Türk-Gürcü kültür mirasının böyük yolçusu

Gürcüstanın Rustavi şəhərində uzun illərdir doğma Türkcəmizdə, eləcə də Qazax-Borçalı bölgəsinin dadlı şivəsində yazıb yaradan ünlü şair və yazarlarımızdan biri olan Tapdıq Yolçunun yaradıcılığı sadəcə adi ədəbi proses deyil. Həm də Gürcüstanda Türkün varlığının simgəsi sayılır. Bu torpaqlar tarix boyu Türk-Gürcü milli kimliyinin ən dəyərli ortaq kültür varlığı deməkdir. Tapdıq Yolçu da əcdadlarımızın yolu ilə beləcə bir şair taleyini yaşayır. Onun ədəbi yaradıcılığının önəmi, şah zirvəsi də budur. Borçalı və Türkün kimlik anlamını Gürcüstanın böyük bir parçası olmasını sadəcə coğrafi məkan kimi deyil, həm də kültür dəyərləri ilə uzlaşdıran, bununla da ədəbi-kültür dəyərlərimizə əfəndilik duyğusu gətirən şair Tapdıq Yolçu məhz bütün taleyini bu anlamla yaşayır-yaradır.
Bu gün çağdaş Azərbaycan ədəbi-kültür dəyərlərinin gəlişməsi Tapdıq Yolçu kimi ədəbi simalarımıza borcludur. Həyatı boyunca nə yazıbsa və nələri dilə gətiribsə ruhunun və vicdanının səsi ilə ortaya qoyub. Buna görə də Tapdıq Yolçunun yaradıcılığı özümlüdür. Özü də kimsəyə bənzəməyən bir yolla gedilən yolun ədəbi mirası. Onun yaradıcılığının mayası ənənə və novatorluqdan qaynaqlanır. Yəni Türk dilinin qrammatik səs ritminə, duyğularına özünün və zamanının ruhunu əlavə etmək deyilir buna. Böyük alman türkoloq alimi Mariya Fon Gabenin belə bir fikri var: “Türk dili təbiətin səslərindən yaranmış bir dildir. Ona görə də bu dil daım inkişaf etməklə yanaşı, insan zəkasının uyumlu bir biçimdə ruhun qidasına və mayasına çevrilir. İstənilən ən adi söz belə, Türk dilinin poetik tərkib hissəsidir. O şeirə və nəğməyə çevirəndə, muncuq kimi sapa düzüləndə daha böyük və coşqun ruhun şahidinə çevrilik”. Bu gerçəkdən də belədir. Mariya Fon Gabenin də qeyd etdiyi kimi, Türk dilinin heca üzərində köklənməsi, hər sözün ilk hecasının söz və məna bildirməsi bəşəriyyət üçün böyük bir tapıntıdır. O sözlərin ruhundan və mayasından qidalanaraq şeir yazmaq isə, kimsəyə nəsib olmur. Çox maraqlı olan anlam budur ki, Borçalı və Qazax bölgələrimizdə bütün insanlar bu möhtəşəm ruhu əcdad kultu olaraq başarı ilə dəyərləndirirlər. Tapdıq Yolçunun yaradıcılığının sirri də bundadır. Əcdad ruhunun kultu olan ədəbi mirasa nəinki sahib çıxmaq, həm də onun gəlişməsi üçün bütün taleyini ona bağlmaq böyük məsuliyyətdir. Tapdıq Bəy məhz bunları bütün ədəbi yaradıcılığında nail ola bilmişdir.
Bu gün Qafqazın əmin-amanlıq içində birgəyaşam düzəni sadəcə siyasətçilərin deyil, həm də kültür-sənət adamlarımızın da boynunun borcudur. Tapdıq Yolçu bu amalla gedən ədəbi simalarımızdan biridir. Türkiyə-Gürcüstan-Azərbaycan üçlüyünün Qafqazın ortam bir düzəndə biçimlənməsini şeirlərinə, könül duyğularına, ruhunun bir parçasına çevirməsi bütün bunların təsdiqidir. Zatən əcddadlarımız da bu yolla gediblər. İndi bunu çağımızın ortaq dəyərinə çevirmək, şerimizin bir parçası olaraq ifadə etmək missiyasını Tapdıq Bəy çox böyük məharətlə ortaya qoyur. Yetər ki, Tapdıq Yolçunun şeirlərini bir insanın və şairin daxili pıçıltıları kimi, deyil, zamanın ruhu olaraq dəyərləndirməyi bacarasan. Bunun üçün də şeirlərini bir-bir oxuyaraq zamana onun gözü ilə baxmağı bacarasan. Kİmsədən həyat boyu təltif görməyən, heç bunun umurunda olmayan bir şairdir Tapdıq Yolçu. Nə yazdısa ruhunun və duyularının hökmünə, onların iradəsinə görə etdi. Nə onun özü, nə də şeirlərinin oxucuları bundan rahatsız olmadılar. Təmənnalı şeir anlamı üçün qələminə xəyanət etmədi. Ötən yüzlilin 80-ci illərindən ədəbi prosesə gələn Tapdıq Bəy daxilən özgür olduğu üçün, onun şeirlərinin ruhu da azaddır. Ünlü yazıçımız İsa Muğanna demişkən “ustanovka” adlı ədəbi prosesin dışında qaldı. Əslində böyük ədəbi proses də məhz özgür düşüncənin sayəsində yaranır və inkişaf edir. Axı “laboratoriya ədəbiyyatı” içdən özgür olanlara yaddır. Tapdıq Yolçu bu yadlığın qurbanına çevrilmədi və buna görə də xoşbəxt şair taleyi ona nəsib olub. Bizim gözəl Gürcüstanda və Borçalımızda Tapdıq Yolçu kimi ünlü yazarlarımız çoxdurlar. Onların adlarını və əsərlərini sıralasaq, bir neçə cildlik kitablar yaranar. Demək olar ki, hamısının ədəbi yaradıcılığı məhz Türk-Gürcü kültür mirasının ayrılmaz bir parçasıdır.

Ənvər BÖRÜSOY       
 

Burada...

Türkiyə dəftərindən daha bir şeir

Mərmərə sahilində
düşüncələr.

Dəniz hardan tanısın,
Nə sahil, nə adayam.
Mən burda balıqların,
Qayıqların yadıyam.

Əlimin sığalını,
Dalğalar gəzən deyil.
Başım üstə martılar,
Oxuyan, süzən deyil.

Burda mənsiz yol alar,
Dəniz yolu, su yolu.
Burda xan olammaram,
Gəlim, quru qul olum...

İstanbul

Bu günlər və hər zaman Böyük Türkiyəmizin yanında olmağımız gərəkir. Bundan qürür hissi duymalı olmağımız da eynən!

İki qitə arasına
Dolan, dolu İstanbul.
Türkün böyük ürəyitək,
Vuran, ulu İstanbul.

Adsan – kitab, varaqda,
Dadsan – dildə, dodaqda.
Millətimin tarixdə,
Zəfər qolu, İstanbul.

Tanrıdandı qismətin,
Tükənməz şan-şöhrətin.
Ölməz babam Məhmətin
Qılınc əli, İstanbul.

Tapdıq sənə - can, - deyər,
Bir aləm qurban, - deyər,
Düşmənlərə - yan! – deyər,
Qalib qalı, İstanbul.

Millətimin tarixdə,
Zəfər qolu İstanbul.

 

Bələndən o yanda da...
 

Dedin – bir yaz gələcəm,
Bu gələn o yazdımı?!
Bizi ayıran Fələk,
Səni mənə yazdımı?!

Oyandımı bəxtimiz,
Qəflət qış yuxusundan?!
Bizə də pay düşdümü,
Gül-çiçək qoxusundan?!

Bələndən o yanda da,
Birləşirmi bu yollar?!
Yoxsa günü əyləyib,
Ömrü dincə qoyurlar?!

Bayramındı...
 

Ana, bu gün bayramındı,
Gəldim... əhvalın necədi?
Başdaşında üzün gülmür,
Qəbirdə halın necədi?

Bu gün bizdə yağmurluqdu,
Bulud çöküb gün üzünə.
Deyir, sizdə hey bahardır,
Gün düşürmü gül üzünə?

Səndən xəbər gətirən yox,
Orda ölüb-qalıbsanmı?
Atam da gəldi yanına,
Salamını alıbsanmı?

Cavabsızdı suallarım,
Sıxılıram yay kimi mən.
Ana, bu gün bayramındı,
Təbrik edim, eh, kimi mən?!

Yaşım...

Yaşım yaş nə – bilməyir,
Yaşım yaş yox, dərd sayır.
Sevinməyir hər yaşa,
Saydığını pərt sayır.

Açan yox bu tıxacı,
Ömrüm qəm, ağrı, acı.
Günlərimin sayğacı,
Bir sayı dörd-dörd sayır.

Ömür – dostdu, gün – yağı,
(Ay – göz yumur, Gün – baxır!)
Başdan düşən yarpağı,
Namərdmi, ya mərd sayır?!

 

Şaxta vurur...
 

Bu ağ çənə bürünən,
Deyilən o dağdımı?
Başımıza yağan qar,
Yaşımıza yağdımı?

Günəş batdı, qaldımı,
Üfüqlər arxasında?!
Zil-zülmət asıldımı,
Göylərin yaxasından?

Dirəndimi dalana,
Ömrün sürət qatarı?
Bildiriş gecmi yandı,
Göstərmədi xatanı?

Haçan aşdıq bələni,
Dönəlgə dönən yeri?
Şaxta vurur, dön tutur,
Indi göz görən yeri...

Burdan köçən durnalara
 

Orda “qərib” deyilirmi,
Burdan köçən durnalara?
Rahat bir yer verilirmi,
Burdan köçən durnalara?

Çəkilirmi eldə başa,
Tutulurmu yoxsa daşa,
Qurulurmu toy-tamaşa,
Burdan köçən durnalara?!

Bu da ömür-yarışdımı,
Yaz-güz, güz-yaz qarışdırır,
Ayrılıqlar tanışdımı,
Burdan köçən durnalara?!

Sənsiz yaşamaq...
 

Ayrılan yollarımız,
Daha birləşən deyil.
Yaz ömrün mən – payızla,
Gəlib görüşən deyil.

O məsum baxışından,
Gün düşməz qar başıma.
Güllü, yaşıl çəmənin,
Çıxmaz bir də qarşıma.

Getdin, düşdün uzağa,
Getdi “əvvəl, sonralar...”
Səni qaytaran deyil,
Yazda dönən durnalar.

Faydası yox ah-ufun,
Çarə yoxdu çarəmə.
...Daha sənsiz yaşamaq,
Cərimədir, cərimə...

 

Vətən dərdi

Vətəni tam AZAD görməyincə, bizim nəsil sanki ölmək belə istəmir...

Yaş ötür – qocalmırıq,
Qocalmaq bacarmırıq,
Qocalıb – ucalmırıq,
Ah! Bu dərdin əlindən.

Borcluyuq – cavan qalaq,
At minən, qovan qalaq,
Ac gəzək, yavan qalaq,
Ah! Bu dərdin əlindən.

Vətən üçün cəm olduq,
Durduq – xətircəm olduq.
Nuh olduq, əyyam olduq,
Ah! Bu dərdin əlindən.

Göy bizi yola salmaz,
Torpaq qoynuna almaz,
Ölüb-qurtarmaq olmaz,
Ah! Bu dərdin əlindən...

 

Mənim başımın qarı
 

Yeyin gəldi, yetirdi,
Bu qışı tez gətirdi,
Qar deyil, ağ çətirdi,
Mənim başımın qarı.

Gün çəkilir qaşımdan,
Il tökülür yaşımdan,
Dağdı – durur qarşımda,
Mənim başımın qarı.

Yer yerisə, yeriməz,
Dərələrdə kiriməz,
Gün döysə də əriməz,
Mənim başımın qarı.

Düşübdü bu sinnimə,
Dərd-yük olub çiynimə.
Yağıb qara günümə,
Mənim başımın qarı...

Xudaferin.eu

 

23:04