Uşaq xor kollektivlərinin respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Respublikada uşaq yaradıcılığının dəstəklənməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin fəaliyyətinin aktivləşdirilməsi istiqamətində reallaşan daha bir layihə başa çatıb.

Xəbər verdiyimiz kimi, 2017-ci ilin aprel ayında Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsi keçirilmişdi. 150 xor kollektivinin qatıldığı müsabiqənin yekun konserti 15 may tarixində Azərbaycan Dövlət Musiqili Teatrında baş tutmuşdu. Bu günlərdə isə müsabiqə qaliblərinin təltif olunma mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva xor kollektivləri və xormeysterləri təbrik edərək onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir müavini vurğulayıb ki, ölkə rəhbərliyi istedadlı gənclərə, uşaq yaradıcılığının inkişafına xüsusi diqqət və qayğı göstərir. Son illər ərzində onlarla istedadlı uşaq və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılıb, onlar xüsusi təqaüdə layiq görülüblər. İstedadlı uşaqların üzə çıxarılması, onların dəstəklənməsi istiqamətində festival və müsabiqələr keçirir. Bu müsabiqələrdən biri də artıq ənənə şəklini almış və 9-cu dəfə gerçəkləşən Uşaq xor kollektivlərinin respublika müsabiqəsidir.
Sevda Məmmədəliyeva müsabiqədə iştirak edən kollektivlərin ifaçılıq səviyyəsinin ildən-ilə inkişaf etdiyini, repertuarının zənginləşdiyini və səhnə mədəniyyətinin artdığını, xormeysterlərin işinin də getdikcə daha maraqlı olduğunu və peşəkarlıq səviyyəsinin yüksəldiyini qeyd edib.

Tədbirin sonunda müsabiqənin qaliblərinə - Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin xor kollektivinə (Qran-pri), Bakı şəhər Süleyman ləsgərov adına 1 saylı, Sumqayıt şəhər Bülbül adına 2 saylı uşaq incəsənət, Bakı şəhər Cövdət Hacıyev adına 3, Tofiq Quliyev adına 12, Şövkət Ələkbərova adına 20, habelə 4 və 30 saylı, Quba şəhər, Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəblərinin xor kollektivlərinə müsabiqənin müxtəlif dərəcəli diplomları təqdim olunub.

Xudaferin.eu

16:29