Ukrayna gəncləri “Xocalıya ədalət!” aksiyası keçiriblər

Ukrayna gəncləri sosial şəbəkələrdə “Xocalıya ədalət!” aksiyası keçirib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, aksiyadan məqsəd Azərbaycan xalqının tarixindəki faciəli səhifə, Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların məruz qaldığı etnik təmizləmə barədə ukraynalıları məlumatlandırmaqdır.

Aksiyanın təşəbbüskarı, ukraynalı fəal və ictimai xadim Marina Qonçaruk Dağlıq Qarabağ münaqişəsinə həsr olunan layihələrdə ukraynalı gənclərin artıq bir neçə ildir ki, iştirak etdiyini vurğulayıb. O deyib: “Xocalı qətliamı barədə tədbirlər Ukraynada hər il keçirilir, ukraynalı gənclər də məruzələr, çıxışlar hazırlayır, Xocalı soyqırımının qurbanlarının xatirəsinə şeirlər yazırlar. Tələbələr öz universitetlərində divar qəzetləri hazırlayırlar. Bu, çox mühümdür ki, Ukrayna gəncləri tarixi həqiqətlər barədə yaxşı məlumatlandırılıb və bu reallıqların Ukrayna cəmiyyətinə çatdırılmasında iştirak edirlər”.

Tələbə Darya Ponomarenko deyib: “Biz ədalətin və ümumbəşəri dəyərlərin tərəfindəyik. Biz Azərbaycan xalqının dərdinə şərik olur və bu vəhşi cinayəti törədənlərin cəzalandırılmasına çağırırıq”.

Roman Popov bildirib: “Bu cür aksiyalar etnik zəmində törədilən cinayətlərin nə dərəcədə dəhşətli olmasını xatırlatmağa imkan verir. Belə soyqırımların gələcəkdə bir daha təkrarlanmaması üçün bütün səylərimizi səfərbər etməliyik”.

David Qogiya vurğulayıb: “Xocalı faciəsi bizə xatırladır ki, belə cinayətləri törədə bilə olan insanlar hələ də mövcuddur. Biz əlimizdən gələni etməliyik ki, daha çox insan etnik təmizləmələri fəal və açıq şəkildə pisləsin və cinayətkarların cəzalandırılmasına səsləsin”.

Emil Hüseynli

Xudaferin.eu


 

13:43