"Valday" müzakirələri: qlobal siyasətin çətinlikləri və dünya ağalığı iddiaları

İndi hamı dünya miqyasında mövcud olan problemlərdən danışır. Mütəxəssislər və siyasətçilər vəziyyətin getdikcə mürəkkəbləşdiyini, meydana yeni təhdidlərin çıxdığını və qlobal trendlərin qeyri-müəyyənliyini vurğulayır, bu əsasda yaxın perspektivdə bəşəriyyəti nələrin gözləyə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Maraqlıdır ki, böyük dövlətlərin liderləri belə hesab edirlər ki, proseslər bu istiqamətdə davam etdiyi təqdirdə olduqca təhlükəli durum ortaya çıxa bilər. Lakin daha təəccüblüsü odur ki, bu fikirləri söyləyənlər konkret xilas yolu göstərmirlər - hər kəs qarşısındakını ittiham edir. Bu isə beynəlxalq münasibətlərdə dialoq imkanlarını heçə endirir. Hurriyyet.org newtimes.az-a istinadən bildirir ki, o cümlədən universal beynəlxalq təşkilatların təkmilləşdirilməsi işinə əngəllər törədir. Bu kimi məsələlərin müzakirəsinə həsr edilmiş "Valday" beynəlxalq diskussiya klubunun növbəti tədbiri maraqlı keçib. Burada Rusiya Prezidenti Vladimir Putin də çıxış edib.

"Qaydasız qaydalar": böyük güclərin rəqabət hərisliyi

Soçidə oktyabrın 24-27-si tarixində ənənəvi beynəlxalq diskussiya klubu "Valday"ın XIII sessiyası keçirilib. Bu tədbirdə dünyanın 35 ölkəsindən 130-dan çox mütəxəssis iştirak edib, beynəlxalq münasibətlərin, daxili siyasi quruluş məsələlərinin, iqtisadiyyatın, demoqrafik vəziyyətin və texnologiyaların inkişafının aktual problemlərini müzakirə ediblər. Müzakirələrdə həm də dünyanın siyasi xəritəsində müşahidə edilən radikal dəyişikliklərin və demokratik prosedurların böhranının fəsadlarının azaldılmasına, Rusiya-Avropa İttifaqı münasibətlərinin inkişaf etdirilməsi yollarına, qlobal dünyanın 10 ildən sonrakı quruluşuna diqqət yetirilib. Yekun sessiyada Finlandiyanın, Avstriyanın və Cənubi Afrika Respublikasının keçmiş prezidentləri (Tarya Halonen, Haynts Fişer, Tabo Mbeki) iştirak ediblər. Adəti üzrə tədbirdə Prezident Vladimir Putin də çıxış edib. Rusiya dövlət başçısının budəfəki nitqində qlobal siyasətin aktual problemləri və Qərb-Rusiya münasibətlərinin gündəmdə olan məqamları əks olunub. V.Putin təəssüflə vurğulayıb ki, "Valday" klubunun keçən ildəki tədbirindən bu yana qlobal siyasətdə müsbət dəyişiklik müşahidə edilməyib. Siyasi və iqtisadi sahələrdə mövcud olan ziddiyyətlər qalıb və bir sıra məqamlarda daha da dərinləşib. Bu mənada hazırkı müzakirələrin mövzusunun "Gələcək bu gün başlayır: sabahkı günün cizgiləri" adlandırılması tam yerinə düşür, müasir geosiyasətin nəbzini ifadə edir. Rusiya Prezidenti qarşılıqlı inamsızlığın artdığını və qloballaşma layihəsinin özünün böhrana düşdüyünü söyləyib. Bu cür məqamlar dünya birliyi qarşısında duran çağırışlara və real təhlükələrə səmərəli cavab verməyə mane olur. V.Putin fikrini inkişaf etdirərək deyib: "...Avropada isə artıq - biz bunu yaxşı bilirik, eşidirik - multikulturalizmin baş tutmadığından danışırlar" (bax: Заседание международного дискуссионного клуба "Валдай" с участием Владимира Путина / "Valdaiclub.com", 27 oktyabr 2016). Sonuncu fikir bizim üçün iki aspektdə çox çaraqlıdır. Birincisi, Qərb siyasi şüurunda dünya miqyasında fərqli siyasi yanaşmaların uyğunlaşdırılması prosesinin iflasa uğraması haqqında qənaətin meydana gəlməsi (Rusiya dövlət başçısı "multikulturalizm" dedikdə, həm də bu cəhəti nəzərdə tutur). İkincisi, Avropa cəmiyyətlərində multikultural dəyərlərə önəm verilməməsi, xüsusilə islamofobiyanın genişlənməsi. Rusiya Prezidenti belə bir vəziyyətin yaranması səbəblərindən də bəhs edib. Onun fikrincə, keçən əsrin 90-cı illərinin əvvəllərində qloballaşmaya yeni nəfəs vermək, harmonik və dayanıqlı vəziyyətə gətirmək imkanı vardı. Lakin özünü dünyanın ağası sayan qüvvələrin özündənrazı mövqe seçməsi və başqalarına hökm etmək fikrinə düşməsi hər şeyi korladı. ABŞ başda olmaqla həmin dairələr "soyuq müharibə"nin qalibi kimi dünya siyasəti və iqtisadiyyatını öz maraqlarına uyğun dəyişdirməyə istiqamətləndilər. Bu isə eyforiyaya qapılmaq demək idi. Təcrübə göstərdi ki, siyasətdə belə hərəkət təsirsiz ötüşmür və bütün dünyanı çətin vəziyyətə salır. Çünki dövlətlər heç də öz başları üstündə kiminsə ağalıq etməsinə razı deyillər. Dolayısı ilə Qərbin seçdiyi qeyri-konstruktiv yol, dialoqa deyil, qarşıdurmaya aparan kurs qlobal geosiyasi prosesləri mürəkkəb situasiyaya sürüklədi. İndi də onun fəsadlarından dünya yaxa qurtara bilmir. "Valday" klubunun bununla bağlı apardığı müzakirələr həmin səbəbdən son dərəcə aktuallıq kəsb edir. Məsələ ondan ibarətdir ki, dünyanın böyük dövlətləri sülh və sabitlik üçün vazkeçilməz şərt olan dialoq apara bilmirlər. Dialoq sadəcə müxtəlif tərəflərin bir masa arxasında oturub danışması deyil. Siyasi kontekstdə bu, hər şeydən əvvəl, qarşı tərəfi tamhüquqlu iştirakçı olaraq qəbul etməklə ədalətli qənaətlərə varmağı ifadə edir.

Real dialoq: bəşəri təhlükələri aşmağın yolu

Görüntüdə deyil, real olaraq dialoqa getməkdən imtinanın isə beynəlxalq münasibətlər sisteminə mənfi təsirləri çox ciddi olub və bu hal indi də davam edir. V.Putin həmin özəlliyi xüsusi vurğulayıb. Belə ki, onun fikrinə görə, ötən dövrdə universal institutlar təkmilləşdirilmədi və yeniləri yaradılmadı. Əvəzində, bir sıra dövlətlər öz məxsusi strukturlarını, dünyanı anlama tərzini, öz norma və qaydalarını başqalarına yeritməyə çalışdılar. Bu isə "özü və sevimliləri üçün", seçilmişlər üçün qloballaşma və təhlükəsizlikdir (bax: əvvəlki mənbəyə). Gerçəklikdə kimliyindən asılı olmayaraq bu yolu seçənlər psevdoqloballaşmaya, süni təhlükəsizliyə yol açmış olur ki, nəticədə, bütün dünya o "çayda boğulmağa" məhkum edilir. Bunun konkret fəsadlarını biz Yaxın Şərqdə, Cənubi Qafqazda və Ukraynada görürük. Suriya və İraqda Vaşinqtonun özü və məqsədli olaraq seçdiyi "sevimliləri" üçün (bəzi məzhəb mənsubları və etnik qruplar nəzərdə tutulur) "demokratiya"nın hansı faciələr törətdiyi göz önündədir. Milyonlarla insan acından ölür, yurd-yuvasını tərk edir, müharibələrdə həlak olur. Bu proses isə davam edir. Amerikan hərb maşını müxtəlif bəhanələrlə anti-insani əməliyyatlarını dayandırmayıb, əksinə, onları yeni məkanlara yayır. Bununla doğrudan da böyük bir geosiyasi ərazidə xaos güclənir, dövlətlər iflas həddinə çatır. Cənubi Qafqazda da Qərbin "sevimli demokratı" var ki, bu da Ermənistandır. Onun təcavüzkar siyasətinə real olaraq mane olmur, əksinə, onu daha demokratik, insan haqlarını gözləyən ölkə kimi təqdim etməyə çalışırlar. Bu, o dərəcədə ölçüsüz şəkildə edilir ki, məhz Ermənistanın Azərbaycanın ərazisinin 20 faizini işğal etməsini görməzdən gəlirlər. Açığı, XXI əsrdə belə siyasi mövqenin adını tapmaq çox çətindir. Əgər orta əsrlər olsaydı, deyərdilər - barbarlıq! XXI əsrdə nə deyilsin? Yeri gəlmişkən, Cənubi Qafqaza münasibətdə yalnız Qərb deyil, Rusiya da eyni mövqe tutur. Bu da qlobal dialoqun baş tutmamasının çox incə səbəblərinin olduğunu bir daha təsdiq etməkdədir. Yəni böyük dövlətlərin liderlərinin öz məntiqlərində qüsurlu və təzadlı məqamlar kifayət qədərdir. Əsas olanı odur ki, məhz bu cür gizli aspektlər "Valday" kimi beynəlxalq müzakirələr məkanında üzə çıxır. Ola bilsin ki, bu, dəfələrlə təkrar olunsa, kimlərinsə vicdanı oyana. Lakin mütəxəssislər və siyasətçilərin də vurğuladığı kimi, məsələnin köklü həlli universal institutların təkmilləşdirilməsi ilə əlaqəlidir. Çünki dünyaya ağalıq iddiası olan yerdə universal beynəlxalq institutlar xaricində istədikləri qərarı verə bilirlər. Onlar özlərinə sərf edən qaydalar qoyur və başqalarını da ona əməl etməyə məcbur edirlər. Müəyyən mərhələdən sonra həmin qaydalar öz maraqlarına uyğun gəlmədikdə, onları ləğv edir, yenə də məxsusi istəklərə cavab verən yenilərini daxil edirlər. Bu yalançı demokratik qaydalar "istehsalı"nın nümunəsi olaraq Yuqoslaviyanın dağıdılması, Əfqanıstanda davamlı xaosun yaradılması, İraqın tar-mar edilməsi, Liviya, Misir, Suriya və başqa müsəlman ölkələrinin başına gətirilənlər, Ermənistanın təcavüzkarlığına havadarlıq, Ukraynanın faktiki olaraq ikiyə bölünməsi göstərilə bilər. Belə çıxır ki, hamının qəbul etdiyi universal beynəlxalq təsisat olmadıqda, dünya xaosa doğru sürüklənir. Bu kontekstdə böyük geosiyasi güclərin terror qruplarını yaratmaları və onları silahla təmin etmələri çox ciddi təhdid olaraq qalmaqdadır. Onun birbaşa fəsadlarını İraqda, Suriyada, Əfqanıstanda və Türkiyədə görürük. Nə vaxta qədər belə olacaq? Bu sual "Valday"da siyasilərin özlərinin qaldırdıqları aşağıdakı suallar kontekstində çox aktual görünür: "əgər hər şey belə davam etsə, dünyanı nələr gözləyir? Sabah o, necə olacaq? Sabitliyi, təhlükəsizliyi, iqtisadi artımın dayanıqlığını necə təmin etməli? İnsanların rifah halını necə artırmalı?" (bax: əvvəlki mənbəyə). Rusiya Prezidentinin özü bu suallara belə cavab verir: "Nə qədər kədərli olsa da, etiraf edək ki, dünyada bu məsələlərlə bağlı heç bir konsensus yoxdur" (bax: əvvəlki mənbəyə). Yəni, gələcəyin qlobal strategiyası və ideologiyası yoxdur. Deməli, zamanın qarşıya qoyduğu sualları dünyanın böyük dövlətləri ilk növbədə özlərinə verməlidirlər. Lakin onlar da problemlərdən başqasını ittiham zəminində danışırlar. Bu, yanlış mövqe olmaqla dialoqa aparmır. Dialoqsuz isə "sülh məbədi"nə yetişmək mümkün deyil.

Hurriyyet.org

14:21