Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə yeni töhfə

 

Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib. Monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın musiqi sahəsində xidmətlərindən söz açıb. Bildirib ki, yubilyar pedaqoji fəaliyyətlə yanaşı, elmi axtarışlarını da davam etdirir. Musiqişünas bir sıra bəstəkarlarımızın həyat və yaradıcılığını, əsərlərinin üslub xüsusiyyətlərini qələmə alıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəyovun "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, eləcə də bir sıra məruzələri Azərbaycan milli musiqisinin təbliğinə xidmət edir. Yeni əsərin məziyyətlərindən söz açan Bəstəkarlar İttifaqının sədri deyib ki, onun monoqrafiyasında geniş panorama görürük. İdeya məzmunun, musiqi dramaturgiya xüsusiyyətlərinin, müəllif tərəfindən istifadə edilən ifadə vasitələrinin dərin təhlili bəstəkarın estetikasının bir çox əhəmiyyətli cəhətlərini aşkar etməyə imkan verir. Tədbirdə “Avropa” nəşrlər evi yubilyara “İlin ən yaxşı musiqişünas tədqiqatçısı” mükafatını təqdim edib. Sonra yubilyarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib. Tədbir konsert proqramı ilə davam edib.

Xudaferin.eu
“Bakı Bürosu”

09:57