ÜAK məsələsində ERMƏNİ İZİ: "Ermənilər tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələr..."

 

“Ümumrusiya Azərbaycanlıları Konqresi ətrafında yaranan müzakirələr, mayın 15-də keçiriləcək məhkəmə və digər məqamların heç biri Kremlin mövqeyini əks etdirmir”. Bu sözləri Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.

Onun sözlərinə görə, Rusiyada fəaliyyət göstərən ermənipərəst, eləcə də ermənilər tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələr bu məsələni cəmiyyətə bugünkü Rusiya hakimiyyətinin mövqeyi kimi təqdim etməyə çalışırlar: “Lakin bu, belə deyil. Məsələnin bu cür təqdim edilməsinin əsas səbəbi iki ölkə arasında gərginlik artırmaq və konqresin bağlanması məsələsi daha da intensivləşdirməkdir. Ona görə də məsələyə bu istiqamətdə baxmaq lazımdır. Müəyyən texniki məsələlər olub, sadəcə anti-Azərbaycan qüvvələrinin yanaşması problemi daha da şişirtdi. Nəticədə cəmiyyətdə anlaşılmaz mühit yaranmağa başladı. İstər Rusiya, istərsə də Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin nümayənləri, media həssas yanaşmalıdır.

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) bir neçə il əvvəl yaranmış təşkilat deyil. Bu təşkilat 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putinin birgə səyi nəticəsində yaranıb. Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən digər xalqlara məxsus diaspora təşkilatları içərisində ən böyüyüdür. Bundan başqa, konqres Rusiyanın milli maraqlarına zidd ola biləcək heç bir addım atmayıb. Bu mənada anlaşılmaz durumun yaranması həqiqətən də, təəssüf doğurur”.

Publika.az

 

09:30