Ümummilli lider Heydər Əliyevin xatirəsi İsveçrədə yad edilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərin xatirəsinin yad edilməsi məqsədilə Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi və diaspor nümayəndələrinin iştirakı ilə soydaşlarımızın sıx məskunlaşdığı kantonda - Soloturn şəhərində anım mərasimi keçirilib. Anım mərasimində iştirak edən həm Azərbaycan, həm də türk diaspor nümayəndələri Heydər Əliyevin həyatı, onun siyasi fəaliyyəti və Azərbaycan dövlətinin yenidən qurulmasında, inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər.

Vurğulanıb ki, bütün çətinliklərə baxmayaraq Qarabağ həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində yorulmaz və məqsədyönlü iş aparan Heydər Əliyev bugünkü Qarabağ Qələbəsinin əsasını qoyub.

Tədbirdə, həmçinin türk məscidinin imamı iştirak edib və ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən vətən yolunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.

Tədbirin sonunda Azərbaycanın İsveçrədəki səfirliyi adından Heydər Əliyevin vəfat günü ilə əlaqədar ehsan verilib.

Qeyd edilib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir.

Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi.

Heydər Əliyev baxışlarını, ideyalarını, yolunu layiqincə davam edən Prezident İlham Əliyev ölkəmizi daha gücləndirdi, region liderinə çevirdi və 2020-ci ildə Azərbaycan xalqına ən böyük hədiyyəni bəxş etdi. Onun komandanlığı ilə Azərbaycanın şanlı Ordusu doğma Qarabağımızı düşmən tapdağından xilas etdi.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

Xudaferin.eu

11:03