Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq

 

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası oktyabrın 16-da ilk dəfə Rusiyada nümayiş etdiriləcək. Moskvada “Crocus City Hall”da təqdim olunacaq operada Məcnun obrazında xalq artisti Mənsum İbrahimov, Leyli rolunda isə beynəlxalq müsabiqələr laureatı, xanəndə Arzu Əliyeva çıxış edəcək.

Azərbaycan Milli Konservatoriyasında “Leyli və Məcnun”un ilk dəfə Rusiyada nümayişi ilə bağlı mətbuat konfransı keçirilib. Bildirilib ki, Şərqin 110 illik tarixə malik ilk operası “Leyli və Məcnun” Rusiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə nümayiş olunacaq. Operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, simfonik orkestrin dirijoru Xalq Artisti Yalçın Adıgözəlovdur.

Qeyd olunub ki, “Leyli və Məcnun”la Azərbaycan musiqi mədəniyyəti tarixində yeni dövr açılıb, eyni zamanda, opera janrının əsası qoyulub. Opera Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında hazırlanıb. “Leyli və Məcnun”un Rusiyada nümayişini Azərbaycan mədəniyyətində olduqca mühüm hadisə adlandıran rektor deyib: “Bu layihə bizə ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği üçün yeni imkanlar açır. Bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Bu operanın dünyanın bir sıra ölkələrində səhnəyə qoyulduğunu qeyd etməklə yanaşı  bildirilib ki, əsərin Rusiyada nümayişinə xüsusi önəm verilir. “Nümayiş zamanı tamaşaçıda “Leyli və Məcnun” operası haqqında təsəvvür yaratmaq və onların bu sənət incisinin mahiyyətini başa düşmələri üçün rus dilində hazırlanacaq mətinlərdən də istifadə ediləcək. Məqsəd tamaşaçıda opera ilə bağlı aydın təsəvvür yaratmaqdır. Biz bütün bunları düşünürük və çalışacağıq ki, dinindən, dilindən, irqindən asılı olmayaraq “Crocus City Hall”a təşrif buyuracaq hər kəs səhnə əsərinə baxarkən zövq alsın, onda Azərbaycan mədəniyyəti, incəsənəti haqqında dolğun təsəvvür formalaşsın”,- deyə rektor vurğulayıb.

Üzeyir Hacıbəylinin adı ilə bağlı hər bir layihənin böyük əhəmiyyət daşıdığını söyləyən xalq artisti Yalçın Adıgözəlov deyib ki, harada səslənməsindən, səhnəyə qoyulmasından asılı olmayaraq dahi bəstəkarın bənzərsiz irsi xalqımızın tanınmasına xidmət edir.

“Moskvada 6 min tamaşaçı tutumu olan bir zalda nümayiş olunacaq bu səhnə əsərində aparıcı qüvvə Azərbaycan sənətçiləri olacaq. Biz “Crocus City Hall”a tamaşanın nümayiş olunacağı gün daxil olacağıq, bu səbəbdən də bizi çox böyük və gərgin iş gözləyir. Gərək elə işləyək ki, hər bir şey Üzeyir bəyin adına layiq olsun. Çalışacağıq ki, rusiyalı tamaşaçılara və Moskvada yaşayan xaricilərə bu operanı yüksək səviyyədə çatdıraq. Bu layihənin uğurlu alınmasından çox şey asılıdır. Ona görə ki, bu, bir başlanğıcdır, uğurlu alınarsa, başqa bu qəbildən olan yeni layihələrin reallaşdırılması da mümkün olacaq”, - deyə tanınmış dirijor bildirib.

Səhnədə 140 dəfə Məcnun obrazını canlandırmasına baxmayaraq, bu dəfə onu çox böyük bir sınağın gözlədiyini söyləyən xalq artisti Mənsum İbrahimov deyib: “Operanın təqdimatına yüksək səviyyədə hazırlaşırlar. Hazırda ciddi məşqlər aparırıq. İstəyirik ki, operanı yüksək səviyyədə təqdim edək. Bu, bizim mədəniyyətimizin bir parçası olmaqla yanaşı, həm də iki dahi sənətkarın bənzərsiz sənət incisidir. Gərək elə təqdim edək ki, bu, mədəniyyət tariximizdə əbədiyaşarlıq qazana bilsin”.

Leyli obrazının ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arzu Əliyeva çox həyəcanlandığını söyləyərək bildirib ki, operanın bu təqdimatında iştirak etmək gənc xanəndə üçün olduqca qürurvericidir.

Rusiyadakı Azərbaycan Mədəniyyət və İncəsənət Studiyasının PR direktoru Aytac Həsənova operanın premyerası üçün görülən işlər barədə məlumat verib. Artıq 4 aydır bu işin təbliği ilə məşğul olduqlarını deyən A.Həsənova operanın yeni həyat yaşayacağına, Moskvada 6 min insanın Azərbaycan sənətkarlarını ayaq üstə alqışlayacağına inamını ifadə edib. Üzeyir bəyin əsərini 10-dan çox ölkədə səhnəyə qoyduğunu söyləyən operanın quruluşçu rejissoru Hafiz Quliyev deyib: “Hər dəfə olduğu kimi, bu dəfə də opera böyük maraqla qarşılanacaq. Ona görə ki, heyət çox böyük həvəslə çalışır. İnanıram ki, bütün çətinliklərin öhdəsindən gələcəyik. Üzeyir bəyin şah əsərini və Şərqin ilk operasını Moskvada milyonlara sevdirməyi bacaracağıq”.

Quruluşçu rejissor dinamikliyin təmin olunması naminə opera üzərində bir çox dəyşikliklərin edildiyini də diqqətə çatdırıb. Tədbirdə Mənsum İbrahimovun və Arzu Əliyevanin ifasında "Leyli və Məcnun" operasından kiçik bir parça təqdim olunub. İfaçıları Əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) müşayiət edib. Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xudaferin.eu

15:01