Türkiyədən “Oxuyan Gənclik Sərbəst Kitabxana”ya hədiyyə

 

Gəncədə fəaliyyət göstərən “Oxuyan Gənclik Sərbəst Kitabxana” adlı layihə çərçivəsində şəhərin müxtəlif yerlərində kitab rəfləri quraşdırılıb və müxtəlif məzmunlu kitablarla təmin edilərək oxucuların ixtiyarına verilib.

 

Yay tətili olduğuna görə hazırda layihənin işində müəyyən fasilələr yaranmasına baxmayaraq, layihənin icraçılarından və müəlliflərindən biri Fərrux Rəhimov Türkiyənin müxtəlif şəhərlərinin bələdiyyələri ilə əlaqə saxlayıb, layihə haqqında ətraflı məlumat verib. Sevindirici haldır ki, bu müraciətə Bursa şəhərinin Nilufər bələdiyyəsi tərəfindən müsbət cavab verilib, onların da buna bənzər layihələrinin olduğunu bildirilib və Gəncə şəhərində “Oxuyan Gənclik Sərbəst Kitabxana” layihəsinə dəstək veriblər. Gözde Pekyaman xanımın rəhbərlik etdiyi Nilufər bələdiyyəsinin kitabxanasından bələdiyyə tərəfindən nəşr etdirilən 30 adda ədəbiyyat Gəncə şəhərinə göndərilib.

Məlumat üçün bildirək ki, Nilufər bələdiyyəsi və onun nəzdində fəaliyyət göstərən kitabxana təşkil etdiyi fəaliyyət və seminarlarla, icra etdiyi layihələrlə yeni oxucuların yetişməsinə vasitəçilik edir, oxuma vərdişini inkişaf etdirmək və onun davamlılığını təmin etmək uğrunda əzmlə çalışır. Şəhərin tarixinə töhfə verən və tədqiqat mədəniyyətini inkişaf etdirən kitablar dərc etdirir. Nilufər bələdiyyəsi kitabxanalarında oxucular yazarlar, şairlər və tərcüməçilərlə görüşür; Uşaqlar kütləvi kitabxanaların canlı dünyası ilə tanış olmaq imkanı tapır. Üzvlük, kitab mübadiləsi, beynəlxalq baza və internet kimi xidmətlərin pulsuz olduğu kitabxanaların bir-biriylə online əlaqədə olması, istifadəçilərə kitabxanaların 80.000-dən artıq kitab fondundan eyni vaxtda istifadə etmək imkanı verir. Beynəlxalq Verilənlər bazası EBSCO üzvlüyü, istifadəçilərin 1,5 milyondan çox milli və beynəlxalq akademik və akademik olmayan elektron mənbəni, 50.000-dən çox elektron kitabı əlçatan edir.

Hicran Məmmədova

Gəncə

15:31