Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq məsələləri müzakirə edilib

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Üzeyir musiqi günü”nə və Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına hazırlıq məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak ediblər.

Tədbirdə 18 sentyabr - “Üzeyir musiqi günü” haqqında məlumat verilib. Diqqətə çatdırıb ki, bu əlamətdar gün 1995-ci ildə prezident fərmanı ilə təsis edilib və hər il milli musiqi bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2009-cu ildən isə Üzeyir Hacıbəylinin doğum günündə beynəlxalq musiqi festivalına start verilib. Bu festival ölkəmizin həm də mədəni həyatında özünəməxsus yer tutur.

Diqqətə çatdırılıb ki, festivalla bağlı görüləcək bütün işlər əksini tapıb. Bununla bağlı qərargah yaradılıb və qərargahın üzvləri görüləcək işlərin həyata keçirilməsinə nəzarət etməlidir. Bundan əlavə, nazirliyin incəsənət, informasiya və ictimaiyyətlə əlaqələr şöbələri, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və digər əlaqədar təşkilatlara tədbirin keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Sentyabrın 18-dən 26-dək davam edəcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna və İrandan musiqiçilər iştirak edəcək. Festivala Münxen Simfonik Orkestri (Almaniya), Novosibirsk Filarmonik Orkestri (Rusiya), Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri (Türkiyə), Gürcüstan xoru və digər tanınmış kollektivlər qatılacaq.

Sentyabrın 18-də ənənəvi olaraq Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət ediləcək, Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində “Güllələnmiş abidələr”in ziyarət edilməsi nəzərdə tutulur. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında mərasimlə davam edəcək. Sentyabrın 18-də axşam Azərbaycan Dövlət Filarmoniyasında festivalın rəsmi açılış mərasimi olacaq, konsert proqramı təqdim ediləcək.

Müşavirədə festival müddətində həyata keçiriləcək işlərlə bağlı Azərbaycan Bəstəkarlar İttifaqı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Uşaq Filarmoniyası və digər qurumlara tapşırıqlar verilib. Qeyd olunub ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tədbirin təşkilinə nəzarəti həyata keçirməli, əhalinin məlumatlandırılmasını təşkil etməlidir. Şuşa Dövlət Musiqili Dram Teatrının bu tədbirlərdə daha fəal iştirakı təmin olunmalıdır. Festival ərəfəsində müvafiq təşkilatlarda Üzeyir bəyin yaradıcılığı, festivalın mahiyyəti barədə tədbirlərin keçirilməsinin vacibliyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, teatr-konsert müəssisələri “Üzeyir musiqi günü” və festival çərçivəsində görəcəkləri işlər barədə ictimaiyyətə mütəmadi məlumat verməlidir. Həmçinin Milli Kitabxanada Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirin keçirilməsi ilə bağlı tapşırıq verilib.

Xudaferin.eu

11:07