Ukraynalı jurnalist: Şuşa, həqiqətən də Qarabağın incisidir

Şuşa Qarabağın əsl incisidir və Azərbaycanın onun bərpasına göstərdiyi və hələ göstəriləcək bütün səylərə layiqdir. Şəhərin yenidən qurulacağı və yerli sakinlərin oraya qayıdacağı zaman bu şəhərə qayıtmaq çox istərdim. İnanıram ki, bu, tezliklə baş verəcək.

Bu sözləri AZƏRTAC-a Şuşanı ziyarət edən Ukraynanın “Kanal 5” telekanalının müxbiri Yevgeniya Kitayeva bildirib.

O qeyd edib ki, şəhərin bərpası üçün Azərbaycanın, əlbəttə ki, iddialı planları var: “Biz hələ hərbi əməliyyatların ilk günlərində sentyabr ayının sonunda işgüzar səfərə gələndə, mən insanlardan “Biz Şuşa şəhərini qaytarmalıyıq” cümləsini çox eşidirdim. O zaman mən bu şəhərin azərbaycanlılar üçün hansı məna kəsb etdiyini hələ tam anlamırdım, amma onsuz da jurnalist marağım mənə rahatlıq vermirdi. Mən Şuşa haqqında çox oxumağa başladım. 44 günlük müharibə bitdikdə və şəhərin artıq Azərbaycanın nəzarətində olduğu məlum olduqda, həqiqətən oraya getmək və hər şeyi öz gözlərimlə görmək çox istəyirdim. Fevral ayında Prezident İlham Əliyev mətbuat nümayəndələri ilə görüşəndə mən özümü saxlaya bilmədim və ondan jurnalistlər üçün Şuşaya səfərlə əlaqədar soruşdum. O, söz verdi. İyul ayının əvvəlində mən orda oldum. Dağıntılara baxmayaraq, şəhər çox gözəldir”, - deyə Yevgeniya Kitayeva bildirib.

Ukraynalı jurnalist orada çox sayda memarlıq və tarixi abidənin olduğunu vurğulayıb. “Biz şəhərdə hər şeyi mümkün qədər tez bərpa etməyə çalışan hərbçiləri və inşaatçıları gördük. Ancaq həqiqətən orada çox iş var. 28 illik işğaldan sonra binaların əksəriyyəti dağıdılıb. Biz Şuşada olduğumuz zaman mən düşünürdüm ki, bir çox Şuşa sakini buraya gəlməyi xəyal edir, mən isə artıq bu küçələr boyu gəzirəm", - deyə o əlavə edib.

Emil Hüseynli

Xudaferin.eu

14:23