Türkiyə Xan-Şeyxunda insanların kimyəvi silahla öldürüldüyünü təsdiq edib

 

Turkiyənin bildirdiyinə görə, Suriyada öldürülən 3 nəfər üzərində aparılan tibbi araşdırma onların kimyəvi silahla öldürüldüyünü göstərib.

Həmin 3 suriyalı çərşənbə axşamı İdlib vilayətinin üsyançıların nəzarətindəki Xan-Şeyxun şəhərinə edilən hücum zamanı xəsarət alan 30 nəfərlə birlikdə müalicə üçün Türkiyəyə göndərilmişdi. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ müxbirlərlə görüşü zamanı deyib ki, autopsi Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin müşayiəti ilə çərşənbə günü gecə Adana şəhərində keçirilib.

Xan-Şeyxunda 100 nəfərin ölümü, çox sayda uşaq olmaqla, 350 nəfər insanın xəsarət alması Suriya prezidenti Bəşar Əlk-Əsədə və Əsəd rejiminin əsas müttəfiqi Rusiyaya qarşı qlobal nifrətə səbəb olub. İordaniya kralı Abdulla ilə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp Suriyada həyata keçirilən hücumu onun sözləri ilə "insanlığa qarşı dözülməz təhqir" adlandırıb.

Kral Abdulla belə bir hücumun beynəlxalq diplomatiyanın bu böhranın həllini tapa bilmədiyi üçün həyata keçirildiyini deyib. Britaniya, Fransa və Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Suriyada həyata keçirilmiş kimyəvi hücumla bağlı fövqəladə iclasında Rusiyanı kəskin tənqid edib.

Amerikaninsesi.org

06:48