Türkmən qazı uğrunda BÖYÜK SAVAŞ

 

Azərbaycan tranzit ölkəyə çevrilmək niyyətindədir

 

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilən üçüncü toplantısı Avropanın diqqətini yenidən Azərbaycandan enerji idxalına yönəldib. Türkiyə, Yunanıstan, İtaliya və Albaniya ərazisindən keçməklə Avropa bazarına çıxarılacaq “mavi yanacaq”ın istehlakçılarının sayı yaxın gələcəkdə arta bilər. Xatırladaq ki, təbii qazın ötürüldüyü TANAP kəmərinin 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə isə İyon-Adriatik boru kəməri vasitəsilə İtaliyaya çatdırılması nəzərdə tutulub. TANAP kəməri ilə ötürüləcək “mavi yanacaq”ın 6 milyard kubmetrini Türkiyə istehlak edəcək. TAP kəməri ilə Avropa bazarına isə 10 milyard kubmetr həcmində təbii qazın çıxarılması gözlənilir. Artıq 3 infrastruku özündə birləşdirən 3500 km-lik boru xəttinin xeyli hissəsinin reallaşması “Cənub Qaz Dəhlizi”nə marağın artmasına səbəb olub. Artıq kəmərin 55 faizinin inşası başa çatdırılıb. 8,5 mlrd. dollar dəyərində olan TANAP kəmərinin 1200 km-də qaynaq işləri tamamlanıb, 1570 km-də isə boruların quraşdırılması aparılır. 2018-ci ildə isə tikinti işlərinin 65 faizinin təhvil veriləcəyi gözlənilir. Bu isə Azərbaycan qazının potensial alıcılarının sayını artıra bilər.

Bakıda keçirilən iclasa Türkiyə və Gürcüstanla yanaşı Bolqarıstan, Çernoqoriya, Xorvatiya, Böyük Britaniya hökuməti nümayəndələrinin iştirak etməsi Azərbaycan qazına Avropa bazarında tələbatın artmasından xəbər verir. Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi, eləcə də “Cənub axını” layihəsinin reallaşa bilməməsi Avropa ölkələrinin diqqətinin alternativ enerji mənbəyi kimi TAP xəttinə yönəlməsinə səbəb olub. ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə siyasi dəstək verməsi də bununla izah oluna bilər. Artıq bir sıra dövlətlər də öz qazını “Cənub Qaz Dəhlizi” marşrutu ilə Avropa ölkələrinə ixrac etməkdə maraqlı görünür. Bununla əlaqədar İsrail öz mövqeyini bəyan edib. Baş nazir Benyamin Netanyahu 2016-cı ilin dekabr ayında Azərbaycana səfəri zamanı İsrailin Aralıq dənizindəki yataqlardan çıxarılan təbii qazı TANAP və TAP kəməri vasitəsilə Avropaya satmaq niyyətində olduğunu söyləmişdi.

İsrailin “Delek Drilling” qaz boru kəməri layihəsinin direktoru Ofer Oberlander isə fevralın 23-də Beynəlxalq Enerji Əraziləri Konfransında Aralıq dənizindəki “Leviathan” qaz yatağından hasil olunacaq təbii qazı Türkiyə və Misir üzərindən Avropaya nəql etmək istədiyini bildirib. Ümumiyyətlə, Nil çayının deltasında və “Levathan” hövzəsində 10 trilyon kubmetr təbii qaz ehtiyatının olduğu müəyyən edilib. Lakin Azərbaycan layihənin əhəmiyyətini nəzərə alaraq, “Cənub Qaz Dəhlizi”ndə yalnız təchizatçı deyil, həm də tranzit ölkəyə çevrilməkdə maraqlı olduğunu nümayiş etdirir. Avropa bazarında adıçəkilən marşrut üzrə “mavi yanacağ”a tələbat artarsa, Azərbaycanı əlavə mənbələri bu layihəyə cəlb etmək üçün fəallaşacaq. Rəsmi Bakı bununla bağlı mövqeyini dəfələrlə bildirib.

Söhbət ilk növbədə, Türkmənistan qazının “TransXəzər” qaz kəməri marşrutu üzrə Azərbaycan üzərindən Türkiyə və Avropa bazarına ixrac olunmasından gedir. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov da Azərbaycanın “Cənub Qaz Dəhlizi”ndə tranzit ölkə rolunu oynamaq niyyətini bir daha vurğulayıb: “Bu layihə Avropa üçün yeni qaz mənbəyidir və həm Azərbaycan, həm də digər Xəzəryanı ölkələrin qazı üçün yeni yoldur. Təbii ki, bu layihə Azərbaycanın Avropa ölkləri ilə həm iqtisadi, həm də siyasi əlaqələrini möhkəmləndirəcək”.

V.Ələsgərovun açıqlaması rəsmi Bakının Azərbaycanın tranzit ölkə kimi siyasi əhəmiyyətinin artmasına ümid etdiyindən xəbər verir: “Bu layihə Azərbaycan qazının Avropaya nəqli ilə yanaşı, Azərbaycanın Türkmənistan və İran qazının nəqli üçün tranzit ölkə olmasına imkan verəcək. Bu da Azərbaycanın dünyada iqtisadi və siyasi çəkisini daha da artıracaq”.
Vitse-spikerin sözləri Türkmənistana və İrana Azərbaycanın konkret çağırışı hesab edilə bilər. Ancaq Aşqabadın bu təklifə konkret cavab verməməsi ilk növbədə, Xəzər dənizinin statusunun həllini tapmaması ilə bağlıdır. Azərbaycanın Türkmənistanla sərhəddindəki “Kəpəz” yatağı ilə bağlı mübahisənin indiyə qədər davam etməsi Xəzərin statusuna mane olan əsas mübahisəli problemlərdən birini təşkil edir. Aşqabad və Bakı dəfələrlə bu məsələni siyasiləşdirməmək barədə bəyanat versələr də fikir ayrılığının qalması tərəflərin “TransXəzər” layihəsi məsələsində ortaq mövqeyə gəlməsinə mane olur. Ekspertlərin fikrincə, “TransXəzər”in gerçəkləşməsinə əngəl törədən üçüncü mühüm səbəb layihənin dəyərinin kifayət qədər baha başa gəlməsidir. Ona görə də bir çox subpodrat şirkətlər Xəzər dənizinin dibi ilə kəmərin çəkilməsinə maraq göstərmir. Bununla yanaşı, Rusiyanın Türkmənistanın enerji sektorunda üstünlüyü də təbii qazın Avropa bazarına çıxarılmasının qarşısını alan ciddi siyasi amil olub.
Son illər Türkmənistanın təbii qaz satışı üçün Asiya bazarına üz tutması Avropaya marağını azaldıb. Qeyd edək ki, Türkmənistanın Xəzər sektorunda 8,76 mlrd. kubmetr qaz ehtiyatı var. Quru ərazilərdəki yataqlarda isə “mavi yanacaq”ın həcmi 44, 24 mlrd. kubmetr təşkil edir. Hazırda Türkmənistan qazının əsas alıcıları qismində Çin və Hindistan çıxış edir. Türkmənistan Qazaxıstan və Özbəkistan üzərindən keçməklə Çinə təbii yanacaq ixrac edir. 55 mlrd. kubmetr ötürücülük gücünə malik olan boru xətti ilə üç istiqamətdə il ərzində 40 mlrd. kubmetr “mavi yanacaq” nəql edilir. Dördüncü düyüm boru kəmərinin 2021-ci ilə qədər təhvil verilməsi nəzərdə tutulub. Müqaviləyə əsasən Özbəkistan, Tacikistan və Qırğızıstandan keçəcək 4-cü kəmərlə Çinə il ərzində 65 mlrd. kubmetr təbii qaz satılmalıdır. Bundan başqa Türkmənistan “Körpəcə”-“Kurtkui” və “Dövlətabad”-“Seraxs” kəmərləri vasitəsilə İrana il ərzində 20 milyard kubmetrdən artıq təbii qaz təchiz edir. Türkmənistan qazına əhalisinin sayı və iqtisadiyyatı böyüyən Hindistanın marağı ciddi artmaqdadır. Hazırda Türkmənistanın enerji bazarında Hindistan Çinin başlıca rəqibinə çevrilməkdədir. Pakistan isə bu prosesdə həm istehlakçı, həm də tranzit ölkə kimi çıxış edir. TAP layihəsi üzrə Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan marşrutu il ərzində 33 milyard kubmetr təbii qazı ötürmək gücünə malik olacaq.

Mütəxəssislərin qənaətincə, həmin enerji bazarlarını saxlamaqla yanaşı, Türkmənistan Avropaya da qaz nəql edə bilər. Buna nail olmaq üçün Türkmənistan ölkənin şərqindəki yataqlardan çıxarılmış və il ərzində 30 mlrd. kubmetr əmtəəlik qaz sata bilər. Şərq-Qərb marşrutu üzrə Avropaya ixrac ediləcək yanacağı uzunluğu 770 km olan 1420 mm-lik boru xətti ilə ilə nəql etmək mümkündür. Türkmənistanın “Cənub Qaz Dəhlizi”nə qoşulmasının ən optimal variantlarından biri kimi də Türkmənistan-İran-Azərbaycan marşrutu nəzərdən keçirilir. Əgər İran Azərbaycan vasitəsilə “Cənub Qaz Dəhlizinə” qoşulmaq qərarına gələrsə, o zaman Türkmənistan da bu barədə düşünə bilər. Son dövrlər Tehranın Ermənistandan keçməklə Gürcüstana qaz nəqli məsələsini gündəmə gətirməsinə baxmayaraq, ekspertlər bunu real hesab etmir. Çünki Ermənistan ərazisində həmin yanacağı nəql edəcək infrastruktur yoxdur. Azərbaycan isə artıq bu infrastrukturu qurub.

Müşfiq Abdulla

Cebhe.info

 

09:51