Venesuela prezidenti BMT-dən yardım istədi

 

Venesuela prezidenti Nikolas Maduro BMT-dən xahiş edib ki, ölkədəki dərman qıtlığı problemini aradan qaldırmaqda onlara yardımçı olsunlar. Kəskin iqtisadi böhranda olan neftlə zəngin Cənubi Amerika ölkəsində dərmanların qıtlığı problemi ağır olaraq qalır.

Ölkədə baş vermiş üç rəqəmli inflyasiya və sosialist iqtisadiyyat modelinin tənəzzülü venesuelalıların adi soyuqdəymə vasitələrindən tutmuş, kimyateropiya dərmanlarına qədər müxtəlif əczaçılıq məhsullarına çıxışını mümkünsüz edib. Yardımın növünü dəqiqləşdirməyən Maduro, BMT-nin əczaçılıq sənayesi haqqında daha məlumatlı olduğunu bildirib.

“Mən onlardan xəstəxanaların lazımi dərmanlarla təmin edilməsi istiqamətində göstərdikləri dəstəklərini davam etmələrini xahiş etdim,” deyə, o bildirdi. Venesuela Əczaçılıq Federasiyasının hesablamalarına görə, ölkə vətəndaşları dərmanların 85 faizindən məhrumdurlar. Maduro dəfələrlə deyib ki, ölkədəki iqtisadi böhranın və geniş yayılmış qıtlığın səbəbkarları ölkə müxalifəti və ABŞ-ın başlatdığı “iqtisadi müharibə”dir.

Tənqidçilər bildirirlər ki, iqtisadi problemlər özəl sektorun zəifləməsinə səbəb olan yarasız qiymət müdaxiləsinin və məzənnə nəzarətinin nəticəsidir.

Amerikaninsesi.org

16:02