UNEC kollektivi Lələtəpədə

 

UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin müəllim-tələbə heyəti Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərinə və Lələtəpə yüksəkliyinə səfər edib.

Universitetdən verilən məlumata görə, Müdafiə Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı keçirilən səfərdə UNEC kollektivi Ümummilli lider Heydər Əliyevin Horadizdəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən zəfər yürüşünə qatılıblar.

Zəfər yürüşündən sonra UNEC kollektivi Birlik komandiri, general-mayor Mais Bərxudarov bir qrup mütəxəssislə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli “Lələtəpə” yüksəkliyinə gediblər. Əsgər və zabitlərlə görüşdə general-mayor M.Bərxudarov Azərbaycan Ordusu ilə qürur duyduğunu bildirib: “Aprel döyüşləri bir daha sübut etdi ki, ordumuz düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın, xalqımızın müdafiəsində əzmlə dayanır və işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır”.

General-mayor UNEC kollektvinin Lələtəpəyə səfər edən ilk universitet olduğuna diqqət çəkərək bu təşəbbüsü yüksək qiymətləndirib: “Bilirəm ki, bu, UNEC kollektivinin cəbhə bölgəsinə ilk səfəri deyil. Mətbuatdan da izləyirik ki, UNEC gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün mütəmadi olaraq uğurlu layihələr həyata keçirir”.

UNEC rektoru, professor Ə.Muradov iftixar hissi ilə qeyd edib ki, 2016-cı il tariximizə həm də Azərbaycan ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı ilk qələbə ili kimi də daxil olub. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verib. Aprel döyüşlərində qazanılan qələbə Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün olub. Ə.Muradov UNEC-in Müdafiə Nazirliyinin dəstəyi ilə universitetin professor-müəllim heyətinin və tələbələrin tez-tez cəbhə bölgələrinə səfərlərindən, Vətənin müdafiəçiləri ilə görüşlərindən danışıb, universitet kollektivinin də torpaqlarımızın işğaldan azad olunması naminə hər an hazır olduğunu bildirib.

Görüşdə UNEC-in tələbəsi, aprel döyüşlərinin iştirakçısı Məftun İsmayılov xatirələrini bölüşüb: “Ağır keçən döyüşlərdə sinəmdən qəlpə yarası aldım, lakin buna baxmayaraq səngəri tərk etmədim. Fəxr edirəm ki, belə böyük bir əməliyyatın iştirakçısıyam və bu qələbədə mənim də payım var. Əməliyyatda üzərimə düşən vəzifəni layiqincə yerinə yetirdim”.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində şəhid olan Qiyas Quliyevin qardaşı, UNEC-in müəllimi İbrahim Quliyev də qardaşı ilə bağlı xatirələrindən danışıb. Onun qorxmazlığından, vətənsevərliyindən söz açaraq, qardaşı ilə fəxr etdiyini bildirib.

Çıxışlardan sonra UNEC kollektivinin əsgər və zabitlərə təbrik müraciəti səsləndirilib. Universitet kollektivi adından onlara hədiyyələr təqdim olunub. UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

TREND IA

 

06:19