Vergi amnistiyasının gizlinləri: Ancaq öz borclarını “silirlər”

Ölkə başçısının Milli Məclisə göndərdiyi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi daha çox dövlət qurumlarına şamil olunacaq. Belə ki, vergi amnistiyasının şamil olunacağı qurumların 1037-si dövlət sektoruna aid olan şirkətlər və qurumlardır. Qeyd edək ki, həmin qurumların arasında “Azərsu” ASC-də var və “Azərsu” ASC-nin dekabrın 1-dək 20.8 milyon manat borcu, 2.2 milyon manat isə maliyyə sanksiyası olduğu bildirilir.  Buradan belə çıxır ki, hökumət özünün-özünə olan borcunun siləcək. Hökumətin həyata keçirmək istədiyi vergi amnistiyası əslində bütün sektora aid olunmalı idi. Əksər halda hökumət bu layihədən gözlədiklərini ala bilməyəcək. Əslində hökumətin bu gün yürütdüyü vergi siyasəti bir-birinə əks olması ilə seçilir. Bir müddət öncə vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxışı zamanı səsləndirdiyi fikirlərdən məlum olur ki, 2017-ci ildə hər kəs vergi ödəyicisi olacaq. Yəni, gələn ildən hər bir sənət sahibi sadələşdirilmiş vergi ödəyicisinə çevriləcək. Digər tərəfdən isə hökumət vergi amnistiyası elan etməyə hazırlaşır. Ancaq göründüyü kimi, bu layihənin əsas məqsədi dövlət qurumlarının vergi borclarını sıfırlamaqdır. Bu isə digər özəl qurumlarda narazılıqlara səbəb olacaq. Məsələ ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirli deyir ki, əslində vergi amnistiyası qurumlara şamil edilərkən ayrı-seçkilik qoyulmamalı idi. Onun sözlərinə görə, ayrı-seçkiliyin qoyulması bu layihənin səmərəliyini azaldacaq: “Amma bu təklif hələ ki, müzakirə ərəfəsindədir və hələ qəbul edilməyib. Hesab edirəm ki, Milli Məclis üzvləri və bu müzakirələrdə iştirak edən mütəxəssislər bu məsələyə daha çox diqqət ayırmalıdır. Dövlət şirkətlərilə özəl şirkətlər arasında fərq qoyulmamalıdır. Vergi amnistiyası ölkədə fəaliyyət göstərən bütün subyektlərə eyni qayda da tətbiq edilməlidir. Digər tərəfdən amnistiyanın daha çox dövlət şirkətlərinə tətbiq edilməsi gələcəkdə həmin qurumların bundan sui- istifadəsinə gətirib çıxardacaq. Əslində bu gün vergi aministiyası ölkənin bütün iqtisadi subyektlərinə şamil edilməsi vacibdir. Ona görə ki, ölkədə dövlət büdcəsinin doldurulması məsələsi problemə çevrilib. Əgər bu yolla leqallaşma aparmaq istəyiriksə, vergi amnistiyasını daha geniş spektra şamil etməliyik ki, büdcəyə daha çox cəlb edə bilək.  

Məsələ burasındadır ki, Azərbaycanda tətbiq edilməsi nəzərdə tutulan vergi amnistiyası həm əhatə dairəsi, həm də zaman baxımından məhduddur. Hesab edirəm ki, bu məsələyə beynəlxalq təcrübədən yanaşmaq lazım idi. Hal-hazırda Azərbaycanda tətbiq olunan vergi amnistiyasının müddəti 3 ay nəzərdə tutulur. Amma düşünürəm ki, bu müddət 1 ilə qədər artırılmalıdır. Davamlı olaraq bu məsələni diqqətdə saxlamaq istəyirlərsə, bunun vaxtını uzatmaq lazımdır. Dünyanın elə ölkələri var ki, bu cür vergi amnistiyaları müəyyən kriteriyalar daxilində daimi olaraq həyata keçirilir. Hesab edirəm ki, vergi amnistiyasına az müddət qoyulması bu layihənin səmərəsini azaldacaq. Bu məhdudiyyət aradan qaldırılmalıdır ki, bunun səmərəliyi daha artıq olsun”.

Vilayət Muxtar
Cebhe.info

11:30