ki, azad olunmuş torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik.

Cənab Əliyev xatırladıb ki, sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. “Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək"-Ali Baş Komandan Ermənistana və onun havadarlarına, həmçinin beynəlxalq aləmə qəti sözünü deyib. Prezident deyib ki, hələ də gec deyil:  “Mən bir daha sözümü demək istəyirəm ki, Ermənistan bizim torpaqlarımızdan dərhal çıxmalıdır. Bilirsiniz ki, indi müxtəlif beynəlxalq təşkilatların, müxtəlif ölkələrin rəhbərləri mənə zəng edirlər, məsələ ilə bağlı maraqlanırlar, öz fikirlərini söyləyirlər. Mənim sözüm birdir, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində ki, biz haqq yolundayıq, döyüşlər Azərbaycan torpağında gedir, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir və bizim buna tam haqqımız çatır. Çünki dünyanın heç bir dövləti qondarma ”Dağlıq Qarabağ respublikası"nı tanımır. Bu, bizim tarixi torpağımızdır. Beynəlxalq hüquq baxımından da bu, bizim torpağımızdır".

Azərbaycan prezidenti ortaya iradə qoyub və nə gözəl ki, qardaş Türkiyə də bu məsələdə yanımızdadır, davamlı şəkildə Ankaradan “Ermənistan işğala dərhal son qoymalıdır”, tələbi eşidilir.

“Otuz ildir BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrini heçə sayaraq, Azərbaycan ərazilərini işğal edən Ermənistan bu gün Azərbaycanın şanlı əsgərlərinə hesab verir”. Bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

***

Azərbaycan Ordusu qışa qədər ölkəmizin ərazi bütövlüyünü tam bərpa edəcək.

Report xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov bildirib.

“Şübhə etmirəm ki, qışa qədər Azərbaycan ərazilərindəki bütün erməni silahlı birləşmələrini və işğalçı hakimiyyəti məhv edərək ərazi bütövlüyünü tam bərpa edəcək”, - o, feysbuk səhifəsində yazıb.

Ekspertlər Azərbaycan prezidentinin tək şərtini necə dəyərləndirirlər? Beynəlxalq güclər hansısa təzyiqlərlə əslində Ermənistanın xilası naminə hərbi əməliyyatların dayandırılmasına nail ola bilərlərmi? Politoloq Zaur Məmmədov “Yeni Müsavat”a bildirdi ki, döyüşlərin dayandırılması üçün Ermənistan işğal altındakı torpaqları tərk etməlidir: “Müharibənin dayandırılmasını tələb edən beynəlxalq güclər bunu qəbul etsələr, yaxşı olar. Hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazilərində gedir”. Z.Məmmədov qeyd etdi ki, indiki halda heç bir güc döyüşləri saxlaya bilməz: “Türkiyənin varlığı mühüm amildir. Lakin uğurlar genişləndikcə təzyiqlərin artması gözləniləndir”.

Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, bizim şərtimiz bəllidir və sadədir: “İşğalçı ordu Azərbaycan ərazilərini tərk etməlidir. Amma inanmıram ki, hələlik onlar bu şərtə razılaşsınlar.

Biz düşmənə o dərəcədə zərbə vurmalıyıq, resurslarını tükəndirməliyik ki, bizim şərtimizi qəbul etsinlər. İndiki halda qəbul etməyəcəklər. Amma qəbul etməyəcəkləri halda da resursları tükənəcək. Azərbaycanın əhalisi Ermənistanın əhalisindən beş dəfə çoxdur, hərbi büdcəmiz onların büdcəsindən dəfələrlə artıq. Yorucu müharibə davam etdikcə, Ermənistanın resursları azalacaq, bunu Robert Köçəryan özü də son açıqlamalarında etiraf etmişdi. Erməni ekspertlərlə görüşündə demişdi ki, Ermənistan resurs müharibəsinə hazır deyil. İndi daha çox resurs mübarizəsi gedir. Kimin daha çox resursları varsa, qələbə də onun tərəfindədir, resurslar isə bizim tərəfimizdədir. Doğrudur, Rusiya Ermənistana hərbi yükləri göndərməkdə davam edir. Amma biz də PUA-larımız vasitəsilə onları darmadağın edirik, Ermənistan isə bu silahlara malik deyil. Əminik ki, ordumuz öz sözünü deyəcək".

Yazı çapa hazırlanarkən “Yeni Müsavat” Media Qrupunun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları döyüşlərin davam etdiyini xəbər verdilər.

Allah Ordumuzu qorusun! Qələbə bizimdir, inşallah!

xudaferin.eu

11:19