“Üzeyir Hacıbəyli fenomeni” mövzusunda mühazirə dinlənilib

 

“İçərişəhər”də yerləşən “Muğam” klubunda Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəyli fenomeni” mövzusunda mühazirəsi dinlənilib.

“Novruz mühazirələri” layihəsi çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə respublikanın tanınmış elm xadimləri, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 90 yaşlı professor Şirməmməd Hüseynov məruzəsində görkəmli bəstəkar, milli operanın banisi, publisist Üzeyir Hacıbəylinin yaradıcılığına nəzər salıb, onun mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan və dünya musiqi tarixində böyük izlər qoymuş dahi bəstəkarın yeganə amalı doğma xalqına sədaqətlə xidmət etmək olub. Ü. Hacıbəylinin musiqişünaslıq və elmi, ədəbi-publisistik fəaliyyətinə dair çoxsaylı araşdırmalar aparıldığını deyən professor, ardıcıl olaraq ölkə və beynəlxalq səviyyədə görkəmli Azərbaycan mütəfəkkirinin yubileyinin keçirildiyini söyləyib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Novruz mühazirələri”nin keçirilməsində məqsəd bu və ya digər sahələrə aid mövzuların gündəmə gətirilməsi, populyar dildə təqdim edilməsidir.

Xudaferin.eu

09:42