Türkiyədən sonra Azərbaycanın yanındakı ölkə - Pakistana nə qədər yaxınlaşaq...

Azərbaycanın ən yaxın hərbi-siyasi müttəfiqlərindən biri də Pakistandır. Bu ölkə müstəqilliyimizi tanıyan ilk dövlətlərdən sayılmaqla yanaşı, Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqq işini müdafiə edir. Ermənistana yönəlik verdiyi sərt bəyanatlarla Pakistan xalqımız arasında Türkiyədən sonra ən böyük rəğbət qazanan ölkəyə çevrilib.

Qarabağ məsələsində indikindən daha da üstün mövqeyə çıxmaq üçün rəsmi İslamabada nə qədər yaxınlaşmalı olduğumuz barədə çoxsaylı mövqelərə rast gəlirik. Eyni zamanda bunun Azərbaycana hansı üstünlükləri qazandıracağı yönündə ən müxtəlif fikirlər səslənir. Həmçinin Pakistandan silah alınıb-alınmamasına dair suallar da verilir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Azərbaycan tərəfi Pakistanla ikitərəfli münasibətləri müxtəlif istiqamətlərdə inkişaf etdirir: “Bilirsiniz ki, bəzi məqamlarda Azərbaycan da Pakistana öz köməyini əsirgəmir. Münasibətlər qarşılıqlı şəkildədir. Bu və ya digər silahların alınması məsələsinə gəlincə, təbii ki, bunu mütəxəssislər şərh etməlidirlər. Amma Azərbaycanın xeyrinə olan hansısa silah növləri varsa, hesab edirəm ki, seçim olsa, Pakistandan silahları almaq bəlkə də daha sərfəli olar. Hazırda münasibətlər çox yaxşı səviyyədə gedir. Bu münasibətlərin tarixi də bəllidir. Xalqlar arasında olan yaxınlıq tarixi köklərə malikdir. Bunu geniş şəkildə şərh etmək bəlkə də düzgün olmazdı. Amma bu sahədə işləyən mütəxəssislər incəlikləri sizə çatdıra bilərlər”.

Sabiq nazir Tofiq Zülfüqarov:

Tofiq Zülfüqarov: “Azərbaycan da Pakistana öz köməyini əsirgəmir”

Sabiq nazir Pakistanın Azərbaycana bu qədər önəm verməsininin səbəbləri barədə çox incə məqamlara toxundu: “Birinci, burada tarixi yaxınlıq əsasdır. Bu yaxınlıq ondan ibarətdir ki, tarix boyu Pakistanda olan siyasi elitanın bu və ya digər şəkildə Azərbaycana, türklərə bağlılığı mövcuddur. Bu siyasi elitanın bundan qabaq Türkiyə ilə əlaqələri də bəllidir. Hərbi elitanın böyük bir hissəsi Türkiyə ilə bağlıdır. Bu keçmiş prezidentlərə də, baş nazirlərə də aiddir. Ümumiyyətlə, yaxınlığın səbəblərini bir-bir sadalamaq çətindir. İstənilən halda onu yaddan çıxarmamalıyıq ki, Pakistan əhalisinə, hərbi sənayesinin inkişafına görə çox nüfuzlu bir ölkədir. Eyni zamanda nüvə silahına malik olan ölkələrin klubunun üzvüdür. Öz sözünü, mövqeyini açıq deyən və bunu müdafiə edə bilən ölkələrdən biridir”.

Qeyd edək ki, Azad Demokratlar Partiyasının sədri, istiqlalçı millət vəkili Sülhəddin Əkbər “Azərbaycan Respublikasının mövcud durumda ilk növbədə atmalı olduğu kompleks qəti addımlar haqqında” başlığı altında təkliflər paketi ilə çıxış edir. Təkliflər paketinin strateq.az saytında dərc olunan IV hissəsində müəllif Azərbaycan-Pakistan əlaqələri ilə bağlı çox maraqlı fikirlər səsləndirib.

S.Əkbər bildirir ki, Azərbaycan qardaş Türkiyə, AB, NATO, ABŞ, Böyük Britaniya və İsraillə strateji münasibətlərin qurulmasına yönəlik addımların atılması ilə birlikdə, qardaş Pakistanla münasibətlərin yaranmaqda olan yeni qlobal, regional və lokal strateji şəraitə uyğun qurulması üçün də - eynizamanlı, paralel olmaqla - qəti addımlar atmalıdır: “Yeganə müsəlman nüvə dövləti olan qardaş Pakistanla strateji münasibətlər qurmalıyıq. Təkliflər paketinin müdafiə, kəşfiyyat və təhlükəsizlik sahələrinə aid olan hissəsində isə göstərmişdim ki, Azərbaycan yaranmış mövcud hərbi-siyasi durumu da nəzərə alaraq, Pakistanla, ”Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqaviləyə uyğun, strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi imzalamalıdır".

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Sülhəddin Əkbər: “Bu ölkə ilə strateji münasibətlər qurmalıyıq”

Partiya sədri onu da qeyd edir ki, Azərbaycan qarşısında duran aktual strateji (siyasi-strateji və hərbi-strateji) vəzifələrin həllinin “dost və qardaş yardımı” tələb etdiyini nəzərə almalı, qardaş Pakistanla da strateji - uzunmüddətli, hərtərəfli (geniş) və dərin müttəfiqlik münasibətləri qurmalıdır: “Bəzilərimizdə, təbii, sual yarana bilər: ”Bu, bizə nə verəcək?" Bu suala açıq və aydın cavab verə bilmək üçün öncəliklə Pakistanın necə bir dövlət olduğuna və Azərbaycan Respublikasına necə münasibət bəslədiyinə, çox qısa olsa da, baxaq.

Birincisi, əhalisinin sayına görə (“Global Firepower”ın 2020-ci il hesabatına görə, 207,9 milyon), Pakistan İndoneziyadan sonra dünyanın ən böyük 2-ci müsəlman dövlətidir.

İkincisi, Pakistan strateji silahlı qüvvələrə, nüvə silahına və nüvə başlığı daşıyan orta mənzilli ballistik raketlərə sahib olan yeganə müsəlman dövlətidir.

Üçüncüsü, 654 mini aktiv personal olmaqla, 1 milyon 204 minlik böyük orduya sahibdir. Dünyanın 138 modern ordusunun adi quru, hava və dəniz qüvvələrinin gücünü ehtiyatlar, maliyyə və coğrafiya ilə bağlı 50-dən çox müxtəlif amilə əsasən qiymətləndirən “Global Firepower”ın 2020-ci il hesabatına görə, Pakistan 15-ci (PowerIndex rating - 0, 2364) yerdədir.

Dördüncüsü, terrorizmlə mübarizə, asimmetrik, hibrid, kəşfiyyat və s. müharibələri sahəsində böyük təcrübəyə malikdir və təbii, bu təcrübələri bizimlə bölüşməyə hazırdır;

Beşincisi, qardaş Pakistan, bütün bunlarla birlikdə, Cənubi Asiyada və başda Əfqanıstan olmaqla, Mərkəzi Asiyada, yəni postsovet məkanında ciddi siyasi, hərbi-siyasi təsirə və nüfuza da sahib olan regional super gücdür (ən azı, hərbi-siyasi baxımdan). Bu güc də mütləq nəzərə alınmalı və əsla kiçildilməməlidir.

Altıncısı, xüsusən də bu gücün Orta Şərqlə, İranla həmsərhəd olduğu və bu amilin dinamik dəyişməkdə olan yeni strateji şəraitdə, İran, eyni zamanda Azərbaycan məsələsinin gündəliyə gəldiyi bir vaxtda xüsusi önəm kəsb etdiyi nəzərə alınmalıdır".

S.Əkbər bildirir ki, Pakistanla strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanması ilə iş bitməməli, tərəflər arasında intensiv strateji dialoq başladılmalı və ikitərəfli münasibətlər həqiqətən strateji səviyyəyə qaldırılmalıdır. Partiya sədri vaxt itirmədən bu sazişin imzalanmasını vacib sayır.

xudaferin,eu

13:26