“Türkiyə özünü haqlı hesab etdiyi üçün Azərbaycana verdiyi dəstəyi gizlətmir”

Azad İsazadə: “Ermənistana dəstək verən ölkələr isə bunu öna görə gizlədir ki...”

Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün Türkiyədən yeni texnikalar gətirilib. Bu texnikaların ordumuzun hərbi infrastrukturunun daha da inkişaf etdirilməsinə böyük fayda verəcəyi gözlənilir.

Xatırladaq ki, ki, iyul döyüşləri zamanı Türkiyə bir daha Azərbaycana açıq dəstək ifadə edərək rəsmi Bakı tərəfindən qəbul edilən Qarabağ probleminin istənilən həlli variantını dəstəkləyəcəyini bildirib.

Maraqlıdır, Türkiyənin ölkəmizə açıq dəstəyi Rusiya və digər ermənipərəst dövlətlərin Ermənistana açıq dəstəyi üçün bəhanə rolu oynaya bilərmi?

Hərbi ekspert Azad İsazadə bu dövlətlərin bütün hallarda Ermənistan dəstək verdiyini söylədi:

“Ermənipərəst qüvvələr onsuz da Ermənistana dəstək verir. Tovuz döyüşlərindən sonra Serbiyanın ardınca İordaniyanın Ermənistana köməyi haqqında mediada məlumatlar yayılıb. Yəni Ermənistana onsuz da belə bir dəstək var.

Türkiyə Azərbaycana verdiyi dəstəyi gizlətmir. Çünki özünü haqlı hesab edir. Necə ki, Suriya və Liviyaya da qoşun yeridəndə bunu açıq-aşkar edir. Türkiyə Azərbyacana da yardım edəndə bunu gizlətmir və bundan sonra da bunu gizlətməyəcək. Türkiyənin mövqeyi birmənalıdır və qardaş ölkə Ermənistanla heç bir sahədə əməkdaşlıq etmir.

Rusiya və digər ölkələr isə Azərbaycanla münasibəti qoruyub saxlamağa çalıır və buna görə də Ermənistana gizlincə dəstək verir. Əgər hansı ölkə Ermənistana açıq dəstək versə, o zaman təbii ki, həmin ölkənin Azərbaycanla münasibəti pisləşəcək. Əgər bu ölkələr Ermənistana açıq dəstək versə, o zaman məlum olacaq ki, onların Azərbaycanla dostluq haqqında dedikləri sadəcə cəfəngiyyatdır. Halbuki, onlar özlərini neytral mövqeyə malik dövlətlər kimi göstərməyə çalışırlar. Onların Ermənistana gizli dəstək verməsinə səbəb budur”.(moderator.az)

15:04