Ukrayna portalında ulu öndər Heydər Əliyev haqqında məqalə dərc edilib

Ukraynanın “Asmedia” xəbər portalında AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynlinin “Dahi lider Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluğun memarıdır” sərlövhəli məqaləsi dərc edilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci illiyinə həsr olunan məqalədə müəllif qeyd edir ki, müstəqil xarici siyasət yürüdən Azərbaycan bu gün müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycan Cənubi Qafqazın geosiyasi məkanında lider dövlətdir. Azərbaycan həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxtərəfli əlaqələr fonunda bölgənin geosiyasi, geoiqtisadi və geostrateji təhlükəsizliyinə əsaslı töhfələr verməyə davam edir, qlobal əməkdaşlıq platformasında mərkəzi aktor rolunu oynayır. Qazanılan nailiyyətlər ümummilli lider Heydər Əliyevin vaxtilə irəli sürdüyü inkişaf strategiyasına və müdrik düşünülmüş xarici siyasət kursuna əsaslanır. Bu strategiya sayəsində müstəqil Azərbaycan tarixi baxımdan qısa müddətdə beynəlxalq münasibətlər sistemində layiqli yer tuta bilib, etibarlı ölkə kimi böyük nüfuz qazanıb. Azərbaycan xalqı və dövləti bu uğurları ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq ideologiyası sayəsində əldə edib.

Dahi lider Heydər Əliyevin Azərbaycan ilə Ukrayna arasında dostluğun memarı olduğunu yazan müəllif vurğulayıb ki, Ulu Öndərin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan bir çox ölkələrlə yanaşı, Ukrayna ilə də strateji tərəfdaşdır.

Məqalədə Ümummilli Liderin Azərbaycanın multikultural ölkə nümunəsini yaradaraq dünyada tanıtdığı qeyd edilib.

Müəllif, eyni zamanda, ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın multikultiralizm sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələr barədə geniş məlumat verib.

Xudaferin.eu

13:54