“Türküstan Sarayı”nda möhtəşəm törən

Özbəkistanın Respublika sarayı olan Türküstanda keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur.

 

Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Azərbaycan Kültür Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın Respublika sarayı -Türküstanda uşaq xeyriyyə festivalı keçirilmişdir. "Türküstan" Respublika Sarayında Daşkəndəki internet evlərinin uşaqları üçün keçirilən xeyriyyə festivalının builki təşkilatçısı Səfirliyimiz və onun nəzdindəki Azərbaycan Kültür Mərkəzi olub.

Tədbirdə Daşkənd Şəhər Hakimiyyəti, Özbəkistan Həmkarlar İttifaqının nümayəndələri, Daşkənddəki 15-ə yaxın uşaq evlərinin minə yaxın fiziki qüsurlu və yetim uşaqları iştirak ediblər. Tədbirin açılışında iştirakçılar Azərbaycan tərəfinin bu təşəbbüsünü və dəstəyini yüksək qiymətləndirərək xeyriyyə aksiyasını əsl dost addımı adlandırıblar.

Daşkənd şəhər Həmkarlar İttifaqının sədr müavini Aman Topilov Azərbaycan Kültür  Mərkəzinin xeyriyyə Festivalına dəstəyini yüksək qiymətləndirərək bunu əsl dost qayğısı və dəstəyi adlandırdı. O, azyaşlı istedadların tapılaraq üzə çıxarılması, onların Özbəkistanın ən ali səhnəsində konsertlərinin təşkili, habelə uşaq evlərinin hər il bir zəruri ehtiyacının ödənilməsi nümunəvi dost addımı olduğunu vurğuladı. Natiq Özbəkistan-Azərbaycan dostluğundan danışaraq bu münasibətlərin böyük tarixə malik olduğunu söylədi.

Azərbaycan Kültür Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğundan danışaraq, bu dostluğun möhkəmlənməsi, xalqlarımız arasında əlaqələrin inkişafında gələcək nəsillər olan uşaqların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında gələcək nəsillərin elm və biliklərə yiyələnməsinin vacib olduğunu vurğulayıb.
Daha sonra Festivalda Daşkənddəki İnternat evlərinin fiziki qüsurlu uşaqları maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Onlar bir sıra Özbək, Azərbaycan və dünya musiqilərini və rəqslərini ifa ediblər. Azərbaycan Kültür Mərkəzinin nəzdindəki “Azərbaycan qzıları” və “kiçik fidanlar” rəqs qrupları milli rəqslərimizi ifa etdilər.
Tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və İnternet məktəblərinə Azərbaycan Kültür Mərkəzinin hədiyyələri təqdim olunub. Bədii hissədən sonra Daşkənddəki "Turan" sarayında uşaqlara nahar və sovqatlar verilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

19:35