“Unudulmuş unudulmaz” sərgisinin açılışı oldu

 

Sərgidə repressiyaya məruz qalmış rəssamların əsərləri yer alıb

Bu il Beynəlxalq Muzeylər Şurasının (İCOM) irəli sürdüyü "Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi" devizinə uyğun olaraq Azərbaycan muzeyləri "1920-1950-ci illərdə repressiyalar" adlı tədbirlər təşkil edir.

Bu münasibətlə Azərbaycan Milli İncəsənət Muzeyində “Unudulmuş unudulmaz” adlı rəsm sərgisinin açılışı keçirildi. Tədbiri muzeyin baş mühafizi Nailə Rəhimova açaraq günün mahiyyəti, önəmi, sərgidəki müəlliflər haqqında tamaşaçılara geniş bilgi verdi.

Bildirdi ki, 1920-1950-ci illərdə Azərbaycanda repressiyaya məruz qalan insanlar içərisində sənətkarlar, özəlliklə rəssamlar və onların övladları da vardı. Sovet və Azərbaycan sənətşünasları həmin rəssamların yaradıcılığı haqqında geniş yazsalar da, ancaq dözülməz şəxsi həyatları işıqlandırmayıblar. Çıxışçı bu layihənin XX yüzilin birinci yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmiş repressiya qurbanlarına həsr olunduğunu söylədi. Sonra tədbir iştirakçıları repressiyaya məruz qalmış rəssamların müxtəlif janrlarda işlədikləri əsərlərlə yaxından tanış oldular.

Sərgidə sürgün həyatı yaşamış Ələkbər Rzaquliyev, Həsən Haqverdiyev, eləcə də valideynlərinin “antisovet fəaliyyəti”nə görə repressiyanın günahsız qurbanları olmuş Vidadi və Toğrul Nərimanbəyovlar, Oqtay və Toğrul Sadıqzadələr kimi rəssamların əsərləri yer alıb. Bu sırada Ələkbər Rzaquliyevin “Aşıq Ələsgər”, “Kəlin nallanması”, Oqtay Sadıqzadənin “Qızlar bulağında”, “Aylı gecə”, Toğrul Nərimanbəyovun “Muğam”, “Bahar”, “Sevinc”, Həsən Haqverdiyevin “Bahar”, “İki göyərçin”, Vidadi Nərimanbəyovun “Xatirə”, “Yolda”, Toğrul Sadıqzadənin “Xoşbəxtlik”, Hacıbaba .Nəzərovun “Şair Mikayıl Müşviqin portreti” kimi 70-dən çox rəngkarlıq və qrafik əsərləri var.

Xudaferin.eu

 

09:34