Vidadi Muradov: Xocalı ərazisində tarixən nadir Azərbaycan xalçaları toxunub

 

Qarabağ Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Bu bölgəyə daxil olan Xocalı rayonunun Badara, Ballıca, Dağ Qışlaq, Dağbulaq, Qaladərəsi, Qızılqaya, Mehdibəyli və digər kəndlərində tarixən məşhur Azərbaycan çeşniləri əsasında bir-birindən gözəl xalçalar toxunub. Xüsusilə XIX əsrin əvvəllərindən rayon işğal olunanadək bu proses daha intensiv şəkildə davam edib. Bu kəndlərdə yaşayan boyaqçıların, toxucuların, xalça tacirlərinin Şuşada, Ağdamda, Ağdərədə, Kəlbəcərdə, Laçında, Xocavənddə, Xankəndidə yaşayan həmkarları ilə sıx yaradıcılıq ənənələri olub.

 

Bu sözləri açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov deyib. “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” adlı elmi-fundamental layihə çərçivəsində Xocalı rayonunun 30-a yaxın xalça və xalça məmulatı, 50-ə yaxın xalçaçısı haqqında məlumatlar, fotoşəkillər topladıqlarını bildirən V.Muradov deyib: “Bu xalçaçılar respublikamızın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. Artıq 25 ildir ki, Xocalı işğal olunub. Lakin bu xalçaçıların heç biri öz xalça toxumaq bacarığını itirməyib. Əksinə, çətin şəraitdə olsalar belə, bu sənəti yaşada, hətta gənclərə öyrədə və sevdirə biliblər”.

Vidadi Muradov bildirib ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətə başlayacaq yeni filiallarında respublikamızın digər bölgələrindən olan xalçaçılar kimi Xocalı xalçaçıları da daimi iş yerləri ilə təmin olunacaqlar. Onlar öz bilik və bacarıqlarını istehsalatda tətbiq edəcək, Azərbaycan xalçaçılığının inkişafına öz töhfələrini verəcəklər. “Azərxalça” gələcəkdə filiallarını Xocalı ilə yanaşı, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl və Ağdam rayonlarında da yaratmaq niyyətindədir. Bu filialların tam gücü ilə fəaliyyət göstərməsi üçün Qarabağ bölgəsi zəngin və istedadlı kadr potensialına malikdir”, - deyə Vidadi Muradov əlavə edib.

Xudaferin.eu

09:55