Vətən müharibəsinin 1 ayı- 30 günün böyük tarixi qələbələri

Azərbaycan xalqı və dövləti dünyanı heyrətləndirməyi bacardı; biz bu qısa müddətdə təkcə özümüzü deyil, həm də dövlətimizə rəhbərlik edən adamı kəşf etdik; Tofiq Zülfüqarov: “Paşinyan başa düşür bu vəziyyət uzun müddət davam edə bilməz”
 

27 sentyabrda Ermənistanın təxribatına cavab olaraq əks-hücum əməliyyatı ilə başlayan ikinci Qarabağ müharibəsi – Vətən Müharibəsinin 1 ayı tamam oldu.

Tarix baxımından bəlkə də elə uzun müddət deyil, amma Azərbaycan xalqının on illər boyu gözlədiklərinin fonunda bu bir ay əsrə, bəlkə də iki əsrə bərabərdir. Ona görə ki, son 200 ildə böyük imperiyaların təcavüzkarlığı nəticəsində tarixi ərazilərini davamlı şəkildə itirən, üstəlik, öz torpağında qan düşməninə dövlət yaradılması faktına dözməyə məhkum edilən bir xalq özünə qayıdıb, Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz tarixi ədaləti bərpa etməkdədir.

Yazı hazırlanarkən cəbhədə gərgin döyüşlər davam edirdi. Azərbaycan ordusunun zərbələrinə cavab vermək imkanları minimuma enən alçaq düşmən yenə də “Azərbaycanın Stalinqradı” adını qazanmış Tərtər şəhəri başda olmaqla, bir sıra yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə tutur.

Bu günədək düşmənin məhv edilən silah-sursat. Hərbi texnika arsenalı azı 2 milyard dollar məbləğindədir. Belə ki, Ermənistana məxsus itkilər aşağıdakı kimidir: 252 tank məhv edilib, 53 tank qənimət kimi götürülüb. Toplam 305 tankdan Ermənistan məhrum edilib. Piyadaların Döyüş Maşını – 50-si məhv edilib, 29-u qənimət kimi götürülüb – cəmi 79 ədəd. Müxtəlif çaplı toplar – 251-i məhv edilib, 24-ü qənimət kimi götürülüb, cəmi 275. Minaatan – 61-i məhv edilib, 45-i qənimət kimi götürülüb, toplam 106; Tank əleyhinə vasitə - 53-ü məhv edilib; 82 “Qrad” qurğusu məhv edilib; 2 “Uraqan” Yaylım Atəşli Raket Sistemi, 1 “TOS” məhv edilib; Zenit-raket kompleksləri - 4 “TOR”, 40-a yaxın “OSA”, 4 “KUB”, 1 “KRUQ”, 2 “S-125” qurğusu məhv edilib; 6 “S-300” atıcı qurğusu məhv edilib; Əməliyyat taktiki raket kompleksləri – Elbrus, ikisi məhv edilib, “Toçka-U” biri məhv edilib; Yük avtomobilləri – 231 yük avtomobili məhv edilib, onlardan 20-si sursatı ilə. 173 yük avtomobili hərbi qənimət kimi götürülüb, toplam 404 yük avtomobili.

1601298129602_k5pzbpzc.jpg (32 KB)

Azərbaycan Ordusu bir ay ərzində 28 ildə mümkün olmayanı reallaşdırdı. İgid əsgər və zabitlərimiz cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kəndi erməni işğalından təmizlədi. Ümumilikdə, Cəbrayıl şəhəri və rayonun 64 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 38 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 2 kəndi, Qubadlı şəhəri və rayonun 11 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olundu. Qəhrəman ordumuz tarix yazmaqda davam edir.

İşğalçı ölkə hələ ki, itkilərinin az bir qismini etiraf etməkdədir. 27 oktyabrda Ermənistan Müdafiə Nazirliyi bir aylıq döyüşlərdə 1009 hərbçisinin məhv edildiyini rəsmən elan edib, amma itkilər dəfələrlə çoxdur. Bunu döyüş meydanındakı cəsədlərin saysız-hesabsız olması da təsdiqləyir.

Digər tərəfdən, Ermənistanın sərhəd qoşunlarının rəhbərliyi də döyüş itkilərinin sayını açıqlamağa başlayıb. Qurumun direktor müavini Armen Abazyan sərhəd qoşunlarının şəxsi heyətinin də döyüş əməliyyatlarına cəlb edildiyini açıqlayıb. Bildirib ki, döyüşlərdə 37 nəfər ölüb, 4 nəfər itkin düşüb, daha 243 sərhədçi isə yaralanıb.

Sərhəd qoşunlarının tam heyətdə döyüşlərə qatılması erməni ordusunun acınacaqlı vəziyyətdə olmasından xəbər verir.

İrəvan etiraf edib ki, onların 17 hərbçisi Azərbaycan əsirliyindədir, bir neçə nəfər itkin sayılır. Qarabağ cəbhəsində düşmən ordusunun ağır zərbələr alması, əsgər və zabitlərin ruh düşkünlüyündə olması elə erməni mənbələrinin yaydığı kadrlardan da aydın görünür.
Baş nazir Nikol Paşinyanın “erməni xalqı ağrılı güzəştlərə hazırdır” deməsi, həmçinin Ermənistan Müdafiə Nazirliyinin təmsilçisi Artsrun Ovannisyanın “bizdən 12 dəfə güclü olan ordu ilə döyüşürük”, etirafı ermənilərin ağ bayraq qaldırmaq ərəfəsində olduğunu deməyə əsas verir.  

Digər tərəfdən də düşmən ölkənin Müdafiə Nazirliyi vətəndaşlara müraciətlə ön cəbhəyə smartfon telefonlarını göndərməməyi tələb edib. Bəyan olunub ki, smartfonun siqnalını pilotsuz uçuş aparatı da tapa bilir və telefonun sahibi hədəfə çevrilir.   

Bundan əlavə, Ermənistanın hakimiyyət orqanları bildiriblər ki, azərbaycanlılar hətta evlərdəki kameralara müdaxilə imkanına malikdirlər. Beləliklə, ordumuz və mütəxəssislərimiz düşməni İrəvanda belə, rahat oturmağa qoymur.

İşğalçı ölkənin miskin durumda olması fonunda Azərbaycan xalqının və ordusunun böyük ruh yüksəkliyi, dövlətimizin, Prezidentin qətiyyəti böyük qələbəni qaçılmaz edir. İşğalçı ölkədə hərbidən yayınmağa görə vətəndaşlar məsuliyyətə cəlb edilir, hətta koronavirus bəhanəsilə döyüş qabiliyyətli insanların Qarabağa getməkdən imtina etdikləri barədə faktlar ortaya çıxır. Azərbaycanda isə on minlərlə vətəndaş orduya çağırılmaq üçün növbəsini gözləyir.

_113461805_018.jpg (24 KB)

Azərbaycanı istəməyən qüvvələr isə bu qədər insan resursu olan ölkəni utanmazcasına “muzdlularla əlaqədə” ittiham edəcək qədər absurda gedirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, ehtiyac olarsa, ümumi səfərbərliyə də gedilə bilər, amma hələlik buna zərurət yoxdur. Belə olan halda Azərbaycan niyə hansısa ölkədən muzdlu döyüşçü gətirməlidir ki?

Bu gün Azərbaycanda görünməmiş milli ruh mövcuddur. İşğal altında olan torpaqlarımızla bərabər, milli ruhumuz da özümüzə qayıtdı. Hər kəs təsdiq edir ki, artıq dünyada Azərbaycana münasibət dəyişib, daha bizi kimlərdənsə asılı bir toplum olaraq görmürlər, döyüşkən xalq kimi tanımağa başlayırlar, üstəlik, ABŞ, Rusiya ekspertləri öz ordularında Azərbaycanın hərbi təcrübəsindən istifadə etmək zərurəti barədə danışmağa başlayıblar. Azərbaycan ordusunun Türkiyə istehsalı olan “Bayraktar”dan istifadəsi dünya hərb sənayesinə 15 trilyonluq zərər vurub, artıq tankların əhəmiyyəti itib. Biz buna nail olmuşuq! Ordumuz və apardığımız müharibə tarixə həkk olundu -  dünyanın böyük dövlətləri bu savaşın modelini öyrənir -  “5-ci nəsil müharibə” adlandırır hətta düşmən ölkənin təmsilçiləri.

27 sentyabrdan başlayaraq, həm də bizim xalq olaraq özümüzün özümüzə münasibətimiz dəyişib. Qələbələrimizin seriyasına yeniləri əlavə olduqca ayağımızı torpağımıza bərk basırıq, bir-birimizi daha çox sevməyə başlamışıq, “imzamızın imzalar içində” olduğundan qürur hissi keçiririk. Dövlət başçısı xalqa müraciətində də bəyan etdi ki, bu gün yumruq kimi birik və bizim birliyimizi heç kəs poza bilməyəcək! Bəli, “beşinci kolon” məqsədinə nail ola bilmədi. Heç şübhəsiz ki, Azərbaycanı sınaq meydanına döndərmək üçün maliyyə xərcləyən çevrələrin ən böyük məqsədi Qarabağın qoparılması idi, mariet bir hakimiyyət qurub tarixi torpaqlarımızın erməniyə güzəşt edilməsinə nail olmaq istəyirdilər. Ancaq bu günlərdə qətiyyəti, əzmi, intellekti, yüksək diplomatik bacarığı, siyasi təcrübəsi ilə dünyanın nəzər-diqqətini özünə cəlb edən Prezident İlham Əliyevin daxili və xarici siyasəti, yürütdüyü uğurlu kurs məkrli çevrələrin arzusunu ürəyində qoydu. Biz bu qısa müddətdə təkcə özümüzü deyil, həm də dövlətimizə rəhbərlik edən adamı kəşf etdik. Prezident İlham Əliyevin bütün parametrlər üzrə yüksək potensialı və qabiliyyətləri üzə çıxdı. Nəticədə Azərbaycan xalqının arzu-istəkləri reallaşmağa başladı. Budur, Azərbaycanın şanlı Ordusu Şuşanın, Laçının, Kəlbəcərin mərkəzinə yaxınlaşmaqdadır...  

Ötən bir aylıq Vətən müharibəsində ölkə, millət bir könüllülük hərəkatına çevrildi.  Hamı çalışdı, hamı canını ortaya qoydu. Yeni Şəhidlik məktəbi yaratdı Azərbaycan. Milli birliyimiz, diasporamızın ayaqda olması nəticəsində erməni mifi darmadağın edildi. Dünya ermənizminin 200 illik xain ideologiyası məhv oldu! Onsuz da himayədarlarının sayəsində ayaqda qalan erməni dövləti laxladı və çökmək üzrədir. Təsadüfi deyil ki, az-çox ağıl sahibi olan erməni məşhurlar bu gedişlə Ermənistanın varlığının sual altına düşəcəyini deyib çıxış yolları arayırlar.
Çıxış yolunu isə Azərbaycan Prezidenti da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində növbəti dəfə bəyan etdi.

Sitat:  “Biz Qarabağ regionunun, – təkcə Dağlıq Qarabağın deyil, həm də Aran Qarabağın, çünki Qarabağ Azərbaycanın böyük bir hissəsidir, - gələcəyini həm oraya qayıtmalı olan azərbaycanlıların, həm də hazırda orada yaşayan ermənilərin dinc yanaşı yaşayacaqları firavanlaşan, dinc bir ərazi kimi görürük. Bizim mövqeyimiz bundan ibarətdir”. Dövlət başçımız deyib ki, biz hər bir halda torpaqları qaytaracağıq. “Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır”, -deyə Prezident əlavə edib.

_105007563_tofiqzlfqarov.jpg (66 KB)

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, ötən bir ayda status-kvo dəyişib: “Özü də təmas xəttində status-kvonun dəyişməsi vasitəçilik formatında da dəyişikliyə gətirib çıxara bilər. Çünki Minsk Qrupunun effektiv olmaması göz qabağındadır. Bu qrupun də, həmçinin gələcəkdə sülhməramlı qüvvələrin də formatı da dəyişə bilər. Ən əsası indiki mərhələdə hiss olunur ki,bundan qabaq hazırlanmış prinsiplər də dəyişməlidir. Çünki o prinsiplər o vaxtlara aid idi. Əbəs yerə prezident demədi ki, 5 rayon deyirdiniz, indi 4-ü bizdədir, yenədəmi 5 deyəcəksiniz? Bu, ona işarədir ki, ümumiyyətlə, əvvəlki prinsiplər aktual deyil”.

T.Zülfüqarov hesab edir ki, indiki mərhələdə Ermənistanın iki aktual mövzusu var: “Birincisi, onlar bu vaxtadək deyirdilər ki, Qarabağ ermənilərinə hərbi təminat veririk və bunu təmin edirik. İndi müharibə o nəticəni ortaya çıxartdı ki, sən təminat verən, mənim ərazimdə mənə qanun oxuyan deyilsən. Ona görə də ordunu götür, çıx, get! İkinci tərəfdən, Qarabağ ermənilərinin taleyindən söhbət gedir. Fikrimcə, Ermənistan deyəcək ki, mən qrafik üzrə ərazilərdən çıxıram, amma sən də mənə Qarabağ erməniləri ilə hansı şəkildə davranacağın barədə təminat verməlisən. O halda da təminat verən mən olmayım, hansısa müşahidəçilər, yaxud sülhməramlı qüvvələr olsun. Şəxsən mən erməni tərəfdən belə bir addım gözləyirəm. Təbii ki, ermənilər öz xeyirlərinə hansısa təşəbbüslər irəli sürəcəklər”.

Sabiq nazir qeyd etdi ki, cənab prezident bütün prosesləri qabaqlayaraq mədəni muxtariyyat təklifini irəli sürüb.
T.Zülfüqarov hesab edir ki, beynəlxalq aləmin Ermənistanı sıxışdırılması halında təslimçiliyə imza atılması variantı da gündəmə gələ bilər: “Paşinyan o halda deməlidir ki, “məni vurma, Qarabağdan çıxıram”. Amma bu addımın icrası çox böyük şübhə altındadır. Çünki Paşinyan bunu deyərsə, artıq daxildə partlayış olacaq. İndiki halda təbii ki, Paşinyan hazırlıq görür. Paşinyan başa düşür bu vəziyyət uzun müddət davam edə bilməz. Gördüyümüz kimi, erməni hərbçilər cəbhədən qaçmağa başlayıblar, Ermənistan tərəf bunu etiraf edir. Onların qurduqları “kağız ev” kimi dağılacaq”.   

Və budur, işğalçı ölkədə böhran son həddə çatıb. Ermənistanın birinci baş naziri (1990-1992), ölkənin ikinci müdafiə naziri olmuş (1992-1993), hazırda Milli Demokratik Birlik partiyasına sədrlik edən Vazgen Manukyan Ermənistan hakimiyyətini istefaya çağırıb. Manukyan etiraf edib ki, bu gün Ermənistan tarixin biabırçı və dağıdıcı səhifəsini yaşayır: “Biz tariximizin biabırçı və dağıdıcı səhifəsini yaşayırıq. Yalnız "Artsax" deyil, (Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi – red) həmçinin Ermənistan, ermənilərin gələcəyi də təhlükə altındadır. Vəziyyəti dəyişdirmək mümkündürmü? Bəli! Ancaq mövcud hökumətin dövründə yox. Nə edilməlidir? Bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya təhvil verməlidir. Bunu dağıdıcı zərbələr olmadan könüllü şəkildə etməlidirlər. Bütün hakimiyyəti əlinə alan ordu mövcud müharibə vəziyyəti üçün lazımi tədbirləri təşkil etməli, "Artsax"la birlikdə ortaq Müdafiə Komitəsi yaratmalıdır. Yeganə xilas budur. Əks təqdirdə hər şeyi itirə bilərik”.
 Siyasi partiyalar isə N.Paşinyandan təcili şəkildə Təhlükəsizlik Şurasını toplamağı tələb ediblər. Paşinyanın arvadı Anna Akopyanın da “həll modeli” var, 13 model-qadınla silahlanıb Qarabağa gəlir, döyüşmək üçün.

Yeri gəlmişkən, Ermənistandakı hakimiyyət böhranı 27 oktyabr 1999-cu il tarixində baş verən terroru xatırladır. Həmin gün Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələmişdi. İndi terror üçün daha çox zəmin var...
N.Paşinyan siyasi meyitdir və sayılı günləri qalıb. Amma bu, bizi maraqlandırmır, bizə Qarabağ lazımdır, onu da düşməndən təmizləyirik.

Xudaferin.eu

13:52