Türkiyədən gələn yük maşınlarının "Sınıq Körpü"də üzləşdiyi problemlər müzakirə olunub

Türkiyənin gömrük və ticarət nazirinin müavini Fatih Çiftçi Tbilisiyə səfəri çərçivəsində Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsinin fəaliyyəti ilə tanış olub. "Anadolu" agentliyi xəbər verir ki, Gürcüstanın gömrük xidmətinin rəsmiləri məntəqənin fəaliyyəti barədə F. Çiftçiyə ətraflı məlumat verib. İki ölkənin gömrük xidmətləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən F. Çiftçi qeyd edib ki, bu cür məntəqələrin normal şəkildə fəaliyyət göstərməsi ikitərəfli ticarət əlaqələrinə olduqca böyük töhfə verir. "Sərnişin, yük və nəqliyyat vasitələrinin əngəlsiz şəkildə gömrük keçid məntəqələrindən hərəkət etməsi istiqamətində birgə addımların atılması vacibdir", - deyə o bildirib.

"Gürcüstanlı həmkarlarımızla Türkiyədən gələn yük maşınlarının "Sınıq Körpü" gömrük keçid məntəqəsində üzləşdiyi gecikməni müzakirə etdik. Bu problemlərin qısa zaman ərzində aradan qaldırılacağına ümid edirik", - deyə nazir müavini əlavə edib.

Xudaferin.eu

11:23