Vəkil Bayram Məmmədovun qeyri-insani rəftara məruz qaldığını bildirir

 

Vəkil Elchin Sadiqov hüquqlarını müdafiə etdiyi gənc fəal Bayram Məmmədovun cəzaçəkmə müəssisəsində qeyri-insani rəftara məruz qaldığını bildirir.
 

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra həbs olunublar. Ancaq onları qanunsuz narkotik maddə dövriyyəsində ittiham edərək hər birini 10 il azadlıqdan məhrum ediblər. Amnesty International təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu “vicdan məhbusu” elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik maddə ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir. Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, aprelin 29-da Bayram Məmmədovla görüşmək üçün 13 saylı Cəzaçəkmə Müəssisəsinə gedib və onu bir saatdan çox gözlədiblər.

“Qapıda məni bir saatdan çox gözlətdilər, halbuki, görüş məktubum var idi və bundan əvvəl də görüşmüşdüm. Məktubu tapa bilmirik bəhanəsilə 1 saatdan çox gözlətdilər. Hiss etdik ki, istəkləri gözləməkdən bezib Bayram Məmmədovla görüşdən imtina edib geri qayıtmağım idi. Bir saatdan sonra görüşə icazə verdilər. Lakin qol saatımı və ilk dəfə olaraq avtomobilimin açarını qanunsuz olaraq onlara verməli olduğumu bildirdilər. Etiraz etsəm görüşə icazə verilməyəcəyi bildirildiyindən avtomobilin açarını da verdim və Bayram Məmmədovla görüşdüm”.

Görüş zamanı Bayram Məmmədov vəkilə bildirib ki, həbsxana rəhbərliyinin ona münasibəti çox pisdir. “Cəzaçəkmə Müəssisəsi rəhbərinə çatdırıblar ki, o, ulu öndərin heykəlinə qarşı hörmətsizlik etdiyinə görə daim press altında olacaq. Bayram Məmmədov həbsxanaya yerləşdirildiyi gündən bəri xəstədir, səbəb isə odur ki, ona yatmaq üçün yeri tualetin yanından və daim soyuq havanın oynadığı yerdən veriblər. Dəfələrlə rəhbərliyə müalicə olunmaq və yerinin dəyişdirilməsi üçün müraciət etməsinə baxmayaraq, ona heç bir əhəmiyyət verilməyib. Tibb hissəsində tsitramon və aspirin adlı dərmanlardan başqa dərmanın olmadığını bildirib. Ona edilən bu pis münasibətin nəticəsində ağır xəstədir və hətta 24 aprel 2017-ci il tarixində ağır qızdırmalı xəstə olduğuna görə dəstə rəhbərini və başqa nəzarətçiləri xəbərdar edib ki, yataq xəstəsi olduğundan axşam "razvoduna" (sıra baxışı) çıxa bilməyəcək, onun xəstə olmasına görə sıra baxışına çıxa bilməyəcəyini İlkin Rüstəmzadə də müəsissə rəhbərliyinə çatdırıb. Bütün bunlara baxmayaraq, Bayramı xəstə vəziyyətdə proqulkaya (gəzinti yeri) aparıblar və qollarını arxadan qandalla bağlayaraq gözlədiblər. Bayram Məmmədovun xəstə olduğu üçün sıra baxışına çıxmadığı barədə iki izahatını cırıblar və bildiriblər ki, o, sadəcə, “sıra baxışına çıxmamışam” yazmalıdır. Soyuqdan donduğundan 5-6 saatdan sonra qısa izahat yazıb ki, “sıra baxışına çıxmamışam”, - vəkil yazıb.

B.Məmmədov bildirib ki, bundan əvvəl də onu müəssisə əməkdaşları işləməyə məcbur edib. “O bildirib ki, bura cəzaçəkmə müəssisəsidir, islah əmək koloniyası deyil, əgər məcburi əməyə cəlb edilirsə yazılı qərar verilsin. Bayram Məmmədovun bu sözündən sonra onu paltarları məcburi soyundurulub karsın (cərimə kamerası) darısqal, üstü açıq, dörd divardan ibarət gəzinti yerinə salınıb və saatlarla orada saxlanılıb. Bayram Məmmədov bildirir ki, bu qanunsuz hərəkətlər onun sağlamlığına ciddi təsir göstərir və müəssisəyə daxil olduğu gündən ağır xəstədir, bu hərəkətlərin nəticəsində sağalmır, sanki bu hərəkətlər onun fiziki məhv edilməsinə yönəlib”, - o Facebook səhifəsində yazıb. Vəkil Bayram Məmmədovun bildirdikləri ilə bağlı mayın 1-də rəsmi qurumlara şikayət göndərəcəyini deyib. Bayram Məmmədov vəkildən xahiş edib ki, ombudsman və Qırmızı Xaç Komitəsinin nümayəndələri ona baş çəksin və onun fiziki məhvinin qarşısını alsınlar.
“Bayram Məmmədova qarşı edilən qanunsuz hərəkətlərin qarşısının alınması ilə bağlı müəsissə rəhbərliyi ilə əvvəllər söhbət etsəm də heç bir səmərəli nəticə olmayıb”, - vəkil qeyd edib. Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən vəkilin yazdıqlarına cavab almaq mümkün olmayıb. "Biz vəkilin Facebook-da yazdıqlarına cavab vermirik", - Penitensiar Xidmətin əməkdaşı bildirib.

Contact.az

 

17:50