Türkiyə əməliyyata başladı: Bərzani məcbur edilir...

 

Suriyanın şimalında keçirilən əməliyyatlar şübhəsiz ki, İraqa da öz təsirini göstərir. Unutmaq olmaz ki, hər iki ölkənin şimalında həm qarşı duran tərəflər, həm də maraqları toqquşan qüvvələr eynidir və maraqlıdır ki, proseslərin indiki dönəmində hər iki ölkənin taleyi eyni masada həll olunur.
 

Bu sözləri analitik Vüqar Zifəroğlu Türkiyənin Suriyadakı hərbi qüvvələrinin Afrindəki PKK-PYD ünsürlərinin İdlibə yayılmasının qarşısını almaq üçün keçirdiyi əməliyyatların bölgəyə necə təsir edəcəyini şərh edərkən deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin uğurlu İdlib əməliyyatları kürd separatçı qruplaşmalarının Suriyanın şimalındakı mövqelərinə ciddi təsir göstərib: “Suriyanın şimal-qərb hissəsində təhlükəsizlik rejiminə əməl olunması üzrə nəzarət zonasının yaradılması çox əhəmiyyətlidir. Son məlumatlara görə, PYD-nin nəzarətində olan Afrin bölgəsinin də üzərində türk şahinləri görünüblər. Eyni zamanda, İdlib-Afrin sərhədində yer alan və strateji əhəmiyyət daşıyan Bərəkət dağına kəşfiyyat qrupları göndərən türk ordusu artıq bu dağı mühasirəyə alıb. Bu isə əməliyyatların davam edə biləcəyini göstərir”.

V.Zifəroğlu qeyd edib ki, İraqda davam edən əməliyyatlar İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzanini güzəştə getməyə məcbur edəcək: “Suriyanın şımalına paralel olaraq İraqın şimalında İrana yaxın olan Haşdi-Şabi qruplaşması ilə İraq ordusunun Kərkük istiqamətində apardığı əməliyyatlarda da İŞİD-in nəzarətində olan bir neçə məntəqənin geri alınması, eləcə də Kərkükdən paytaxt Bağdada gedən əhəmiyyətli magistral yola nəzarətin bərpa edilməsi kürd qruplaşmaları ilə qüvvə nisbətinə də ciddi təsir göstərməkdədir. Peşmərgələr də Kərkükün bir neçə qəsəbəsini boşaldıblar. Artıq Abadi Ərbilə gərginliyin azaldılması və münaqişənin yoluna qoyulması üçün təkliflər göndərdiyini açıqlayıb”.

Qeyd edək ki, Türkiyə kəşfiyyat qrupları və tankları artıq İdlib şəhərinə girib. İraq ordusunun da yaxın vaxtlarda Kərkükdə əməliyyatlara başlayacağı gözlənilir.

Turaninfo.az

09:36